452
17:07
10 Sentyabr 2014

Yeni cinayət növləri informasiya təhlükəsizliyinə təhlükə yaradır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) informasiya texnologiyaları və təhlükəsizliyinin təminatı sistemi üzrə “ISO/İEC 27001:2005” (İSO 27001) beynəlxalq standart sertifikatını alıb. Nazirlikdən Lent.az -a verilən məlumata görə, bununla bağlı bu gün MHM-də sertifikatın təqdimetmə mərasimi keçirilib.

Tədbirdə mərkəzin direktoru Nail Mərdanov bildirib ki, sözügedən sertifikatın alınması istiqamətində həyata keçirilən işlərə 2012-ci ildən başlanılıb.

Daha sonra bildirib ki, 2011-ci ildən fəaliyyət göstərən MHM-in Milli Sertifikat Xidmətləri Mərkəzi dövlət qurumlarına, vətəndaşlara və hüquqi şəxslərə 25 minə qədər sertifikat təqdim edib.

“Hazırda yeni informasiya texnologiyalarının istifadəsi və inkişafı bəzi problemləri də artırır. Müxtəlif cür viruslar, troyan hücumları, hakerlər, sənaye casusluğu, informasiya oğurluğu və sair bu kimi yeni cinayət növləri informasiya təhlükəsizliyinin təminatı üçün yeni təhlükələr yaradır. Zəif mühafizə təhlükəsizlik üçün daim olaraq təhdidlər mənbəyinə çevrilir. Nəticədə qiymətli rəqabət mühitinin itirilməsi, şəxsi məlumatların kənara sızması, müştəri bazasının itirilməsi və birbaşa maliyyə itkiləri ilə qarşılaşmaq riski ilə üz-üzə qala bilərik. İSO 27001 təşkilatların bütün növ fəaliyyətlərində tətbiq edilir. Bu sertifikatı Azərbaycanda alan təşkilat, demək olar ki, yox idi. Buna görə də MHM bu istiqamətdə birincilərdəndir”.

Daha sonra rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edərək bildirib ki, MHM respublikada informasiya təhlükəsizliyi üzrə bu sertifikatı əldə edən ilk dövlət qurumudur.