2117
16:01
30 Oktyabr 2014

“İndi də Mahmudu atıblar okeana, ona kömək lazımdır” - MÜSAHİBƏ

“İndi də deyirlər Fuad Musayev gedəndən sonra hər şey batdı”.

Bu sözləri Bakı şəhərinin keçmiş I katibi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyalarının (AFFA) ilk prezidenti Fuad Musayev Lent.az -a verdiyi müsahibə zamanı dedi. O vaxt məmə yeyəndən pəpə yeyənə, hamı Fuad Musayevin əleyhinə “İstefa!” şüarı səsləndirirdi. Ki, o, AFFA prezidenti postundan getsin. Bəzilərinə görə, Azərbaycan futbolunun yeganə problemi də məhz Fuad Musayev idi. Və getdi. Artıq 11 ildir ki, AFFA prezidenti deyil. Bəs problem həllini tapdımı? Qazanan kim oldu, itirən kim? Fuad Musayevlə yığmadan, Berti Foqtsdan, AFFA-dan, bir sözlə Azərbaycan futbolundan danışdıq. Söhbətə başlayar-başlamaz isə tez əlini stolun üstündə qalaqlanmış şəkillərə apardı:

- Bu şəkillərdəki uşaqlara diqqətlə bax. Gör kimləri tanıyırsan?! Bax, bu Kamran Ağayevdi. Tanıdın Əfranı? Maksim Medvedyev, Qara Qarayev, bu futbolçuların hamısı “Şəfa”dan çıxıb. Rauf Əliyevin özü olsun. Düzdü, “Şəfa”da oynamırdı, amma o da bizim vaxtımızda yetişib. Qoy, AFFA son 11 ildə yetişdirdiyi futbolçulardan heç olmasa birinin adını çəksin? “Qarabağ”ın heyətində bizim uşaqlardı. Biz, keçmiş AFFA rəhbərliyi 1995-ci ildən 2003-cü ilə qədər üç dəfə yığmanın heyətini dəyişdik. 2003-cü ildən bu tərəfə yığmanın heyəti neçə dəfə dəyişib? Almaniyadan, nə bilim ordan-burdan futbolçu gətirib, familiyasını dəyişib yığmada oynatmaqla nə dəyişdi? Əfran kimi futbolçunu yığmaya çağırmırlar. Niyə? Onunla məşğul olmaq lazımdır. O vaxt eşitdim ki, Aftandil Hacıyevin vəziyyəti pisdi. Hər ay yüz dolar pul yollayırdım ona. 18 nəfər futbolçu ilə təlim-məşq toplanışına gedəndə İcraiyyə Komitəsində şəxsən özüm deyirdim ki, 19-cu futbolçu Aftandil olacaq. Aftandilin perspektivini görürdüm. Səbuhi və Rəşad Sadiqov qardaşlarını da “Şəfa”da saxlamışdım. Atası deyirdi ki, buraxın getsinlər “Neftçi”yə. Deyirdim ki, olmaz. “Şəfa”da maaş verilmirdi axı. Ataları da buna görə “Neftçi”də oynamaqlarını istəyirdi. Amma “Şəfa”da onları yaxşı geyindirirdim, yedizdirirdim. Elvin Məmmədovu Tovuzdan “Şəfa”ya gətirmişdik. Əfran kimi, Elvin kimi futbolçular batıb gedir. Niyə batırlar? Bütün bunların heç kimin vecinə deyil. Mən hər futbolçu ilə söhbət edirdim. Zaur Tağızadəni, Elçin Rəhmanovu, bir də Ruslan Musayevi Türkiyəyə, “Dardanelspor”a aparmışdım. Ata kimi baxırdım onlara. Bir aydan sonra ağladılar ki, istəmirik. Türklər özlərindən başqa heç kimi tərifləməyi sevmirlər. Türkiyəli məşqçilər bu üç futbolçunu tərifləyirdi. Deyirdilər ki, Türkiyədə bu uşaqlar kimi futbolçu yoxdur. Niyə “Şəfa”nı dağıtdılar? Milli komandanın hələ də bazası yoxdur. Baza yaratmaq lazımdır. Mən hələ, 1983-cü ildə Mingəçevirdə “Neftçi” üçün baza tikməyə başlamışdım.

- Siz AFFA prezidenti olan zaman yığmaya əcnəbi məşqçi rəhbərlik etmədi. Bunu özünüz istəmirdiniz, ya başqa səbəb var idi?

- Mənim pulum olsaydı, MDB ölkələrinin birindən məşqçi gətirərdim. Biz o vaxt çox yaxşı komanda yaratmışdıq. Amma bu komanda üçün də yaxşı əcnəbi məşqçi lazım idi. İndi baxıram, Roberto Karlosun adı hallanır. Kimə lazımdır bunlar? Foqts kimi əcnəbi məşqçilər burda işləyə bilməyəcək. Çünki onlar bizim mentaliteti yaxşı tanımır. Mən məhz buna görə MDB-dən məşqçi gətirmək istəyirdim.

Sonra əlinin altındakı kitabçanı vərəqləməyə başladı:

- Futbolumuzda yaranmış xaosdan çıxış yollarını yazmışam burda. Oğlum da deyir ki, “papa”, axı bu kimə lazımdır? Amma mən yazıram. Dözə bilmirəm bu vəziyyətə.

- Siz bu vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

- Bütün konsepsiyanı dəyişmək lazımdır. 18-21 yaşında uşaqlardan ibarət iki komanda yaratmaq lazımdır. Onların da başında Vaqif Sadıqov, Şahin Diniyev, Nazim Süleymanov kimi mütəxəssislər dayanmalıdır. Baxın da almanlara. 1998-ci ildə, dünya çempionatında fiaskoya uğradılar. Bundan sonra məşqçiləri, uşaqları seçdilər. İndi də bəhrəsini görürlər. Biz “Şəfa”nı yaratmışdıq. Mən tez-tez Estoniyaya gedib gəlirdim. Estonlar bizdən nümunə götürdülər. İndi onları bir balaca böyüyən uşaqları İsveçə, Norveçə, İslandiyaya göndərirlər. Baxıram Estoniya yığmasının oyununa, əla oynayırlar. “Gəncə” pis vəziyyətdədi, yenə xaricdən futbolçu gətirir. Mən təklif edirəm ki, gələn ildən 3 komandanı – “Gəncə”, “Turan” və “Şəmkir”i premyer liqaya qaytarsınlar. Onlardan pul almasınlar. Onların qarşısında bir şərt qoyardım ki, bu komandaların heyətində ancaq yerli uşaqlar oynayacaq. Ömür boyu Gəncə, Tovuz Azərbaycana, “Neftçi”yə futbolçu verib. İndi nə oldu? “Şəmkir” bir Badri, bir də Kulikovla qan eləyirdi. Qalanları hamısı öz uşaqları idi. Oradakı stadionlar batır. Daha sonra, iki-üç mövsüm premyer liqadan heç bir komandanın aşağı diviziona düşməsinə icazə verməzdim. O vaxt SSRİ çempionatında da belə idi. Üç il heç bir klubu çempionatdan aşağı göndərmirdilər. Şərait yaratsınlar, klublarda 18 yaşlı futbolçular oynasın. Eybi yox, qoy oynasınlar. Dörd ilə, beş ilə qırx nəfər futbolçu ordusu olacaq əllərinin altında. Şəxsən mən buna inanıram. Sadaladıqlarımı etmək lazımdır. Zaur Tağızadəni, Fərrux İsmayılovu məhv elədilər. Rəşad Sadıqova “vəhhabi” adı qoşdular.

- Əsas da “Qarabağ”ın oyunçuları haqda bu cür iddialar dolaşır.

- Uşaqlar mənim vaxtımda ibadətə başladılar. Rəşad Sadıqov, Tərlan Əhmədov, Emin İmaməliyev. Mən buna ancaq sevinirdim. Nə içki içirdilər, nə siqaret çəkirdilər, nə də arvadbazlığa gedirdilər. Bircə oruc tutmağı qadağan etmişdim. Xaricdə hara gedirdiksə, namaz qılmaq, məscidə getmək üçün onlara şərait yaradırdım. Nizam-intizam yüksək səviyyədə idi. Başa düşmürəm, namaz qılmağın nəyi pisdir ki? Ancaq saqqala qadağa qoyardım. Maradona olsan, hə, onda buyurub saxlaya bilərsən. Mən hətta musiqiyə belə fikir verirdim. Sovet vaxtı bir dəfə səhər tezdən “Neftçi”nin bazasına getmişdim. Gördüm muğamata qulaq asırlar. A bala, səhər-səhər nə muğamat?! Futbolçu yuxudan duranda canlı, oynaq musiqi dinləməlidir.

- Berti Foqts istefa verəndən sonra, yığmanı FİFA-nın reytinq siyahısında 147-ci pillədən 73-cü yerə qədər gətirdiyini söylədi. Ümumiyyətlə, Berti Foqtsun yığmaya heç bir xeyri dəymədi?

- Berti Foqtsun yığmadan getməyində jurnalistlərin rolu çox böyük oldu. Birinci gündən Foqtsu danlamağa başladılar. Hara baxır federasiya? Belə olan halda gərək federasiya sinəsini versin qabağa. Federasiya yığsın jurnalistləri ki, niyə bizim işimizə qarışırsınız? Bunu deyən oldu? Təbii ki, olmadı. Bəli, Foqtsun çox səhvləri var idi. Həm də klublarla Foqtsun arasında böyük divar yaranmışdı. Çünki federasiya klublarla işləmirdi. Klublar nə istəyir onu edir. Amma mənim vaxtımda klublar birbaşa yığmaya işləyirdi. Foqts təlim-məşq toplanışı keçirməklə düzgün edirdi. Hə, o ki, qaldı Foqtsun yığmanı 147-ci yerdən 70-ci yerə yüksəltməsinə, mən buna inanmıram. Mən reytinqin nə olduğunu çox yaxşı bilirəm. Necə oldu, birdən-birə 50 pillə qabağa gedib, sonra qəfil aşağı düşdülər. Mən bilirdim ki, Foqts bunu bizə inkişaf kimi təqdim edəcək. O gün İsgəndər Cavadovun müsahibəsini oxudum. Foqtsu tənqid etmişdi. Sonra sual verirlər ki, bəs Foqtsun qalmağına niyə əl qaldırırdın? Deyir ki, hamı qaldırırdı, ona görə mən də əl qaldırdım. Nə deyəsən...

- Foqtsun belə qəfil istefa verəcəyini gözləyirdiniz?

- Mən dəqiq bilirəm ki, AFFA-dakılar Foqtsa aşağı hesabla uduzmağı tapşırmışdılar. Xorvatlara 6:0 məğlubiyyət bunların planlarını pozdu. Hücumçuları topla təmin edəcək normal bir yarımmüdafiəçi yox idi. Hətta Rauf Əliyev də arxaya qaçırdı. Foqts səkkiz nəfər müdafiəçi meydana buraxırdı. Göstərərdilər də Portuqaliya ilə Bakıda 1:1 oynadığımız oyunu Foqtsa. Niyə İtaliyaya Bakıda 0:2 uduzduğumuz oyunu göstərmədilər Foqtsa? İsveçə onların meydanında 3:0 uduzduq, amma ikinci hissədə 4 dəfə “ştanqa”ya vurduq. O vaxt İsveçin heyətində Larsson, Kennet Anderson oynayırdı. İndi İtaliya da, İsveç də çox düşüb. Biz belə oynayırdıq.

İndi yığmanı Mahmuda tapşırıblar. Mahmud yaxşı oğlandır. Onu da atıblar okeanın içinə. Mahmuda kömək etmək lazımdır. İndi o futbolçular Mahmudun sözünü eşidəcək? Bax, əsas məsələ budur.

- Yəqin ki, xəbərsiniz var. İndi hamı bir ağızdan deyir ki, baş məşqçi Qurban Qurbanov olsun...

- Qurban Qurbanov gələcəkdə baş məşqçi ola bilər. Bu vəziyyətdə Qurban yığmanın baş məşqçisi olsa, batacaq. Niyə bu uşağı məhv etmək istəyirsiniz? Uşaqları yetişdirmək üçün ən yaxşı məşqçi Vaqif Sadıqovdur. O, Foqtsdan da çox bilir. Amma onun da ayrı minusları var. Biz gərək çempionatla məşğul olaq. Çempionatla məşğul olmasaq, heç nə alınmayacaq. Legioner limiti azaldılmalıdır. Sizə bir söz də deyim. Azərbaycan futbolunda elə adamlar var ki, onlar Azərbaycan futbolunun inkişafını heç vaxt istəməyib. Sovet vaxtı da olub onlar, indi də.

Qurbanla bağlı maraqlı bir epizod danışım. Bizi o vaxt forma ilə “Puma” şirkəti təmin edirdi. “Puma” şirkəti mənə üç dənə dəri kurtka vermişdi. Kurtkanın birini oğluma vermişdim, biri məndə idi, birini də zavodda bir almana bağışlamışdım. Dəqiq yadımda deyil hansı oyun idi. Qurbana dedim ki, bu oyunu udsanız kurtkanı sənə bağışlayacam. Heç-heçə etdilər. Yenə də mən kurtkanı Qurbana verdim (gülür). Qurban çox yaxşı, mədəni oğlandır. Onun xətrini çox istəyirəm.

- Maraqlıdır, AFFA prezidenti olduğunuz vaxtda yığmada oynayan futbolçulardan kimlər indi axtarır sizi?

- Arif Əsədov, Nazim Süleymanov, Aslan Kərimov, Kamal Quliyev həmişə zəng edir. Qabaqlar Tərlan Əhmədov axtarırdı. Axır-vaxtlar itib batıb, yoxdu. Biri var idi, adını çəkməyəcəm. Evimə gəldi, futboldan, taktikadan danışdı, məsləhət aldı. Gedəndə də dedi ki, Fuad müəllim, bəs heç kim bilməsin mənim bura gəldiyimi. Məəttəl qaldım. Dedim, bu nə sözdü? Cavab verdi ki, bilmirsiniz bunları? Daha bilmədim, kimləri deyir. Söz tapa bilmədim ona deməyə. Beləsi də var. Beş-üç manat qazanırlar. Elə bilirlər mənə görə itirərlər. Axı mən nə etmişəm? Mən axı bu ölkəyə canımı qoymuşam.

Bizim AFFA-da 12 ilə ümumi qazancımız 10-11 milyon dollar idi. Onun 4 milyon yarımına da “Şəfa” stadionunu tikdik. İllik büdcəmiz təxminən, 300-400 min dollar olurdu. Bizim vaxtımızda belə şərait yox idi, şəraitsizlik idi. Mən alırdım 200 dollar, o biri alırdı 100 dollar. Kasıb vəziyyətdə idik, amma hamı canla-başla işləyirdi. “Şəfa”da bizim anbar var idi. Hamısını oğurladılar, dağıtdılar, satdılar.

Biz həmişə respublika stadionunda oynayırdıq. Oyun qabağı qəsdən respublika stadionunun icarə haqqını qaldırırdılar. Mən də əlacsızlıqdan oyunu “Şəfa”ya salanda deyirdilər ki, Fuad Musayev camaatı futbola baxmağa qoymur. İnsanlar da bu səbəbləri bilmirdi. Portuqaliya ilə oyundan əvvəl qəsdən stadionun enerji blokunu partlatdılar. Belə şeylər bizə çox mane olurdu. Eybi yox, indi hamı kimin kim olduğunu bildi. Əsas budur. Mən isə heç kimdən incimirəm, zəng edən də, etməyən də, axtaran da, axtarmayan da, hamı sağ olsun.