1134
14:45
23 İyul 2014

Afrikada insanlara nur bəxş edən həkimlərimiz – ARAŞDIRMA

“Əməliyyat edilənlər arasında bir qadın vardı, 20 il idi ki, övladını görməmişdi, ancaq səslə tanıyırdı. Əməliyyatdan sonra gözlərinin görmə qabiliyyəti bərpa olundu. Həmin an övladını görən ananın hisslərini ifadə etməkdə çətinlik çəkirəm”.

Bunu bizimlə söhbətdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu Emil Hüseynov söyləyir. Ancaq bu əməliyyat Azərbaycanda olmayıb…

Bir aksiyanın izi ilə…

Azərbaycan səhiyyəsinin inkişaf perspektivləri barədə yazı hazırlamaq istəyimiz təsadüfi deyildi. Azərbaycandan xəstə insanların müalicə üçün xaricə axışması, bir zamanlar səhiyyə sahəsində müqayisə olunacağımızı ağlımıza belə gətirmədiyimiz İrana belə xəstələrimizin axışması barədə məlumatlara tez-tez rast gəlirik. Bu günlərdə baş nazirin müavini Əli Əhmədov da bununla bağlı danışmışdı. Artıq dövlət də bu sahədəki problemlərin aradan qaldırılması, Azərbaycanda tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, ana-uşaq sağlamlığına diqqətin artırılması istiqamətində proqramlar qəbul etməkdə, kadr hazırlığı səviyyəsinin yüksəldilməsi, icbari tibbi sığorta sisteminə keçidlə əlaqədar addımlar atılmaqdadır. Bizim araşdırmamızda isə əsas məqsəd səhiyyəmizə etibar qazandıran və qazandıracaq, Azərbaycan səhiyyəsini dünya miqyasında təmsil edən və edə biləcək həkimlərimizin axtarıb tapılması, tanıdılması idi. Bu araşdırmada bizə təsadüfən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyininin (Azerbaijan International Development Agency- AİDA) fəaliyyəti ilə bağlı müsahibə götürdüyümüz Agentliyin rəisi Əşrəf Şıxəliyev yardımçı oldu. Məlum oldu ki, AİDA-nın fəaliyyətinin əsas istiqamətlərindən biri də bacarıqlı həkimlərimizin iştirakı ilə dünyanın müxtəlif ölkələrində humanitar aksiyalar keçirməkdir. Elə AİDA-nın yardımı ilə Afrika ölkələrində insanlara nur bəxş edən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həmin həkimləri ilə ünsiyyət qura bildik. Yazının əvvəlində haqqında söz açılan əməliyyat da AİDA və İslam İnkişaf Bankı tərəfindən təşkil edilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasının çərçivəsində 2013-cü il may ayında 8 gün ərzində Afrikanın ən kasıb ölkələrindən biri olan Burkina Fasoda keçirilən humanitar aksiya zamanı gerçəkləşdirilib.

Qeyd edək ki, AİDA İslam İnkişaf Bankı ilə strateji əməkdaşlıq çərçivəsində Afrikanın 9 ölkəsində “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası çərçivəsində humanitar aksiyalar təşkil edir. Bu proqram AİDA və İslam İnkişaf Bankı tərəfindən yarı-yarıya maliyyələşdirilir. Əməliyyatların keçirilməsi üçün lazım olan ən müasir avadanlıqlar, ləvazimatlar təmin edilib. Aksiyanın bu ölkələrdə keçirilməsi də təsadüfi deyil. Sub-Saxara Afrikasında ölkələrin əhalisinin təxminən 2 faizi göz-katarakt xəstəliyindən əziyyət çəkir. Həm də adətən, mirvari suyu ilə bağlı göz-katarakt xəstəliyi 50-60 yaşlarından sonra başlasa da, Sub-Saxara Afrikası ölkələrində xəstələrin əksəriyyəti cavandır. Bunun bir neçə səbəbi var. Saxara səhrasında külək əsəndə toz buludlara qədər qalxması, insanlar ağız-burunlarını örtsələr də, toz hissəciklərinin gözə düşməsi, Günəş şüalanması, infeksion xəstəliklərin geniş yayılması, zədə, eyni zamanda bu kasıb ölkələrdə insanların düzgün qidalanmaması, eyni ərzaq məhsullarından mütəmadi olaraq istifadə və digər amillər də bu sıradadır.

Tunisli həkimləri heyrətləndirən məqamlar

Həkim-oftalmoloqu Emil Hüseynov deyir ki, Burkina Fasoya Azərbaycan və Tunis həkimlərindən ibarət briqada gedib. Kasablanka şəhərində görüşən briqada oradan tam heyətdə təyyarə ilə Burkina Fasonun paytaxtı Uqaduquya yollanıb, Uqaduquda hospitalda fəaliyyətə başlayıb. Burkina Faso Səhiyyə Nazirliyi həkim briqadası üçün avtomobillər və mühafizə ayırıb. 8 gün ərzində yerli koordinatorların öncədən topladığı xəstələr üzərində 366 göz-katarakt əməliyyatı keçirilib. Əməliyyatdan və baxışdan sonra xəstələr öz evlərinə qayıdıblar. Afrikada üçüncü ən kasıb ölkə sayılan Burkina-Fasoda aparılan bu əməliyyatlar zamanı sürprizlər də istisna olmayıb. Gün ərzində elektrik enerjisi təchizatında tez-tez fasilələrin olduğu bu ölkədə həkimlərin növbəti əməliyyatı zamanı işıqlar sönür. Emil Hüseynovun apardığı bu əməliyyat həkim-anestezioloqun köməyi ilə Mobil telefonunun işığı ilə tamamlanır. Bu unikal hal zamanı çəkilən fotoşəkillər hazırda AİDA-da saxlanılır.

Burkina Fasoda keçirilən aksiyada Emil Hüseynovla bərabər Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin digər həkim-oftalmoloqu Məhərrəm Pirmətov da iştirak edib. İlk dəfə Azərbaycandan kənarda, xarici ölkədə humanitar aksiyada iştirak etdiklərini nəzərə çatdıran Məhərrəm Pirmətov bunu səbirsizliklə gözlədiklərini vurğulayır.

İlk dəfə Afrika ölkələrində belə əməliyyatlarda iştirak edən həkimlərimizin yüksək peşəkarlığı, yeni üsul və ləvazimatlarla apardıqları əməliyyatlar isə 14-cü dəfə belə əməliyyatlarda iştirak edən tunisli həmkarlarını heyrətləndirib. Mirvari suyunu, kataraktı götürməyin müxtəlif üsulları olduğunu söyləyən Emil Hüseynov qeyd edir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində bütün xəstələr tikişsiz üsullarla əməliyyat edilir: “Biz Afrikada ilk əməliyyatlarımızdan sonra tunisli həkimlər təəccübləndilər, çünki onlar əməliyyatı tikişlə tamamlayırdılar. Tikiş artıq keçmişdə qalan üsuldur. . Azərbaycanla belə əməliyyatlar zamanı tikişdən sovet dövründə, 1990-cı illərin əvvəlində istifadə edilib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov 1995-ci ildən Mərkəzdə yalnız tikişsiz üsullara üstünlük verib. Həm kemsufikasiya, həm də billurun tikişsiz götürülməsi əsas götürülüb. Bu üsulda xüsusi bıçaqlardan istifadə olunur. Əgər həkim kəsiyə tikiş qoyursa, o, hansısa izahat verməli, səbəbini açıqlamalıdır. Tunisli həkimlər məsləhət görürdülər ki, biz də tikiş qoyaq. Ancaq isti, infeksiya ehtimalı olan şəraitdə tikiş qoyulması məsləhət deyil. Həm də tikiş bərpa prosesini uzadır. Keçirdiyimiz əməliyyatdan sonra tunisli həkimlər baxdılar və razı qaldılar. Digər tərəfdən, tunisli həkimlər əməliyyatlar zamanı ön kameralı linzalardan istifadə edirdilər. Ancaq müasir tibdə bu da yaxşı hesab olunmur, çünki daha çox fəsad verir”.

Burkina Fasoda həkimlərimizi təəccübləndirən məqam da olub. Emil Hüseynov və Məhərrəm Pirmətov deyirlər ki, tunisli həkimlər 12 yaşlı qız uşağını keyitmə üsulu ilə əməliyyat ediblər: “Yerli sanitar uşağa mahı oxuya-oxuya bu əməliyyat keçirildi. Biz belə əməliyyatı edə bilməzdik, uşağa yazığımız gələrdi. Ancaq orada 12 yaşlı qız rahat uzandı və tunisli həkimlər bu əməliyyatı keçirdilər. Biz də bunu tunisli həkimlərdən öyrəndik”.

Yol əhvalatı

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqları Mübariz Qəhrəmanov və Samir İbadov isə 2013-cü ilin dekabrında Kamerunda təşkil edilən humanitar aksiyada iştirak ediblər. Kamerunda da həkimlərimizin müasir üsulla apardıqları göz əməliyyatlarını tunisli həmkarları maraqla izləyiblər. Onların sırasında iki professor da olub. Azərbaycan həkimlərinin Kameruna səfərindən öncə isə bir sərgüzəşt yaşanıb. Kamerunun Duala şəhərinə getməli olan həkimlərimiz öncə tibb bacısı Angela xanımla birlikdə təyyarə ilə Bakıdan İstanbula uçublar. Mübariz Qəhrəmanov deyir ki, İstanbulda təyyarənin havaya qalxmasına 45 dəqiqə vaxt qaldığı üçün təyyarədən enib, uçuşa 15 dəqiqə qalmış geri dönüblər: “Uçuşa 15 dəqiqə qalmış geri dönəndə bizi təyyarəyə buraxmadılar. Türk qardaşlarımız bizə izah etməyə çalışdılar ki, uçuşdan 15 dəqiqə əvvəldən qapını bağlayırlar. Biz İstanbuldan keçməklə Kameruna tranzit uçurduq. Dünyanın heç yeri rast gəlinməyib ki, təyyarədə yük olsun, o yük ayrılsın, sərnişini saxlasınlar. Hətta geciksəydik ki, anons verib bizi çağırmalı idilər ki, 5 dəqiqə gecikirsiniz, təyyarədə olmalısınız. Bizi geri qaytardılar. Həmin gün sutka ərzində səhərə qədər bilet işi məşğul olduq. Biz geri qayıda bilərdik, ancaq bunu uduzmaq kimi qiymətləndirirdik. Çünki biz Azərbaycanın adından Kamerunda humanitar aksiyada iştirak etməyə gedirdik. Bir sutka bilet işi ilə məşğul olduq, AİDA-nın rəisi Əşrəf Şıxəliyev bizə kömək etdi, bilet götürdük. Təyyarə ilə Türkiyədən Efiopiyaya, Efiopiyadan Toqaya, Toqadan Kameruna uçduq. 16-17 saat ümumi uçuşumuz oldu. Nəzərdə tutulan vaxtdan bir gün gec çatdıq, çatan andan da əməliyyatlara başladıq. Tunis həkimlərindən 1 gün gec başlasaq da, bir həftə ərzində ümumi həyata keçirilən 400 əməliyyatın 160-ı biz həyata keçirdik. Bir gün isə Samir İbadov tək işlədi, mən Əşrəf Şıxəliyevlə Kamerunun paytaxtı Yaundeyə getdik. Bizi Kamerunun səhiyyə naziri, yüksək səviyyəli dövlət xadimləri qəbul etdilər. Bir neçə klinikalarına baxış keçirdik. Sonra yenidən Dualaya qayıtdıq”.

Bir məqamı da nəzərə almaq lazımdır ki, adları çəkilən Afrika ölkələrinə səfər müəyyən təhlükələri də özündə ehtiva edir. Söhbət tək bu ölkələrdə bir sıra təhlükəli, yoluxucu infeksiyaların geniş yayılmasından, gözlə bağlı əməliyyat edilən xəstələrlə adi təmas zamanı belə rezin əlcəklərdən istifadənin zəruri olmasından getmir. Məsələn, Burkina Fasoda krimonogen durum gərgin olduğu üçün küçələrdə əcnəbilərin sərbəst gəzməsi məsləhət deyil. Elə buna görə də həkimlərimizə səfərdən öncə Xarici İşlər Nazirliyində bu ölkələr barədə geniş məlumat verilib, onlar təlimatlandırılıblar. Ancaq bu məqamlar belə həkimlərimizi bu ölkələrə səfər edərək humanitar aksiyalarda iştirak etmək niyyətindən bir an belə çəkindirməyib, tərəddüd etməyiblər. Hətta əməliyyatlardan sonra həkimlər qrup şəklində şəhərlərdə də gəziblər. Həkimlərimizin peşəkarlığını yüksək qiymətləndirən tunisli həkimlər indi də həkimlərimizlə internet vasitəsi ilə əlaqə saxlayırlar. Həkimlərimiz isə gələcəkdə də böyük həvəslə belə humanitar aksiyalarda iştirak etməyə hazır olduqlarını bəyan edirlər.

Azərbaycanın yeni missiyası və imici

Həkimlərlə söhbət zamanı məlum oldu ki, humanitar aksiyalarda iştirak edən tunisli həkimlər, yerli koordinatorlar istisna ilə, həmin Afrika ölkələrində sadə insanlar Azərbaycan barədə məlumatsız olublar. Bu ölkələrdə Azərbaycanın diplomatik missiyaları da yoxdur. Bu baxımdan bu humanitar aksiyalar bu ölkələrdə Azərbaycanın müsbət imicinin, obrazının formalaşması baxımından ilk və çox müsbət addım sayıla bilər. Emil Hüseynov Burkina Fasoda əməliyyatlardan sonra xəstələrin xüsusi minnətdarlıq və təşəkkürlərini bildirdiklərini vurğulayır: “Bu səfərlər, kampaniyalar Azərbaycanı dünyada tanıtmaq, müsbət imicini yüksəltmək məqsədi daşıyır. Bizim potensialımız böyükdür, başqa ölkələrdə də humanitar aksiyalarda iştirak etməyə hazırıq. Bu, bizim üçün xoşdur. Həm təcrübəmiz artır, həm də Azərbaycanı dünyada təmsil edirik”.

İlk vaxtlar Kamerunda da sadə insanların Azərbaycanın necə ölkə olduğu, harada yerləşdiyi barədə məlumatsız olduqlarını qeyd edən Mübariz Qəhrəmanov əməliyyatlardan sonra kamerunlu xəstələrin, onların yaxınlarının Azərbaycan həkimlərinə xüsusi yanaşdıqlarını söyləyir: “Biz əməliyyatı cəld, tez edirdik. Əgər Tunis həkiminin göz-katarakt əməliyyatı yarım saat çəkirdisə, bizim əməliyyatlar 8-10 dəqiqə çəkirdi. Orada maraqlı bir situasiya yaranmışdı. Görürdük ki, xəstə yaxınları qışqırırlar ki, “əməliyyatı Azəri həkimlər etsin”. Xəstənin qohumları tibb bacısına xəstəni ya mənim, ya da Samirin yanına aparmasını istəyirdilər. İstanbulda bilet problemi səbəbindən tibb bacısı gələ bilmədiyi üçün əməliyyatlar zamanı birimiz assisent, birimiz cərrah kimi çalışırdıq. Üç-dörd gündən sonra artıq hamı xəstələrini bizim əməliyyat etməyimizi istəyirdi. Son günlər yaxın artıq tunisli həkimlərdə bizə qarşı bir qısqanclıq da yaranmışdı”.

Onu da qeyd edək ki, həyata keçirilən bu kampaniyadan İslam İnkişaf Bankı AİDA-ya məktub göndərib. Məktubda Azərbaycan həkimlərinin yüksək peşəkarlığına görə təşəkkür ifadə olunub.

Humanitar kampaniyalar zamanı həkimlərlə birlikdə olan AİDA-nın rəisi Əşrəf Şıxəliyev bizimlə söhbətdə bildirdi ki, İslam İnkişafı Bankı ilə birlikdə maliyyələşdirdikləri “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasının təşkili zamanı Azərbaycan oftalmoloqlarının peşəkarlıq səviyyəsini dünyada tanıtmağı zəruri sayıblar. Onun sözlərinə görə, Burkina Faso və Kamerunda göz-katarakt əməliyyatlarınla iştirak edən oftalmoloqlarımız yüksək peşəkarlıq səviyyəsi göstəriblər: “Bu kampaniyalarla bir maraqlı məqamı da qeyd etmək istərdim. Kamerunda bir gənc gözəl qızın gözü kataraktdan gümüş rəngində idi və həmin göz görmə qabiliyyətini tamamilə itirmişdi. Təbii ki, bu qız təhsil almalı, işləməli, ailə qurmalıdır. Ancaq gümüş rəngində göz bu qızın gələcək həyatı üçün ciddi bir problemə çevrilmişdi. Əməliyyatdan sonra qızın görmə qabiliyyəti tamamilə bərpa olub və hansı gözün əməliyyat olduğu seçilmir. Bu gənc qızın qarşısında artıq yeni həyat açıldı və inanın ki, belə hallar yüzlərlədir”.

Əşrəf Şıxəliyev nəzərə çatdırdı ki, AİDA Azərbaycanın dünyada növbəti humanitar missiyasına da hazırlıq görür: “Biz indi bu ölkələrdə yerli oftalmoloqların yetişdirilməsinə diqqət yönəltməyi düşünürük. Bizim həkimlər gedəndən sonra bu ölkələrdə yerli həkimlər belə əməliyyatları aparmağa qadir olmalıdırlar. Ona görə də bu ölkələrdə Azərbaycan həkimlərinin dəstəyi ilə ixtisasartırma kursları vasitəsilə 4-5 il ərzində kifayət qədər yerli həkim potensialının yaradılmasını istəyirik ki, həmin həkimlər bir neçə il ərzində bu ölkələrdə katarakt problemini aradan qaldıra bilsinlər. Bu gün həkimlərimizin iştirakı ilə həyata keçiriləcək və yerli kadrların hazırlanmasına yönələn proqram 9 Afrika ölkəsinə verilən böyük bir hədiyyə olacaq. Artıq bu dövlətlərdə xaricdən həkimlərin gəlib göz-katarakt əməliyyatları aparmasına ehtiyac qalmayacaq. İnsanın göz nurunun bərpa edilməsi isə tək insana deyil, onun ailəsinə, dostlarına xoşbəxtlik bəxş etməkdir. Çünki əməliyyat edilənlərdən elələri də vardı ki, katarakt hər iki gözünü də kor etmişdi, kiminsə ona qulluq etməsi vacib idi. Yəni faktiki iki adam işsiz olur. İnsanın gözünün nurunun bərpa edilməsi sayəsində isə həm özü, həm də ona baxmaq məcburiyyətində qalan insan çalışa bilir. Azərbaycan adına həkimlərimizlə qürur duyuruq”.