72
14:39
06 May 2015

“Heydər zirvəsi”nə 700-ə yaxın ziyarətçi qalxacaq

Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə kütləvi yürüşlər davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumatına görə, ETSN tərəfindən Şahdağ Milli Parkında yaradılmış Təşkilat Komitəsinin müəyyənləşdirdiyi marşruta uyğun olaraq yürüş iştirakçıları bələdçilərin müşayiəti ilə 1 may tarixindən etibarən ayrı-ayrı mütəşəkkil qruplarla “Heydər zirvəsi”nə doğru yürüşə başlayıb.

Yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə və təlimatlandırılmasına Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası təşkilatçılıq edir.


Yürüşlər may ayının 12-dək davam edəcək. Kütləvi yürüşün iştirakçıları ETSN-nin müvafiq əmri ilə Şahdağ Milli Parkının ərazisinə giriş haqqından birdəfəlik azad edilib.

Qeyd edək ki, ötən 5 gün ərzində respublikanın müxtəlif bölgələrindən, nazirlik, müəssisə, idarə və təşkilatlardan 200-ə yaxın ziyarətçi Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə qalxıb və ümumilikdə 700-ə yaxın ziyarətçinin zirvəyə yürüş edəcəyi gözlənilir.