33
16:11
21 Yanvar 2015

Azərbaycan alimlərindən YENİ İXTİRA

AMEA Rəyasət Heyətinin iclasındaBotanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin sabiq əməkdaşı, 1998-ci ildən 2002-ci ilə qədər Yaponiya və 2002-ci ildən 2014-cü ilin ortalarına qədər Amerika Birləşmiş Ştatlarında çalışan, hazırda isə Türkiyənin Ağdəniz Universitetinin (Antalya ş.) professoru, AMEA-nın müxbir üzvüTərlan Məmmədovun“Yaşıl bitkilərdə funksional fəal şəkərsiz rekombinant zülalların tibb və sənayedə istifadəsi üçün sintezi” adlı məruzəsi dinlənilib.

Lent.az -ın məlumatına görə, T. Məmmədov öz məruzəsində bildirib ki, DNT əsaslı texnologiyalar vasitəsilə istehsal olunan zülal təbiətli dərmanların, o cümlədən rekombinant anticisimlərin, vaksinlərin, immun modulyatorların və insan enzimlərinin market həcminin növbəti iki ildə 100 milyard dolları ötəcəyi gözlənilir.

Hazırda tibb və sənaye əhəmiyyətli rekombinant zülalların istehsalı bir neçə ekspressiya sistemləri (bakteriya, maya göbələyi, həşərat, məməli heyvanlar və s.) vasitəsilə həyata keçirilir. Son illərdə rekombinant zülalların sintezi üçün bitki ekspressiya sistemlərindən istifadə edilməyə başlanılıb. Onlar başqa ekspressiya sistemləri ilə müqayisədə müəyyən üstünlüklərə malikdir. İlk növbədə bitkilər iqtisadi və təhlükəsizlik baxımından ən perspektivli rekombinant zülal ekspressiya platforması hesab olunurlar. Bitki transient (keçid) ekspressiya sistemi ilk növbədə bir həftədən az müddətdə hər 1 kq biokütləyə yüzlərlə milliqram hədəf zülalın (vaksin, anticisim və terapevtik zülal) toplanmasını təmin edir, digər tərəfdən bitkilərdə sintez olunan rekombinant zülallar məməlilərdə olan patogenlərdən və toksinlərdən azaddırlar. Eyni zamanda, bitkilərdə sintez olunan rekombinant zülallar eukariot tip posttranslyasiya modifikasiyalara (fosforlaşma, karboksilləşmə, qlikozilləşmə və s.) məruz qalır ki, bu da ekspressiya edilmiş zülalların funksional fəallığı üçün çox vacibdir.

Həmçinin, məruzədə vurğulanıb ki, bu problemi aradan qaldırmaq üçün ilk dəfə bitki sistemləri də daxil olmaqla bütün eukariot tip ekspressiya sistemlərdə şəkərsiz zülal sintezini təmin edən molekulyar biotexnologiya işlənib hazırlanıb. Bu strategiya rekombinant zülalların in vivo şəraitdə (hüceyrədə) bakterial peptid-N-Qlikozidaza F (PNGase F) ilə ko-ekspressiya vasitəsilə enzimatik deqlikozilləşməsidir ki, nəticədə zülal molekulları hüceyrədə N-qlikansız formada sintez olunurlar. Bu texnologiya çox mühüm və çətin ekspressiya olunan mürəkkəb zülalların, vaksin antigenlərin və terapevtik zülalların yüksək aktivliklə sintez edilməsinə imkan yaradıb.

Məruzədə yekun olaraq qeyd olunub ki, yaradılmış yeni texnologiya bütün eukariot ekspressiya sistemlərinə tətbiq edilə bilər və rekombinant zülalları bu sistemlərdə şəkərsiz halda (non-N-Glycosylated) sintez etməyə imkan verir.

Yaradılan texnologiyaya aid nəticələr bir necə beynəlxalq konfransda plenar məruzə kimi təqdim olunmuş və yüksək impakt-faktorlu “Plant Biotechnology Journal (2012)”, “Bioengeered (2013)” jurnallarında və “ISB news report”da (2013) dərc olunub. Bu yeni texnologiya ABŞ-ın “IBS news report”, “News RX”, “Report Linker” kimi xəbərlərində molekulyar biotexnologiya sahəsində innovasiyanın ən mühüm bir nümunəsi kimi təqdim edilib. Bu texnologiyanın öz əksini tapdığı məqalə “Plant Biotechnology” jurnalında çap olunub və 2012-2013-cü illərdə molekulyar biologiya və biotexnologiya sahəsində çap olunan on minlərlə məqalədən seçilən top 20 siyahıda birinci yeri tutub. Həmçinin, bu texnologiyaya görə beynəlxalq (WIPO) patent alınıb.

Qeyd edək ki, tədqiqatlar 2009-2014-cü illərdə ABŞ-ın Fraunhofer Molekulyar Biotexnologiya Mərkəzində aparılıb.