2609
16:00
11 Oktyabr 2014

Babadağda səngər, NKVD-nin tələsi, Təngə döyüşü - QAÇAQ HEKAYƏTİ

Lent.az Azərbaycan tarixinin mühüm mərhələlərindən olan qaçaqçılıq hərəkatına dair silsilə yazıların yaymlanmasına başlayır. Bu silsilədə ölkəmizin ayrı-ayrı bölgələrində müxtəlif vaxtlarda fəaliyyət göstərmiş qaçaqların həyatı, döyüş hekayətləri, taleyi və nəslinin davamı ilə bağlı məlumatlar, xatirələr yer alacaq...

DOSYE: Qaçaq Mayıl — XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycanın şimalında ermənilərin və XI Qızıl Ordunun Azərbaycanın müxtəlif rayonlarına, o cümlədən Qubaya hücumlarının qarşısını alan mühüm şəxslərdən olub. Qaçaq Mayılın Azərbaycan Xalq Cümhuriyyətinin fəalları ilə sıx əlaqə və dostluq münasibətləri vardı. O, Məhəmməd Əmin Rəsulzadənin yaxın dostu idi. M.Ə.Rəsulzadə Lahıcda qaldığı vaxtlarda ona yardım edib. O, həmçinin M.Ə.Rəsulzadənin Azərbaycanı tərk etməsində də iştirak edib. Qaçaq Mayıl 1924-cü ildə qətlə yetirilib.

***

...Gecənin bir vaxtı Babadağa xəbər göndərilir.

Göndərilən xəbərin muştuluğu o qədər ağır olur ki, xəbəri aparan adam nəmərə üç yəhərli-yüyənli at aparıb gedir.

XIX əsrin 60-cı illərində Quba qəzasında, Qonaqkənddə Zahir kişinin ailəsində oğlan uşağı dünyaya göz açır (Başqa mənbələrə görə, Qaçaq Mayıl Qonaqkənddə yox, Buduq kəndində doğulub. O zamanlar yerli əhali arasındakı qan düşmənçiliyi körpə Mayılı da ailəsi ilə birgə doğma kəndini tərk edib, başqa yerə köçməyə məcbur edir - müəl).

Uşağın adını Mayıl qoyurlar.

Zahir kişinin sevinci birə-beşə artır. O dövrün qaydalarına görə, oğlan övladı düşmən çomağı, güc, döyüşçü, bir sözlə hakimiyyət demək idi. Ona görə də Mayıl Zahir kişinin başını Babadağ qədər uca etmişdi.

Qonaqkənddə boy atıb, zabitəli, qoçaq adamlardan birinə çevrilən Mayıla tezliklə Quba qəzasına nəzarət edən çar nümayəndəsinin təqdimatı əsasında yüzbaşı rütbəsi verilir və o, xidmətə alınır.

Burda yurd salan Mayıl düşmənlərinin çox olmasını nəzərə alıb qonşu dağlara tərəf, Xaşı kəndində iqamətgah tikdirir və orda yaşayır (Sonralar evi bolşeviklər yandırır. Bir müddət sonra yanmış evi bərpa edib orta məktəbə çevirirlər-müəl).

Müsavat hakimiyyətə gəlir

Mayıl 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Qonaqkənddəki xəzinədarı kimi ad qazanır.

Maraqlı məqamlardan biri də odur ki, Mayılın oğlu İbrahim AXC ordusunun əsgəri kimi Yalama stansiyasında xidmət edib. 1920-ci ildə bolşeviklərin Samur çayını keçdiyi gün özbaşına qalan ordunu tərk edir və atasının yanına qayıdır.

HAŞİYƏ: Mircəfər Bağırov, Qəzənfər Musabəyov və İbrahim Zahirov Quba Ali ibtidai məktəbində eyni qrupda təhsil alıblar. Qəzənfərlə İbrahim dayı-bibi oğlu olublar. Mircəfər isə Qəzənfərin süd qardaşı olub. Mircəfərin anası erkən vəfat etdiyi üçün ona Qəzənfərin anası süd verib. Həyat yolları əvvəldə kəsişən üç məşhur şəxs sonda qatı düşmənə çevrilirlər.

Soyqırım zamanı, Təngə dərəsi döyüşü

1918-ci ildə Şamaxını viran qoyan daşnak generalı Hamazasp Qubaya keçmək, Dağıstana, Xasavyurta qədər arada olan kəndlərin sakinlərini qırmaq üçün hərəkətə başlayır.

Güclü ordusu olan ermənilər Şamaxıdan dağ yolu ilə Təngə dərəsinə çatır. Amma erməni kəşfiyyatı onlara pis xəbər gətirir: Dağ yollarında, keçidlərdə və tikililərdə sayı bilinməyən yerlilərdən ibarət silahlılar yerləşib. Başçıları da Müsavatın qulluqçusu Mayıl Zahirovdur.

Ermənilər 1837-ci ildə Quba üsyanı zamanı baş vermiş döyüşdə “Tenginskiy polk”un məhv edilməsindən xəbərdar idilər (Həmin döyüşdə poruçik rütbəli məşhur rus şairi Lermontov da güllələnmişdi-müəll). Xəbərin şokundan ayılmayan ermənilər növbəti bəd xəbəri Laçından alır. Ermənilərin Qarabağa keçməsinə icazə verəcəyini deyən Sultan bəy dar dərədə erməni ordusunu sonuncu adamına kimi məhv etmişdi.

Bütün bunlara baxmayaraq, qüvvələrin nisbətini ayırd etmək üçün kiçik yoxlama döyüşü olur. Həmin döyüşdə iştirak etmiş “Cəllad” adlı kişi qarşı tərəfin çox böyük itki verdiyini danışırmış.

Bundan sonra, baş verənləri analiz edən Hamazasp Təngə dərəsində Mayıla yem olmamaq üçün geri addım atır.

Şimaldan əsən külək

Azərbaycan milli istiqlal hərəkatının fəallarından biri də Həmdulla Əfəndi Əfəndizadə idi.

O, Quba qəzasından AXC parlamentinə üzv seçilib.

1920-ci ilin aprelində AXC süqut edir. Həmdulla Əfəndi də Bakını tərk edərək Qubaya qayıdır...

Samur körpüsündən ölkəyə keçən qırmızı ordunun qarşısını almaq üçün Yalama stansiyasında naməlum komandirin əmri ilə dəmir yolunun relsləri sökülür və bir həddə daş qalaqları ilə istehkam qurulur.

Qırmızı orduya müqavimət göstərən dəstə Həmdulla Əfəndiyə onlara rəhbərlik etməsi üçün xəbər göndərir. Həmdulla Əfəndi hər şeyin itirildiyini bildiyi üçün ona ünvanlanmış müraciətə cavab vermir.

Bundan sonra, yerli sakinlər və əsgərlər Həmdullanın atası Əfəndi kişinin yanına gəlirlər.

Sakinlərin nüfuzlu şəxs kimi tanıdığı Əfəndi baba yaşlı olmasına rəğmən məsuliyyəti öz üzərinə götürür: “Əfəndi ocağına gələn əliboş qayıda bilməz. Düşmən yaxındadır. Döyüşə hazırlaşın”.

Atasının bu addımından sonra Həmdulla silahlılara başçılıq etməyə razılıq verir. Əfəndi babanın müraciəti ilə Mayıl da onlara qoşulur.

İlk döyüş və qardaş savaşları

Yalama stansiyasında döyüş tez bitir. Məğlub olan anti-inqilabçı dəstənin rəhbəri Mayıl (Həmdulla Əfəndi rəhbərliyi ona həvalə etmişdi-müəl) müqaviməti dayandırmaq barədə müzakirələr aparır. Amma Mayılın AXC ordusunda xidmət edən oğlu İbrahim buna etiraz edir. Qərara etiraz edənlərin çoxluğu səbəbindən ikinci döyüş üçün yer seçilir.

Bu dəfə Dəvəçidə, Sarvan stansiyasında relslər sökülür. Silahlılar mövqe tutur. Günortaya yaxın qırmızı ordunu gətirən qatar nəhayət gəlir. Sökülmüş relslər, qurulmuş barrikadalar və silahlanmış sakinlər...Ordunun hərəkəti dayandırılır.

Qatardan səsgücləndirici vasitəsi ilə müraciət edilir:

- Atmayın, sözümüz var!

Silahlar endirilir, bir qədər sonra qatarın qapısı açılır və əlində səsgücləndirici olan şəxs sözünə davam edir:

- İbrahim, mənəm. Yol verin, sizinlə işimiz yoxdur. Siz də bilirsiniz ki, qarşımızı kəsməyiniz Türkiyəyə ziyandır. Biz Anadoluya gedirik, yol verin. Vuruşsanız sizə ziyan olacaq. Qırmızı orduya qalib gəlmək mümkün deyil.

Hər kəs şoka düşür. Qatardan silahlılara müraciət edən şəxs Həmdulla Əfəndinin dayısı oğlu, İbrahimin məktəb yoldaşı və Mircəfərin süd qardaşı Qəzənfər Musabəyov idi...

Q.Musabəyov müraciətini bitirəndən sonra, qatara qayıdır. Bu ərəfədə hikkəsini boğa bilməyən İbrahim qatara güllə atır. Və bununla da, döyüş başlayır. Pulemyotlardan atəş açan ruslar qısa vaxt ərzində dağınıq halda hücum edən yerli əhalini sıxışdıra bilir. Dəstəyə rəhbərlik edən Mayıl məğlub olduqlarını görərək sağ qalanlarla birlikdə Babadağa çəkilir.

Ölkəyə rəhbərlik Nəriman Nərimanova yerli əhalini əldə saxlamaq üçün Həmdulla Əfəndiyə toxunulmazlıq verir. Əksinqilabçı Mayıl isə Qaçaq Mayıl adı ilə mübarizəsinə davam edir. M.Ə.Rəsulzadənin Lahıcda qaldığı vaxtlar hər gün onunla görüşür, onu zəruri sənəd və məktublarla təmin edir. Onun Dağıstana keçirilməsi planı Mayıla tapşırılsa da, plan baş tutmur.

Mayıl təslim olması barədə təkliflərə rədd cavabı verir. Maraqlıdır ki, 20-ci illərin ortalarına qədər gizli fəaliyyət göstərən Müsavatın özək təşkilatı Mayıldan müqavimət göstərməyə davam etməyi xahiş edir. Mayıl təslim olmadıqca, ətrafına toplaşanların sayı artmağa başlayır.

Hüsü Hacyev gəlir

Quba İcraiyyə komitəsinin rəhbəri Hüsü Hacıyev 4 nəfərlə birbaşa Qonaqkəndə, Mayılın görüşünə yollanır. Neycə meşəsindəki iqamətgahında gecədən xeyli keçənə qədər görüş davam edir. Qaçaq Mayıl qonaqların şərəfinə süfrə açdırır. Süfrə başında hörmətsizlik olar deyə, söhbət açılmır.

Amma sonda Hüsü Hacıyev rəsmi əmrlə möhürlənmiş məktubu Mayıla uzadır. Qaçaq Mayıl ətraf dağların nəzarətçisi təyin edilir. Qonaqlar yola salınır.

Amma Hacıyevin dəstəsinin Qubaya çatması ilə mühasirəyə düşməsi bir olur. Qaçaq Mayıl ordaca mövqeyini elan edir. Hüsü Hacıyev Bakıya əliboş dönür...

NKVD PLAN QURUR

Hüsü Haciyevin əliboş qayıtması mərkəzi hakimiyyəti narazı salır. İşi bitirmək üçün NKVD-yə tapşırıq verilir. Plana görə, Qaçaq Mayılın dəstəsində fikir ayrılığı yaradılmalı və onun dəstəsi çökdürülməliydi. Qaçaq Mayılın oğullarından biri öldürülür. Az sonra şayiə yayılmağa başlayır ki, guya Mayıl özü oğlunu öldürdüb. Şübhəli xəbərlər digər oğullarına da çatır.

Mayılın ətrafında inamı sarsıdan NKVD onun axırına çıxmaq üçün son həmləyə başlayır.

Qaçaqların arasındakı casus xəbər verir ki, 1924-cü il mayın 24-ü Mayıl Dədəgünəşə -Həzrət babanı ziyarətə gedəcək. Babadağda son ziyarətini edən Qaçaq Mayıl geri qayıdarkən, Utuq dərəsində tələyə düşür. Qabaq qayadan beşatılanla hədəfə alınan Mayıla iki güllə dəyir.

NKVD-nin planı baş tutur, Mayılın qətli isə guya ondan narazı qalan oğullarının üstündə qalır. Mayılın meyitini Xaşı kəndinə gətirib, pirin yanında dəfn edirlər.

Amma illər sonra bu qəbir ona dəyən güllələrdən tanınmaz hala düşür. Hər gecə naməlum şəxslər qəbir daşını güllələyib nəyinsə heyfini çıxırlar.

Qaçaq Mayıldan geridə qalanlar...

Qaçaq Mayılın öldürülməsindən sonra sağ qalan üç oğlu Babadağa çəklilir və burda mübarizəni davam etdirir. Elə burdan da, ikinci bir qaçağın adı dillərə düşür. Qaçaq Mayılın böyük oğlu Qaçaq Osman sovet hakimiyyətinə qənim kəsilir.

İşə bu dəfə də NKVD müdaxilə etməli olur. O zaman Qonaqkənddə olan yerli NKVD nümayəndəsi Osmana tələ qurur. Osman hazırlanmış sui-qəsd nəticəsində ayağından yaralanır. Babadağda “Mayılın kahası” adlanan yerdə yaşamağa məhkum olur.

Amma NKVD ondan əl çəkmir. Qışın çovğununda Babadağa, Osmanın arxasınca silahlı dəstə göndərilir. Ancaq dəstə üzvləri soyuqda donur və heç kim geri qayıtmır.

Bundan sonra , NKVD sonuncu varianta əl atır. Ərazinin yaşlı əfəndisinin ailəsi girov götürülür. “Osman təslim olmasa, əfəndinin ailəsi güllələnəcək” şərti irəli sürülür.

Əfəndi dağa yollanır. Yaralı Osmanı müalicə adı ilə evlərinə dəvət edir. Şübhələr dolu həyat yaşayan Osman ona inanmamasa da Əfəndi and içərək onu inandırır və kəndə gətirir. Baba dərəsində əfəndi Osmandan yaralı olmasını bəhanə gətirib tüfəngini alır. Tərki silah edilmiş Osman xəyanət nəticəsində ələ keçir. Osmanı ələ keçirib müalicə etdirən hökumət humanist rol oynamağa davam edir. Ölkənin müxtəlif yerlərində təşkil edilən sirklərin sonunda Osman səhnəyə çıxarılır və Sovet dövlətinin sarsılmazlığı mədh edilir. Qısa vaxtdan sonra, dağda qalan İbrahim və digər qardaşı da həbs edilir.

Məhkəmə hər üç qardaşı Kazana sürgünə yollayır.

Diriykən ölü kimi yaşamaq

1933-cü ilin yayında Bakıdan gələn qatar Xaçmazda yolüstü dayanır. Əlində boz həbsxana çantası olan cavan oğlan qatardan düşür. Qonaqkəndə yol alan poçt arabalarına tərəf addımlayır. İllər sonra, onu tanıyacaq kimsənin olmadığını zənn edən şəxs yanılmışdı. Yanaşdığı ilk arabaçının ona qıyqacı baxışı hər şeyi ifadə edirdi. Qərarında qəti idi.

Bakıya qayıdan qatara minərək Xaçmazı tərk edir...Bakıda sinif yoldaşı Mir Cəfər Bağırovla görüşür və ad, soyadını dəyişən İbrahim Gürcüstan SSR-nin vətəndaşı üzü Qazaxa yola düşür. İllər sonra, Poylu stansiyasında işləyən İbrahim kişini tez-tez görmək mümkün idi.

Qonaqkənddə yaşayan zaman İbrahim evli idi və orda onun iki oğlu dünyaya göz açmışdı. 50-ci illərin əvvəllərində onun Qonaqkənddəki ailəsinə bir məktub göndərilir.

Xəttin İbrahimə məxsus olduğunu görən ailə üzvləri bunu aşkar etmirlər.

Bir gün Qonaqkəndə neft satan bir kişi gəlir. Həmin neft satan kişinin İbrahim olduğunu ailəsi heç vaxt bilməyəcəkdi.

Ən qəribəsi o idi ki, Dağıstandan Əli-Bayramlıya qışlağa gələn qoyun sürülərinin çobanlarından ikisi İbrahimin qardaşları imiş. “Engels” kolxozunun çobanı kimi Qonaqkəndə gələrək ata yurdlarına baş çəkirlərmiş.

Amma bundan xəbər tutan Bağırov qardaşlara son dəfə xəbərdarlıq edir və bir daha onları orda görən olmur. 70-ci illərdə İbrahimin Qonaqkənddə yaşayan oğlu Əbülfəz müəllimə belə bir məktub gəlir: “Atan sağdır, gəl görüş”. Qazaxdan köçən İbrahim kişi orda evləndiyi ailəsi ilə Qobustanda məskunlaşır.

Elə bu zaman yaşlaşan İbrahim uşaqlarını yığıb vəsiyyətini elan edir. Kim olduğunu, Qaçaq Mayıl haqqında, qardaşı Osman haqqında və Qonaqkənddəki ailəsi haqqında hər şeyi danışır. Əbülfəz müəllim onu Qonaqkəndə aparmağa çalışsa da, AXC-nin əsgəri, Sovet qaçağı Qonaqkəndə qoca, gücsüz halda getməkdən imtina edir.

Qazaxda doğulan oğlu isə çox maraqlı bir faktın üstünü açır: “İldə bir dəfə atamın yanına iki çoban gələrdi. Birisi ayağını çəkirdi. Gecələr əyləşib səhərə kimi nə haqdasa danışardılar. Onları bizim evdə yalnız mən görürdüm. Çünki onlara çay aparır və yanlarında durmadan da qayıdırdım”. Güman ki, qardaşlar 50-ci illərə kimi görüşürlər.

Daha maraqlı bir fakt isə Mir Cəfərin həbs edilmədən öncə ona baş çəkməsidir.

Sonuncu dəfə onun yanına gedən Bağırov İbrahimə M.Ə.Rəsulzadə haqqında son bilgilərini verir.

P.S. Qaçaq Mayılın qızı Seyrə Zahirova hazırda Sumqayıt şəhərində yaşayır. 5 övladı, 29 nəvəsi var. 90 yaşlı S.Zahirova 67 ildən artıqdır ki, doğma rayonunu və doğma Qonaqkəndi tərk edib. Hazırda onun Qonaqkənddəki ata mülkündən orta məktəb binası kimi istifadə olunur.

(Yazının hazırlanmasında göstərdiyi köməyə görə, doktor Tofiq Nurəliyə təşəkkürümüzü bildirirk -müəllif)

(Ardı var)