22:34
05 Dekabr 2009

Partiyaların simvolları – ARAŞDIRMA

Azərbaycanda fəaliyyət göstərən hər bir siyasi partiyanın və yaxud qeyri-hökumət təşkilatının simvolları, rəmzləri, emblemləri, bayraqları və hətta bəzilərinin himnləri var. Amma bu simvolların mənası bəzən nəinki sadə insanlara, oxuculara və tamaşaçılara, hətta bir sıra hallarda bu təşkilatların üzvlərinə belə aydın deyil. Lent.az siyasi partiyaların simvollarını araşdırmağa çalışıb.

Hazırda Azərbaycanda 54 siyasi partiya dövlət qeydiyyatından keçib. Amma təbii ki, bunların hamısının simvolları barədə məlumat toplamaq mümkün deyil. Çünki bir sıra partiyaların simvolları hələlik müəyyənləşməyib. Digər tərəfdən elə partiyalar var ki, onların koordinatlarını tapmaq belə mümkün deyil. Buna görə də bir qədər üzdə olan partiyaların simvolları ilə oxucuları tanış edəcəyik. Həmin təşkilatların üzvlərinin özlərinin də partiyalarının simvolları ilə tanış olması maraqlı olar.


Yeni Azərbaycan Partiyası

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının simvolunu ölkədə bəlkə də tanımayan az adam olar. Partiyanın simvolu dəfnə ağacının ortasında 8 guşəli ulduzdan ibarətdir. Ulduzun içərisinə isə “YAP” yazılıb. Partiyanın icra katibinin müavini Mübariz Qurbanlı bildirir ki, dəfnə ağacının simvol kimi seçilməsi təsadüfi deyil. Çünki dəfinə zənginlik, rifah, xoşbəxtlik, azadlıq kimi mənaları özündə ehtiva edir. İcra katibinin müavini bildirir ki, partiyanın emblemi partiyanın yaradıcıları tərəfindən hazırlanıb: “Bu partiyanın qurucusu ümummilli lider Heydər Əliyevdir, emblemi də o bəyənib və həmin vaxt qəbul olunub. Yəni bu simvol ümumi müzakirə nəticəsində hazırlanıb. Onun konkret müəllifi isə YAP-dır”.

YAP-ın bayrağı isə ağ rəngdədir. Ağ sülh rəmzidir. Bayrağın üzərində isə qeyd etdiyimiz simvol əks olunub.

Müsavat Partiyası

Müsavat Partiyanın embleminin müəllifləri rəssamlar Elçin Məmmədov və Tərlan Qorçiyevdir. Emblemdəki Müsavat sözünün baş hərfi olan "M" qoşa dağ şəklində təqdim olunur. Arxadakı dağ qara rəngdədir. Qara dağ Türklər üçün əhəmiyyətli simvollardan biridir. Öndəki dağ isə Müsavatın simvolu olan mavi rəngdədir. "M" hərfinin strukturu, qoşa dağın görünüşü tarazlıq ideyasını ifadəli göstərir. Tarazlıq ideyasından isə Müsavatın əsas prinsiplərindən birinə - Milli Təsanüdə çıxışdır. Çünki Təsanüd həm də müxtəlif sosial təbəqələrin mənafelərində tarazlaşdırma nöqtələri tapmaqdır.

Müsavat Partiyasının bayrağı mavi rəngdədir. İlk dəfə 1919-cu ildə Partiyanın II qurultayında bayrağın bu rəngdə olması qəbul edilib. Mavi bayraq bir zamanlar Elxanilər dövründə (XIII əsrdə) Azərbaycan torpaqları üzərində dalğalanıb. Mavi bayraq həm də Elxanilərin zəfər yürüşlərini əks etdirirdi.

Azərbaycan Demokrat Partiyası

ADP-nin embleminin ideya müəllifi Zöhrab Şamxalovdur. Hazırda partiyanın üzvü olmayan Z.Şamxalov bu simvolu partiya təsis edilərkən yaradıb. Simvolda doğan günəş fonunda açıq dənizdə avar çəkən qayıqçıdır. ADP sədrinin müavini Həsrət Rüstəmovun sözlərinə görə, 8 nəfərlik say Azərbaycan xalqının 8 etnosdan ibarət olmasına işarədir. Günəş sübh çağı yenicə çıxmış günəş rəngindədir. Bu isə o deməkdir ki, Azadlıq günəşi Azərbaycana hələ yenicə doğur. Günəşin üzərindəki xətlərdən ibarət sahə isə azadlığın Azərbaycanın payına düşən hissəsidir. H.Rüstəmovun sözlərinə görə avarçəkənlər işlədikcə və gəmi irəli getdikcə onların azadlıq payı arta bilər. Bu da azadlıq və demokratiyanın birgə zəhmət tələb etməsinə işarədir. Eyni zamanda simvolda təsvir olunan gəmi Qobustan qayaüstü rəsmlərində təsvir olunan rəsmlərdən götürülüb. Bu da Azərbaycanın qədim yaşayış məskəni olmasına işarədir.


Qeyd edək ki, ADP-nin emblemi ilə bağlı maraqlı fikirlər də mövcuddur. Partiyanın sədri Sərdar Cəlaloğlunun bir neçə qardaşının olmasını söyləyərək emblemdəki avarçəkənlərin məhz Cəlaloğlu qardaşları olması barədə də fikirlər səslənir. H.Rüstəmov isə deyir ki, bu doğru versiya deyil.


ADP-nin mavi rəngli bayrağının üzərində qeyd olunan emblem öz əksini tapıb.


Vətəndaş Həmrəyliyi Partiyası


VHP-nin əsas atributlarından biri olan gerbinin müəllifi Azərbaycanın tanınmış rəssam-heykəltəraşlarından olan Məzahir Afşardır. Gerbin rəmzləri qədim Türk Dövlətçilik ənənələrindən qaynaqlanır. Ox dövlətin rəmzidir. Üçü bir yerdə möhkəmliyi, sınmazlığı göstərir. Demokratik dövlətdə bu həm də hakimiyyət bölgüsünün göstəricisidir, qanunverici, icra və məhkəmə orqanlarının dövlətin əsas dayağı olduğuna işarədir. Tərsinə çevrilmiş yayla birgə üç ox və onların üstündəki qalxan bir kompozisiya kimi sülhün, milli barışın, həmrəyliyin ifadəsidir.

Gerbin əsas variantında “Vətəndaş Həmrəyliyi Partiyası” sözləri yazılmış dairədə 24 Oğuz boyunun damğaları yerləşdirilib. Həmin variant partiyanın qərargahında saxlanılır.
Gerbin ortasında Azərbaycan dövlətçiliyinin əsas rəmzi sayılan və bu dövlətin mənəvi, ideoloji yolunu müəyyənləşdirən üçrəngli və ay-ulduzlu dövlət bayrağı təsvir olunub. Gerbin tam ortasında Azərbaycanın Odlar Yurdu olaraq əbədi rəmzlərindən biri olan od-ocaq çəkilib.

Partiyanın bayrağı ağ rəngdədir. Ağ rəngin üzərində VHP-nin emblemi təsvir olunub. Ağ rəng həmrəyliyin, birliyin və vətəndaş sülhünün rəmzi kimi verilib.


Azərbaycan Milli İstiqlal Partiyası

AMİP-in embleminin müəllifi partiyanın qurucusu və hazırda AMİP-in lideri Etibar Məmmədovdur. Simvolda göy, qırmızı və yaşıl rəng Azərbaycan bayrağındakı rəngləri özündə əks etdirir. Həmçinin, buradakı aypara və ulduz da Azərbaycan bayrağına istinaddır. Simvolda ox göstərilib ki, bu da AMİP-in daşıdığı mühüm prinsipi özündə əks etdirir. Bunlar vətənçilik (azərbaycançılıq), hürriyyətçilik, milli dövlətçilik, milliyyətçilik, öncüllük-müasirlik və istiqlalçılıqdır.

Partiyanın bayrağı ağ ipək parçanın üzərində qeyd olunan simvolun əksindən ibarətdir.


Klassik Xalq Cəbhəsi Partiyası

KXCP-nin emblemi böyük hərflərlə “KHC” (Klassik Halk Cebhesi) yazılmış kompozisiyadan ibarətdir. Partiyanın Təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu bildirir ki, onlar bu simvolu KXCP dövlət qeydiyyatına alınandan sonra - 2006-cı ildə müəyyənləşdiriblər. Əslində, bu simvol AXC-nin simvoluna uyğunlaşdırıb. X.Teyyublu bildirir ki, “KHC” sözünü “AHC” kimi də oxumaq mümkündür. Partiyanın bayrağı ağ fonda KHC yazılmış simvoldan ibarətdir. Ağ fon isə sülh və təmizliyin rəmzi kimi seçilib.


Azərbaycan Sosial Demokrat Partiyası

ASDP-nin simvolunun müəllifi partiyanın həmsədri Araz Əlizadədir. Simvol aypara, 8 guşəli ulduz və gül tutmuş əldən ibarətdir. A.Əlizadə deyir ki, aypara və 8 guşəli ulduz Azərbaycanın rəmzidir. Əldə tutulan gül isə bütün dünyanın sosialistlərinin - Sosinterinin əsas rəmzidir. Bunun da mənası insana məhəbbət deməkdir.

ASDP-nin bayrağı göy rəngdədir və üzərində qeyd edilən simvol öz əksini tapıb. A.Əlizadə bildirir ki, bəzən Azərbaycanda göy rəngi düzgün təsvir etmirlər: “Bizim bayraq mavi deyil, göy rəngdədir. Çünki Azərbaycanın bayrağı göy qırmızı və yaşıldır. Amma bir sıra hallarda bu göy mavi rənglə əvəz olur. Bu bayrağa hörmətsizlikdir”.


Ədalət Partiyası

Ədalət Partiyasının embleminin bir neçə müəllifi olsa da, ilk ideya müəllifi Fətulla Hüseynov olub. Partiyanın emblemi 8 guşəli ulduz, bu ulduzun içərisində Azərbaycanın xəritəsi və xəritənin üzərində yazılmış “Ədalət” sözündən ibarətdir. Ulduz isə çevrənin içərisindədir. Partiya sədrinin müavini Mütəllim Rəhimli bildirir ki, simvol 2001-ci ildə qəbul edilib. 8 guşəli ulduz Azərbaycan bayrağının üzərindəki ulduzdan götürülüb və M. Rəhimlinin sözlərinə görə, bu guşələrin hər birinin öz mənası var. Guşənin içərisindəki xəritə və “Ədalət” sözü isə Azərbaycanın bütün ərazisində ədalətin olması anlamını verir. Guşənin kənarındakı çevirə isə yer kürəsi olaraq nəzərdə tutulub. Emblemdəki xəritə yaşıl, ulduz qırmızı, çevirə isə göy rəngdədir. Ulduzun guşələrinin kənarları isə sarı rəngdə təsvir olunub və bu günəş anlamındadır. M. Rəhimli bildirir ki, günəş təsvir etmək Azərbaycanı inkişafa çağırmaqdır.

Partiyanın bayrağı isə mavi rəngdədir. Bayrağın ortasında qeyd olunan simvol öz əksini tapır.



Azərbaycan Xalq Cəbhəsi Partiyası

AXCP-nin emblemi Azərbaycan Xalq Cəbhəsinin emblemidir. Belə ki, emblem “AHC” (Azərbaycan Halk Cəbhəsi) yazılmış sözdən ibarətdir. C hərfinin içərisində isə Azərbaycanın üç rəngli bayrağı yerləşdirilib. Partiyanın hazırkı rəhbərliyində təmsil olunan şəxslər emblemin yaranma tarixi ilə bağlı hər hansı konkret məlumat verməyiblər. AXCP sədrinin müavini Fuad Qəhrəmanlının sözlərinə görə, bu emblem meydan hərəkatı zamanı yaradılıb. Partiyanın bayrağı ağ rəngdədir. Bu isə sülh və təmizliyə işarədir.


Azərbaycan Liberal Partiyası

Azərbaycan Liberal Partiyasının emblemi ağ fonda açıq göy rəngində stilləşdirilmiş ALP hərflərindən ibarətdir.

Partiya bayrağı albalı rəngli fonunda şaha qalxan ağ atın ön hissəsinin şəkilindən ibarətdir.

Ana Vətən Partiyası

AVP-nin emblemi Azərbaycan Respublikasının xəritəsi üzərində qanadlarını açmış qartal təsviridir. AVP-nin bayrağı üzərində partiyanın simvolu həkk olunmuş ağ ipək parçadandır. AVP-nin simvolunun və bayrağının Əsasnaməsi qurultay tərəfindən təsdiq olunur.


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası

BAXCP-nin emblemi “AXC” yazılmış sözdən və “C” hərfinin içərisində yerləşdirilmiş Azərbaycan bayrağından ibarətdir. Partiya sədrinin müavini Elçin Mirzəbəylinin sözlərinə görə, xalq hərəkatı zamanında Azərbaycan Xalq Cəbhəsinin emblemi Türkiyədə çap olunduğu üçün onu “AHC” kimi çap ediblər: “Biz isə bu yanlışlığı aradan qaldırıb Azərbaycan Xalq Cəbhəsi kimi qəbul etdik”. Partiyanın bayrağı isə ağ atlasdır. Bayrağın üzərində qeyd olunan simvol əks edilib. Ağ rəngin mənası isə sülhsevərlik və saflıqdır.


Azərbaycan Kommunist Partiyası

AKP-nin emblemi keçmiş Kommunist Partiyasının emblemindən fərqlənmir. Bu partiyanın emblemində oraq və çəkic öz əksini tapıb. Oraq kəndlilərin, çəkic isə fəhlələrin rəmzidir. Partiyanın bayrağı qırmızı rəngdədir. Bayrağın da üzərində oraq-çəkic əks olunub.


Vətəndaş və İnkişaf Partiyası

Vətəndaş və İnkişaf Partiyası isə hələ də özünə simvol müəyyənləşdirə bilməyib. Partiya sədrinin müavini Büllur Hümbətov bildirir ki, VİP təsis olunandan bununla bağlı müzakirələr aparılır. Amma hələlik yekun qərar yoxdur.

Elnur Məmmədli