67
00:26
13 Mart 2015

Qarabağ bölgəsində ilk “ASAN xidmət” mərkəzi açıldı

Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

Lent.az -ın prezidentin saytına istinadən verdiyi xəbərə görə, prezident İlham Əliyevə bildirilib ki, Bərdə regional “ASAN xidmət” mərkəzinin binasının inşasına 2014-cü ilin aprel ayında başlanılıb və bu ilin mart ayında başa çatdırılıb. Dördmərtəbəli binanın tikintisi ən yüksək standartlara uyğun həyata keçirilib.

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev yeni xidmətin işə başlamasını bildirən düyməni basıb.

Hazırda ölkədə 7 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakıda, digər 3-ü isə regional mərkəz olmaqla Sumqayıt, Gəncə və Sabirabaddadır. Bərdə “ASAN xidmət” mərkəzi sayca 8-ci mərkəzdir.

Prezident İlham Əliyev xidmətdə yaradılan şəraitlə tanış olarkən bildirilib ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətindən Bərdə də daxildə olmaqla Ağdam, Ağcabədi, Laçın, Yevlax və Tərtər rayonlarının 800 minə yaxın sakini yararlanacaq. Ümumilikdə fəaliyyətə başladığı tarixdən bu günədək “ASAN xidmət”lərə 4 milyon 120 mindən çox müraciət daxil olub.

Bərdədəki “ASAN xidmət” mərkəzində işçilərin ümumi sayı 170 nəfərdir ki, onların da 60 nəfəri könüllüdür. Burada kitabxana, kafe, ana-uşaq otağı, uşaq əyləncə mərkəzi də yaradılıb.

Dövlət başçısı Qəbələdə və Bakıda iki mərkəzin tikilməkdə olduğunu, yaxın zamanda Masallıda da tikiləcəyini və, beləliklə, bütün ölkə üzrə “ASAN xidmət”in fəaliyyət göstərəcəyini bildirib: “Bərdə şəhərində “ASAN xidmət”in fəaliyyətə başlaması əlbəttə ki, xüsusi məna daşıyır. Qarabağ bölgəsində ilk dəfə olaraq bu gözəl xidmət artıq fəaliyyətə başlayır”.

Dövlət başçısı “ASAN xidmət”ə təxminən 4 milyon insanın müraciət etdiyini və bürokratiyatısız, korrupsiyasız, rahat, mədəni şəkildə gözəl xidmətlər aldığını qeyd edib: “ASAN xidmət doğrudan da ictimai xidmətlər, ümumiyyətlə ictimai əlaqələr sahəsində bir inqilab olub. Bu gün dünyanın aparıcı maliyyə qurumları bizim təcrübəmizi çox yüksək qiymətləndirir və tövsiyə edirlər ki, bu təcrübə başqa ölkələrdə də tətbiq olunsun. Azərbaycan indi intellektual məhsulları həm yaradır, həm də ixrac edir. Bu, doğrudan da çox böyük hadisədir”.

Prezident İlham Əliyev, ümumiyyətlə, Azərbaycanda gedən bütün işlərin müasir səviyyədə görüldüyünü qeyd edib: “Ölkəmiz müasirləşir, inkişaf edir. “ASAN xidmət”in fəaliyyətə başlaması bizim niyyətimizi göstərir. Biz istəyirik ki, insanlar rahat yaşasınlar, ən gözəl xidmətlərə malik olsunlar. Azərbaycan vətəndaşları bu xidmətdə fəaliyyət göstərir və yüksək xidmət göstərir. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə “ASAN xidmət” çox mühüm rol oynayır. Eyni zamanda, bu mərkəzdə yeni texnologiyalar, innovasiyalar tətbiq olunur. Artıq səkkizinci mərkəzdir ki, mən açılışında iştirak edirəm. Hər dəfə mənə yeni bir xidmət təqdim olunur. Sonra isə bu, geniş şəkildə tətbiq edilir. Yəni, innovasiya, yeni fikrin, yeni yanaşmanın yaranması məni çox sevindirir. Çünki Azərbaycan belə inkişaf etməlidir. Bizim gözəl, təbii imkanlarımız, təbii resurslarımız, istedadlı insanlarımız var”.

Dövlət başçısı bu sahənin xüsusi əhəmiyyət daşıdığını qeyd edib: “Çünki adətən yeni texnologiyalar, yeniliklər bizə xaricdən gəlir. Bu da təbiidir. Yəni, inkişaf etmiş ölkələr intellektual məhsulun sahibləridir. Onlar bu intellektual məhsulu yaradır, icad edirlər. Təbii ki, o ölkələrdə ənənələr böyükdür, sənaye inkişaf edib və elmi fikir kifayət qədər yüksək səviyyədədir. Ona görə adətən inkişaf etmiş ölkələr intellektual məhsulu yaradır və ondan sonra onu başqa ölkələrə satır. Bu intellektual məhsul isə Azərbaycanda yaradılıb. Bu, xalqımızın intellektual səviyyəsini, Azərbaycanın inamla inkişafını göstərir”.