776
13:13
02 Yanvar 2015

Neft Akademiyasının rektoru vəfat edib

Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayev vəfat edib. Lent.az -ın məlumatına görə, bu barədə Təzə Pir məscidindən məlumat verilib.

Bu gün saat 12-də mərhumun cənazə namazı Təzə Pir Məscidində qılınıb.

S.F.Qarayev 30 aprel 1942-ci ildə Azərbaycanın Samux rayonunda anadan olub. O, 1959-cu ildə Gəncə şəhərində orta məktəbi bitirmiş və həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olub. 1964-cü ildə «kimyaçı» ixtisası alaraq universiteti bitirmiş, təyinat üzrə Ümumittifaq Elmitədqiqat Olefinlər İnstitutunda mühəndis, sonra isə Azərbaycan Elmlər Akademiyasının Y.Məmmədəliyev adına Neft-kimya Prosesləri İnstitutunun Sumqayıt filialında kiçik elmi işçi işləyib. 1967-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNA) aspiranturasına daxil olub, 1970-ci ildə namizədlik, 1981-ci ildə isə M.Lomonosov adına Moskva Zərif Kimya Texnologiyası İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib.

1970–1982-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda kiçik, sonra böyük elmi işçi, elmi-tədqiqat şöbəsinin kimya bölməsinin rəhbəri, «Üzvi kimya» kafedrasının dosenti və elmi işlər üzrə prorektorun müavini vəzifələrində çalışıb. 1982-ci ildən indiyədək «Üzvi kimya» kafedrasının müdiri, 1988 – 1997-ci illərdə kimya-texnologiya fakültəsinin dekanı, 1997-ci ildən Azərbaycan Dövlət Neft Akademiyasının rektoru işləyib.

S.F.Qarayev Beynəlxalq Elmlər Akademiyasının və Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Nyu-York Elmlər Akademiyasının, Beynəlxalq Mühəndislik Akademiyasının və Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü, Çin Neft Universitetinin fəxri professorudur.


Onun geniş elmi maraq dairəsi doymamış heteroatomlu üzvi birləşmələrin fundamental və tətbiqi kimyası sahəsini əhatə edir. S.F.Qarayev 550-ə yaxın elmi əsərlərin müəllifidir, 70-dən çox Beynəlxalq və regional elmi konfrans və simpoziumlarda məruzə edib.

O, zərif üzvi sintez və kataliz üzrə Bakıda vaxtaşırı keçirilən Beynəlxalq elmi konfransların təşkilatçısı və təşkilat komitələrinin dəyişilməz sədridir.

Akademik S.F.Qarayev SSRİ Neft-Kimya və Neftayırma Sənayesi Əlaçısı, SSRİ-nin Fəxri kimyaçısı, Azərbaycanın Əməkdar elm xadimi adlarına layiq görülüb.

Allah rəhmət eləsin!