71
11:31
12 May 2015

"ASAN xidmət" BMT-nin mükafatına layiq görülüb

“ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

“ASAN xidmət”-dən APA-ya verilən məlumata görə, qaliblərin seçimi 2014-cü ilin oktyabr ayından 2015-ci ilin may ayına qədər davam edib. Bu prosesə dünyanın bütün ölkələrindən dövlət xidmətlərinin göstərilməsi sahəsində yüzlərlə təşəbbüs və layihələr qatılıb. “ASAN xidmət” seçim prosesinin bütün mərhələlərindən uğurla keçib və 20-24 aprel 2015-ci il tarixində BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin illik sessiyasında qalib seçilib. “ASAN xidmət” “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək 1-ci yerə layiq görülüb.

2003-cü ildə təsis edilmiş BMT-nin Dövlət Xidmətləri Mükafatı dövlət xidmətləri sahəsində ən nüfuzlu beynəlxalq mükafatdır. İllik əsasda təqdim edilən mükafat qalib təşkilatlarda mükəmməlliyin, peşəkarlığın, idarəetmənin və vətəndaş məmnunluğunun ən yüksək səviyyədə təmin edilməsinin beynəlxalq tanınmasıdır.

Mükafat ənənəvi olaraq BMT-nin Dövlət Xidmətləri Günü kimi qeyd edilən 23 iyun tarixində xüsusi təşkil olunan təltifetmə mərasimində qaliblərə verilir. Builki mərasim 23-26 iyun tarixində Kolumbiyanın Medelin şəhərində keçiriləcək beynəlxalq forum çərçivəsində baş tutacaq.