478
11:52
11 Oktyabr 2014

Binəqədidə elmi-praktiki konfrans keçirilib

Binəqədi rayonunda “Heydər Əliyev Milli Təhsil Sisteminin qurucusudur” mövzusunda elmi-praktiki konfrans keçirilib. Rayon İcra Hakimiyyətindən Lent.az -a verilən məlumata görə, İcra Hakimiyyətinin rayonun təhsil işçiləri ilə birgə keçirdiyi konfransda, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru, dosent Oktay Səmədov, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elçin Babayev, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyinin əməkdaşı Sərraf Hüseynov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, “Xəzər” Universitetinin təsisçisi və rektoru, professor Hamlet İsaxanlı, Milli Məclisin Elm və təhsil daimi komissiyasının üzvü, millət vəkili, “Odlar Yurdu” Universitetinin rektoru, professor Əhməd Vəliyev, Neft-Kimya prosesləri institutunun direktoru, akademik Vaqif Abbasov, “Xəzər” Universitetinin magistratura və doktorantura şöbəsinin müdiri fəlsəfə doktoru Eldar Şahgəldiyev, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor, Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov, Binəqədi RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun tədris müəssisələrinin rəhbərləri, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlara Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yekun vurub. İcra başçısı ümummilli lider Heydər Əliyevin “Mən müəllimdən yüksək ad tanımıram” kəlamını xatırladaraq bu adın cəmiyyətdə daim uca tutulduğunu diqqətə çatdırıb. Heydər Əliyevin elmə, təhsilə göstərdiyi qayğıdan bəhs edən X.İsgəndərov, bu dahi şəxsiyyət tərəfindən əsası qoyulan təhsil siyasətinin möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla icra edildiyini vurğulayıb. Natiq son bir ildə Prezident İlham Əliyevin iki dəfə Binəqədi rayonunda yeni tikilən məktəb binalarının açılışında iştirak etməsini təhsilə göstərilən dövlət qayğısının əyani sübutu kimi səciyyələndirilib.

İcra başçısı həmçinin, çıxışında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yorulmaz fəaliyyətini qeyd edərək onu təhsilimizin himayədarı olduğunu vurğulayıb.

Tədbir respublikamızın tanınmış incəsənət ustalarının ifasında səslənən bir-birindən gözəl nəğmələrin sədaları altında nahar ziyafəti ilə sona çatıb.