85
11:43
21 May 2015

Fazil Mustafa: “Prezident doğru və cəsarətli qərar verib”

Elman Nəsirov: “Avropa Parlamentində anti-Azərbaycan ovqatının hökm sürməsi qəbul edilə bilməz”

“Əslində Avropa Parlamenti “erməni soyqırımı”nı tanınması ilə iç üzünü açdı və göstərdi ki, bu adamlar nə Azərbaycanın, nə də Türkiyənin maraqları barədə düşünürlər. Yalnız ittiham etməyi düşünürlər və Ermənistanı da işğalçı dövlət kimi tanımaq fikrində deyillər. Belə bir vəziyyətdə Avropa İttifaqının Azərbaycana hər hansı fayda verəcəyini düşünmək yanlışlıq olardı. Ona görə də düşünürəm ki, bu, çox doğru qərardır”.

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyevin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının Riqa sammitində iştirakdan imtina etməsini APA -ya şərh edən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, prezident İlham Əliyev doğru və cəsarətli qərar verib və Azərbaycanın maraqları nəyi tələb edirsə, bu istiqamətdə addım atılmalıdır.

Politoloq Elman Nəsirov isə qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıq xəttinə sadiqdir: “2007-ci il mayın 23-də qəbul olunmuş Milli Təhlükəsizlik Konsepsiyamızda da aydın şəkildə yazılıb ki, Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən birini avroatlantik məkana inteqrasiya xətti təşkil edir. Bu nöqteyi-nəzərdən Azərbaycanın Avropa İttifaqına münasibətdə atdığı addımlar, xüsusən enerji təhlükəsizliyi sahəsində Avropa ölkələri ilə əməkdaşlığı genişləndirmə xətti seçməsi, bu məsələdə Avropaya dəstək verməsi hər kəsə bəllidir. Amma çox təəssüf ki, bir çox hallarda bizim avropalı tərəfdaşlarımız Azərbaycanın atdığı bu addımları lazımi səviyyədə qiymətləndirmir, bir çox hallarda isə müəyyən tələblərin, xüsusilə ermənipərəst qüvvələrin mənafeyindən çıxış edərək qərəzli şəkildə Azərbaycana qarşı siyasət yeridirlər. Bu siyasət təəssüf ki, son zamanlar, Birinci Avropa Oyunları ərəfəsində daha da artıb, daha əcaib xarakter almağa başlayıb. Xüsusilə də mayın 12-də Avropa Parlamenti çərçivəsində aparılan dinləmələr zamanı Azərbaycan əleyhinə bəyanatların səslənməsi, orada anti-Azərbaycan ovqatının hökm sürməsi heç şübhəsiz ki, Azərbaycan ictimaiyyəti, ziyalıları və gəncləri tərəfindən qəbul edilə bilməz. Bu, heç bir halda ikitərəfli münasibətlərin ümumi ruhuna və perspektivlərinə xidmət edən addımlar deyil. Heç şübhəsiz ki, bunlar nəticə etibarilə Azərbaycanla Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivlərinə də çox ciddi maneə ola biləcək hallardır”.

E. Nəsirovun sözlərinə görə, Azərbaycan dövləti Avropa İttifaqı ilə əməkdaşlıqda hər zaman ölkənin milli maraqlarını önə çəkir: “Tək Avropa İttifaqı ilə deyil, hər bir dövlət və təşkilatla münasibətlərdə Azərbaycanın milli maraqları prioritetdir. Eyni zamanda Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıq xəttindədir, bu prinsipə prioritet önəm verir. Hesab edirəm ki, bu halda Azərbaycan tərəfinin mayın 21-22-də “Şərq tərəfdaşlığı”nın Riqa samitində prezident səviyyəsində iştirakı məsələsinə toxunarkən bu reallıqları nəzərə almaq lazımdır. Avropa İttifaqının Azərbaycana münasibətdə yeritdiyi siyasətə adekvat olaraq Azərbaycan da öz xarici siyasət konturlarını müəyyən edir, Avropa İttifaqı ilə münasibətlərində növbəti konturlarını cızır. Azərbaycan Riqa sammitində iştirak edir, sadəcə, hansı səviyyədə iştirak etmək məsələsi var. Azərbaycan tərəfi də hansı səviyyədə iştirak məsələsində real situasiyaya qiymət verib və anoloji addım atmaqla cavab verib”.

Qeyri-Hökumət Təşkilatları Milli Forumunun prezidenti Rauf Zeyni dövlət başçısının mövqeyini dəstəklədiyini vurğulayıb. O deyib ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın Avropaya inteqrasiya yolunu tutduğunu bəyan edib və bu istiqamətdə ciddi addımlar atmaqdadır: “Ancaq zaman-zaman Avropa İttifaqı tərəfdən Azərbaycan qarşı ədalətsizliklər, haqsızlıqlar baş verir və biz də bunu dəfələrlə bəyan etmişik. Dövlət başçısının atdığı bu addım da kifayət qədər aydın bir mesaj, Azərbaycanın milli maraqlarının müdafiə edilməsinə yönəlik mövqedir. Məsələn, 2009-cu ildə İstanbulda Mədəniyyətlər İttifaqı toplantısı keçirilirdi, Türkiyə-Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan Sürix protokollarına etiraz bildirmək üçün biz də Türkiyəyə getmişdik. Türkiyə qəzetləri yazmışdılar ki, prezident İlham Əliyevin Türkiyədə Mədəniyyətlər İttifaqı Toplantısına qatılmaması nota kimi bir addımdır. Dövlət başçısı milli maraqlarımızı qorumaq məqsədilə bu və ya digər səfərlərə gedir, yaxud hər hansı səfərdən milli maraqlarımız naminə imtina edir. Riqa sammiti də çox vacibdir, amma Azərbaycanın maraqları hər şeydən üstündür. Ona görə də ictimaiyyət nümayəndəsi olaraq hesab edirəm ki, prezident düzgün addım atıb. İctimaiyyət dövlət başçısının milli maraqların qorunmasına yönəlik bu sərt mövqeyini dəstəkləyir”.