3235
14:25
13 Sentyabr 2014

Lerikdəki “Cin mağarası”: Dağın içindən yol, sönən kibrit, mənşəyi bilinməyən sümüklər

Lerik rayonu ərazisində, Zuvand çayının sol sahilində Zuvand mağarası yerləşir. Zuvand mağarasının üstündə də Büzeyir mağarası. Büzeyir mağarası cənub zonasında tapılmış ən qədim insan düşərgələrindən biridir. Arxeoloji qazıntılar zamanı oradan qədim insanlara məxsus eramızdan milyon il əvvələ aid əmək alətləri tapılıb. Dəlikdaş zirvəsinin 1640 metr yüksəkliyində əlavə 7 mağara da yerləşir.

Onlardan biri “Cin” mağarasıdır. Ora girmək üçün əyilib keçmək lazımdır. Amma içəri çox böyükdür. Yerli sakinlərin sözləri ilə desək, bir şadlıq sarayı boyda. Hündürlüyü isə 2 metrə yaxın olar. Mağaranın girişi olsa da, çıxışı yoxdur. Bu səbəbdən içəridə oksigen azlığı var. İçəri kibrit yandırmaq belə mümkün deyil, dərhal sönəcək. Elmin inkişaf etmədiyi dövrlərdə fərqli inanclara inanan insanlar mağarada cinin olduğuna inanıb. Guya kibriti cin üfürür.

Mağaranın yerləşdiyi dağın maraqlı quruluşu var. Bu da dağın bir tərəfindən digərinə keçmək üçün dağın içindən keçən təbii yoldu. Buna görə də həmin dağ Dəlikdağ adlanır.

Qeyd edək ki, 1985-ci ildə Büzeyir mağarasında başlayan arxeoloji qazıntılar zamanı oradan daş alətlər və ovlanmış heyvan sümükləri tapılıb. 1990-cı ilin yayından bəri arxeoloji ekspedisiyanın rəhbəri olan Əsədulla Cəfərovun rəhbərliyi ilə Büzeyir mağarasındakı geniş sahədə arxeoloji qazıntı işlərinə başlanılıb. Qazıntılar zamanı mağaradan tunc və eneolit dövrlərinə aid gil qab qırıqları, 3-cü təbəqədən sümük qalıqları və daş məmulatları aşkar olunub. Beş mədəni təbəqənin 4-cü və 5-ci qatlarında ovlanmış heyvan sümükləri və daş məmulatları tapılıb. Mağarada 63 ədəd daş məmulatı tapılıb. Tapılan daş məmulatlarının texniki və tipoloji xüsusiyyətləri göstərir ki, əmək alətləri Mustye mədəniyyəti- Aşelin son mərhələsində hazırlandığını söyləməyə imkan verir.

Lent.az Cin” mağarasından fotoları təqdim edir.