428
13:07
20 Oktyabr 2014

Azərbaycan dünya düzənində

Gələcək dünyanın siyasi cografiyasını proqnozlaşdırmaq fövqəladə çətin məsələdir. Lakin qlobal sistemdə baş verən tektonik toqquşmalar, mini-lokal müharibələr, ideoloji paradiqmaların hakimiyyəti və s. çoxmənalı amillər kateqoriyası XXI əsr planetinin geostrateji sxemini qismən izah edir. Dövlətin və cəmiyyətin, onun vətəndaşlarının mənafelərinin qorunub saxlanılması üçün səriştəli xarici siyasət, diplomatik çeviklik həyata keçirilməlidir. İstər Azərbaycan, istərsə də digər ölkələr xarici siyasət sferasında dünyada baş verən reallıqların məntiqinə riayət etməli və öz siyasətlərini yeni dünya nizamına uyğun qurmalıdır. Müasir Azərbaycan dövlətinin milli maraqlarının qorunması, xarici və daxili siyasətin yeridilməsi, eləcə də dünya dövlətlərinin kəsişən və toqquşan maraqlarının düzgün qiymətləndirilməsi məhz milli təhlükəsizlik sisteminin fəaliyyətindən çox asılıdır. Əgər Azərbaycanın dövlət mənafelərinin,onun milli maraqlarının beynəlxalq aləm tərəfindən dəstəklənməsi Azərbaycanın həyatında əhəmiyyətlidirsə, digər tərəfdən Azərbaycanla əməkdaşlıq edən Qərb ölkələrinin və enerji daşıyıcılarının təhlükəsizliyi üçün vacibdir. Əslində Qərbdə qeyri-obyektiv mövqedə olan ölkələri dəstəkləməmək, sülhə və əməkdaşlığa maneə törədənlərə qarşı beynəlxalq hüququn prinsipləri çərçivəsində tədbirlər görmək meyli təəssüflər olsun ki, indi də aşağı səviyyədədir.

Beləliklə, qloballaşmanın dərinləşdiyi bir vaxtda dünya düzənidə baş verən proseslərin hansı məcraya aparacağını gözləmək riskli yanaşmadır. Bu səbəbdən də, gələcəkdə də Respublikamızın gücü və taleyi milli birliyi, ideoloji təhlükəsizliyi, həmçinin, iqtisadi müstəqilliyi, siyasi suverenliyi qoruyub saxlamaq, bütün bunlara paralel olaraq dünyaya inteqrasiyanı davam etdirmək bacarığından asılı olacaqdır. Respublikamız isə Qərblə Şərq arasında həm enerji, həm nəqliyyat, həm də infromasiya texnologiyaları dəhlizlərinin mərkəzi olma mövqeyini qoruyub saxlamaqla, regional təhlükəsizliyin təminatçısı mövqeyini davam etdirəcəkdir.

Nailə Məmmədova

Azerbaijan Realities