3157
17:23
14 Avqust 2014

MEDİAMIZDA İLK: Xruşşovun zəngi, qazaxlı əfsanə, sirli gündəlik... – SƏBUHİ MƏMMƏDLİ YAZIR

(Bu yazı Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə hazırlanıb)

(əvvəli http://news.lent.az/news/175171 )

İKİNCİ YAZI

…İtalyan olsalar da, alman dəqiqliyi ilə, düz saat 18-də “Çervo” otelinin qarşısındaydılar. Ər-arvad Ravelliləri deyrəm. Mərkəzi Milan olan Lomabardiya vilayətinin Partizan Hərəkatı Tarixi Assosiasiyasının görəvliləridilər. Xanım Ornella Ravelli qurumun vitse-prezidentidir həm də.

- Siz azərbaycanlı partizanlarla maraqlanırsız. Amma bilirsiniz, bizim kataloqlara onlar azərbaycanlı kimi salınmayıb. Onlar hamısı sovet əsgəri kimi qeydə alınıb. Arxivdə də belədir. Əlbəttə, sizi başa düşürəm. Amma bizi də başa düşməyə çalışın. Əgər siz Lombardiyada vuruşmuş azərbaycanlı partizanın adını və ya ləqəbini desəz, biz araşdıra bilərik. Başqa cür mümkün deyil.

Təbii ki haqlıydı. Əlac ümumi söhbətə, məsələn İtaliyanın bu şimal vilayətində baş vermiş partizan hərəkatından danışmağa qalırdı.

Bu vaxt Ornellanın həyat yoldaşı Rozario dillənir.

- Sizin haqqında məlumatlı olduğunuz partizanlar varmı? Biz onun haqda əlimizdə olan mümkün məlumatları, sənədləri sizlə bölüşə bilərik.

Kim olacaqdı ki? Amma yox, bəlkə “Serafino”? Bu adam haqda bir film də vardı, sovet vaxtı baxmışdım. Elə ağlıma ilk gələn də o oldu – “Serafino” ləqəbli Tahir İsayev.

- Bəlkə “Serafino” haqda eşitmisiniz?

Rozario sanki dik atıldı.

- Oooo, o bir əfsanə.

Ornella aman vermir.

- “Serafino” qəhrəmandı. O, mənim atamın ən yaxın dostu olub. Heç biz onun əsil adıyla da maraqlanmamışıq, biz onu “Serafino” kimi tanıyırıq.

Nihat tez telefonla Googl-da hərlənir. Fotosunu tapır.

- Odur, əlbəttə odur, Heç onu unutmaqmı olar? O, “Fiama Verdi” briqadasında vuruşub. O, bir qəhrəman, cəsur bir partizan idi. Onun hesabında bilirsən nə qədər faşist var? Təsəvvür etməzsən, bəlkə də iki yüz, nə bilim üç yüz. Atamın ən yaxın dostlarından olub. Mənim atam “Fiama Verdi”də bölük komandiri olub. “Serafino” isə kəşfiyyatçı. Atam ondan çox danışıb bizə. O, Milanın fəxri vətəndaşıdır, bilirsinizmi? Hə, elədi. Bax, bu şəhərin azad olunmasında onun da böyük qəhrəmanlığı olub. Mən sabah sizə onun haqda daha geniş məlumat verərəm. Arxivə baxmalıyam. Bəlkə söhbəti elə sabah davam etdirək. Həm əlimizdə çoxlu məlumat olar, həm də mən sizlərə sovet partizanlarının mümkün siyahısını verərəm. Onların arasından azərbaycanlıları tapmaq isə, artıq sizin işinizdir. Çünki mən soyadları ayıra bilməyəcəm.

***

Biz xanım Ornella ilə daha sonra yenidən görüşəcəkdik. Və bu bəstəboy, istiqanlı italyan qadın əlində uzun bir siyahı gətirəcəkdi. Və yüzlərlə adın və soyadın arasında biz…özümüzünküləri tapacaqdıq. Təxminən 40-dan sox partizanın, azərbaycanlı partizanın adıyla rastlaşacaqdıq. Musa Məmmədov, Mirzə Şahverdiyev, Ənvər Abbaszadə, Atamoğlan Ağayev, Məmməd Xəlilov, Məmməd Bağırov…Bütün bunlar hələ iki gün sonra olacaqdı. İndilikdə isə diqqətinizi bir gündəliyə cəlb etmək istərdim.

Daha doğrusu bir partizanın gündəliyinə.

“Mən gizli antifaşist komsomol təşkilatının üzvü idim. Almanlar bundan şübhəyə düşmüş və bizi möhkəm nəzarətdə saxlayırdılar. Bir neçə nəfərimizi, bizi işə aparan zaman qaçanda tutdular və olmazın işgəncələr verib “karserə” saldılar. Həmin günü yaxşı yadımdadır, həmyerlim Zaqatala şəhərinin Tala kəndindən Balaş adlı əsiri almanlar gözümüzün qarşısında sıradan çıxarıb güllələmişdilər. Ya gözüm görə-görə bu məşəqqətləri son anıma kimi dözməli, ya da qaçıb xilas olmalı idim. Və qaçdım”.

Mən bu gündəliyin sahibi barədə bir azdan söhbət açacam. Amma əslən Zaqataladan, Taladan olanların DİQQƏTİNƏ:

Bu gündəlikdəki bu ada diqqət. Bəlkə hansınızınsa qohumudu, bəlkə də əmisi, ya dayısı. İtkin düşmüş bilirsiniz, ya da indiyədək xəbər tutmamısınız. Amma çox təəssüf ki gündəlikdə Balaş haqda ayrı məlumat yoxdur.

Bəs bu gündəlik kimindi?

Bu gündəlik “Aqus” ləqəbli partizanındır. Tahir İsayevə “Serafino” ləqəbi atası İsrafil kişinin adına uyğun verilmişdi. “Aqus” da bu adamın atasının adına uyğun verilmiş ləqəbdi. Hə, yeri gəlmişkən burada bir qədər haşiyəyə çıxacam.

“Serafino”, yəni Tahir İsayev İtaliyada 20-dən çox orden-medala layiq görülüb. Bunların arasında Qaribaldi ulduzu”, “Antonio Qramşi”, “Banderi Kalori” ordenləri var. Amma müharibədən qayıdan Tahiri kəndlərində, Qazağın 1-ci Şıxlı kəndində yaxşı qarşılamırlar. Çünki əsir düşübmüş. Elə partizanlara da Avstriyadakı əsir düşərgələrinin birindən qaçandan sonra qoşulubmuş.

Hə, 23 yaşlı İsayevi Qazaxda az qala xalq düşməni kimi qarşılayırlar. Atası İsrafil kişi isə səhəri gün ümumiyyətlə onu qovur . Kənddən çıxarır. Kənd meydanında camaatın yanandaca hamıya bildirir: “Mənim çörəyim buna haram olsun”.

Elə camaat da az qala zavalı Tahiri daşqalaq etmək istəyir. Tahir isə heç kimə, heç nə sübut edə bilmir. Atasının da üzünə qayıtmır. İtaliyadan, qanı bahasına qazandığı orden-medalları da bir torbaya yığıb kənddən baş götürüb Rustaviyə gedir.

Tahir bu kənddə sonralar qayıdacaqdı. Amma bu dəfə ona daş atmağa hazırlaşanlar, “Serafino”nu gül-çiçəklə qarşılayacaqdı. Sən demə, İtaliya Kommunist Partiyasının sədri Palmiro Tolyatti SSRİ-yə gələndə Xruşşovdan birinci onu soruşacaqdı. Kremldən Azərbaycana gələn zəng isə Tahirin anadan olduğu və valideynlərinin yaşadığı Qazax rayonunu, Şıxlı kəndini ayağa qaldıracaqdı. Rayonun 1-ci katibi şəxsən Rustaviyə gedəcək, yerli maşınqayırma zavodunda fəhlə işləyən Tahiri xahiş-minnətlə Qazaxa gətirəcəkdi. Yalvaracaq, yaxaracaqdılar. Sonra isə Moskvaya yola salacaqdılar.

Bu haşiyəyə nahaq çıxmadıq. Əslində eyni ilə bü cür hadisə başqa bir qəhrəman, Fransa Müqavimət Hərəkatının iştirakçısı Əhmədiyyə Cəbrayılovun da başına gələcəkdi.

Amma yadınızdadırmı, biz bayaq gündəlikdən danışırdıq. O, gündəlikdən ki onun müəllifinin qəhrəmanlığına şahidlik edir. O adamdan ki, onun İtaliyanın Pyaçentsa, Bobio şəhərlərində göstərdiyi qəhrəmanlığa Mixaylonun özü belə həsəd aparardı.

Kim idi axı o?

Kim?

(Araşdırmaya verdiyi dəstəyə görə Avropa Azərbaycan Cəmiyyətinə təşəkkür edirik)

Səbuhi Məmmədli

Milan-Berqamo

(ardı var)