55
17:58
13 Aprel 2015

Mübariz Qurbanlı: "Radikal dini qruplar gəncləri təsir dairəsinə salmağa çalışır"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Binəqədi rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon Təşkilatının birgə təşkilatçılığı ilə "Dini radikalizmə qarşı mübarizədə qadınların rolu" mövzusunda tədbir keçirilib.

Komitədən Lent.az -a verilən məlumata görə, tədbirdə çıxış edən komitə sədri bildirib ki, dini radikalizmə qarşı mübarizə tədbirləri daha da gücləndirilib: “İslam dini dünyada öz mövqeyini, rolunu və nüfuzunu qoruyub saxlayır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib”.

Komitə sədri M.Qurbanlı gənclər arasında dini maarifləndirmə işinin aparılmasının zəruriliyindən, bəzi radikal qrupların gəncləri öz təsir dairəsinə salmağa çalışmasından danışaraq, bunun qarşısının alınması üçün görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb: “Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən effektiv vasitə maarifləndirmə işidir”.

Tədbirdə YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış ediblər.