2993
14:53
15 May 2014

Oğurlanan beyin, Bağırovun göz yaşları və Sonası – XATİRƏ

Onlara tanımadığım tanışlar deyirəm. Azərbaycanın böyük kişiləri sayılan insanlara. Onlar gerçəkdən belədirlər, tanıyırıq, amma həm də tanımırıq. Heç ailələri də onları olduğu boyda tanıya bilmirlər sona qədər. Və yəqin ki, bütün nəsillər üçün belə qalacaqlar. Hər nəsil bir az tanıyacaq onları, xatirələrdə, araşdırmalarda. Belə insanlardandır şair, dramaturq, bəstəkar, yazıçı, rejissor və nəhayət əqidəcə müsavatçı olan Cəfər Cabbarlı. Onu bir az da qızı Gülarə Cabbarlıdan tanıyaq.

Gülarə Cəfər qızı Cabbarlı:

-1930-cu ildə anadan olmuşam. 84 yaşın içindəyəm. Hərdən mənə zarafata deyirlər ki,

atan ömrünü sənə verib gedib. Yəqin onun da yerinə yaşayırsan. Allahı bilmək olmaz, bəlkə bir az da belədir. Çünki Allah ona heç ömür vermədi ki. Az yaşasa da, kamil insan olub. Hamı belə deyir. Üzdə də, arxada da. İndi az adam var ki, üzünə də, arxasıyca da, eyni sözü deyirlər. Mənim atam belələrindəndir. Adam kimi adam olub, vəssalam. Anam ondan danışanda eşitsəydiniz, deyərdiniz bu adam nə qədər zəngin olub? Onun dərinliyinə haradan baş vurub, haradan çıxasan bilmərsən. Hələ mən də qocalmışam, yadımda çox şey qalmayıb. Anam deyirdi ki, məni həmişə stolun üstündə otuzdurarmış. Qayğanaq yeməyi xoşlayırmış. Balaca bir qayğanaq tavası ayırıbmış anam ona. Amma anam deyir ki, mənim üzümdən heç zaman ona bişirilən qayğanağı sona qədər yediyi olmayıb, mən əlindən almışam. Kaş almazdım...(bir az kövrəlir, amma yenə də gülümsəyib davam edir) Üzü kölgə kimi yadımda qalıb. Çox balaca idim axı...

Cəfərin başındakı qadın darağı və Azdramada dolaşan söhbətlər...

- Yaşlı qadınlar bilər o zamanlar saçı yığmaq üçün qadın daraqları olurdu. Anamda da var imiş həmin daraqdan. Bir dəfə anamın darağı ilə başını daramışam atamın. Sonra necə olubsa, daraq saçının arxasında ilişib qalıb. Paltosunu geyinib işə gedib atam. O, həmişə ciddi idi. Onunla zarafatdan çəkinirmişlər. Həm də həmişə səliqəli adam olub. Geyimində, üst başında qüsuru olmazmış. İşə çatanda paltosunu çıxarıb asılqandan asıb. Arxadan boynunda ilişib qalan qadın darağını hamı görüb, amma üzünə vurmayıblar. Yaxın dostlarından biri iş otağına gəlib atamın. Yavaşca qayıdıb ki, “ay Cəfər, belə şeylər hamının həyatında ola bilər e. Amma bir az diqqətli o də. Sənə baxırıq səhərdən. Hamı danışır, həm də gülür camaat ki, Cəfər yüz faiz evdən gəlmir. Sonası onu elə buraxmazdı bayıra”. Atam bir şey anlamayıb. Sərv eləmirəmsə, Ülvü Rəcəb əlini uzadıb boynunun arxasından qadın darağını görütüb ki, “bunu deyirəm”. Kimin darağıdır qalıb üstündə? Atam ha and aman eləyib ki, vallah evdən gəlirəm, ayrı arvad yoxdur, inanmayıblar. Uzun müddət Azdramada danışıb gülüblər bu əhvalatı ki, Cəfərin gizli sevgilisi var. Sonra söhbət anama da çatıb. Əvvəl pis olub anam. Sonra darağın rəngini və formasını soruşub. Deyiblər. Gülüb ki, vallah mənimdir. Sadəcə qızım ilişdirib boynuna. Bax belə, xatirələrdə yaşayır atam mənim üçün.

- Ailədə neçə övlad idiniz?

- İki. Qardaşım vardı məndən 6 yaş böyük. 1924-cü ildən idi. Həkim idi.

1999-cu ildə dünyasını dəyişdi.

- Sizin necə ali təhsil almaq imkanınız oldumu?

- BDU-nun filologiya fakültəsini bitirmişəm mən. Bir müddət Moskvada yaşamışıq biz. Sonra Bakıya qayıtdıq. On bir il atamın adını daşıyan Teatr Muzeyində çalışmışam, anamın yanında. Anam orda direktor işləyirdi. Sonra Cəfər Cabbarlının ev muzeyi açıldı. Cəfərin qızı olduğuma görə, məni ora direktor təyin elədilər. 45 il işlədim.

Haşiyə: Yeri gəlmişkən qeyd edək ki, hazırda həmin muzey yararsız vəziyyətdədir. Və fəaliyyəti dayandırılıb. Haçansa təmir olunacağını deyirlər. Amma haçan, bəlli deyil... O üzdən hamı gözləyir. Cəfər Cabbarlının ailə üzvləri də, o muzeyi ziyarət etmək istəyən insanlar da. Ən maraqlısı isə odur ki, Gülarə xanım hazırda o muzeyin arxasına sonradan əlavə edilən evdə yaşayır. Və onu da qeyd etmək lazımdır ki, Cəfər Cabbarlının adına layiq durumda deyil oradakı şərait də. Ancaq bütün söhbət boyu o yaşlı qadın nə bu haqda bir dəfə söz açdı, nə də şikayət elədi. Biz də sonu gözləyək. Görək ağlamayan, amma ehtiyacı olan insanlar nə zaman yada düşəcək...

Atamın ölüm günü...

- Elə bilirdik atam harasa ezamiyyətə gedib. Hər dəfə atamı soruşanda anam deyirdi ki, o həmişəki yerindədir, işləyir, ezamiyyətdədir. Yeri haradır, onu anlamırdıq. Sonra böyüyəndə anladım anamı. Anam ölənə qədər bizim evdə onun, atamın qoyduğu qaydalar hakim idi. Hətta nəyisə düz etməyəndə belə, bizə deyirdi ki, atanın acığı gələr filan işi görmə. Anam qoymamışdı biz onsuzluğu hiss eləyək....

...Atamın cənazəsini o zaman İsmayıllıdan götürdülər. Mənim oradakı kiçik bir ev yadımdadır. Daha doğrusu kiçik bir evin balaca bir otağı. Bizi orda otuzdurmuşdular. Anam yanımızda yox idi. Hər şey almışdılar bizə. Oyuncaqlar, şirniyyat. Yanımızda bir dayə də vardı. Darıxırdıq. Hamı ağlayırdı çünki. Hərdən bizə oynamağı təklif edən dayə də. Biz nə baş verdiyini bilmirdik. Heç nəyə əl də vurmurduq o üzdən, belə öyrətmişdilər çünki. Nə yolla olur olsun bayıra çıxmaq istəyimizi də əngəlləyirdilər. Bilmirdik kimin idi bu ev, kimdir bu dayə....

İllər keçdi, biz böyüdük. Anladıq ki, həmin gün atamın ölüm günü imiş. Atam rəhmətə gedəndə anamın 27 yaşı olub. Anam olduğu üçün demirəm, mərd qadın idi o. Sizə bir söz də deyim. Mən fikir vermişəm, böyük kişilərin qadınları da möhtəşəm olur. Atam həmişə deyirmiş ki, evdə min kişi qala nigaran olaram. Amma bilirəm ki, Sonası var, ölsəm də, arxayınam.

Əvvəl anam bizi tez-tez qoyub harasa gedirdi. Bir gün əlimizdən tutub bizimlə məzarlığa getdi. Və dedi ki, ata burda yatır. Bizdən başqa atam üçün onun kiminsə yanında ağladığını görmədim. Bizimlə, xüsusən də mənimlə gedəndə onun ahı, naləsini yer-göy götürməzdi. Səsi elə indi də qulağımdadır. Bir sözü lap yanğı ilə deyirdi: “Çətindir Cəfər çox, çətindir”. Dözə bilmirdi. Bilirsinizmi, onlar bir birlərini çox istəyirdilər, mən hələ o boyda rəğbətə və sevgiyə rast gəlmədim...

Cəfərin Sonası...

- Atamla anam əmi qızı, əmi oğlu idilər. Nə yazsaymış birinci anama oxuyarmış. Anam da deyirdi ki, bəzən nəsə ürəyincə olmazmış. Və atam bunu anamın üz cizgilərindən bilirmiş. Bilirsən nəyə fikir verirəm qızım, bir-birini bu boyda sevən insanlar sona qədər xoşbəxt ola bilmirlər. Elə bil sevgiləri onları udur paxıllıqdan. Bax, belə idi onların münasibəti. O zamanların Bakısı heç kimə sirr deyil. Mentalitetimizdən gələn adətlərimiz də həmçinin. Atam bəlkə o zamanın az kişilərindən olub ki, hətta böyüklərin yanında belə ona Sona yox, Sonası deyirdi. Çox qəribədir, hətta ağsaqqal sayılan böyüklərimiz də buna etiraz etməzmişlər. Öz valideynlərinin yanında da belə çağırırmış anamı. Gülərmişlər ki, Cəfərə bax ee?!.. Şurabadda bağımız vardı bizim. O, nəsə yazanda, işləyəndə anama deyirmiş ki, uşaqları da götürüb ora getsin. Biz gedirdik, amma dönəndə o yenə anama nəsə oxudurdu, mübahisə və müzakirə edirdilər yazılanları.

Cəfərin böyük beyni...

- Atamın beynini çıxardıqlarını uzun müddət anamdan gizləyiblər. Təbii ki, o bilsəydi ən azı bir üsyanı, etirazı olardı. Bu necə ola bilər ki... Yox, ağla gəlməzdi bu. Atamın cənazəsi müsəlman adətləri ilə yuyulmaq üçün həyətə gətirilib. O zamanlar məscidə filana qoymurdular insanları. O üzdən ölüsü olanın cənazəsi də elə öz məhləsində bir kənarda ayrılan yerdə yuyulurdu. Sonralar anam xatırlayırdı ki, cənazə yuyacağa aparılanda həyətə nə qohum, nə də dost kimi tanımadığı bir neçə adam gəlib mühafizəçilərlə. Sonra onlar yuyacaq tərəfə keçiblər. Bir saata qədər orda qalıblar və çıxıb gediblər. Anam bunu danışanda bərk-bərk tapşırdı ki, danışmayaq, sadəcə yadımızda saxlayaq. Ağır amanlar idi, həm bizə, həm də cavan və gözəl qadın olduğuna görə özü üçün qorxurdu. Atamın bir həkimi də vardı, Səfərbəyov soyadlı. İndi adını unutmuşam. O adamların yanında həmin həkim də vardı, anamın dediyinə görə. Və deyəsən anama da bu barədə o danışıb. Amma bərk-bərk tapşırmışdı ki, kimsəyə bir söz deməsin, hamı ziyan çəkər.

- Niyə eləmişdilər bunu? Bu haqda nəsə demirdi ananız?

- Atam öz dövrünə görə universal adam olub. Həm şair olub, həm yazıçı-dramaturq, həm tarzən, həm bəstəkar. Allah bilir hələ bizim bilmədiyimiz nə qədər işləri, əsərləri, araşdırmaları olub. Həm də siyasi baxışları fərqli idi. Hər yerdə sözünü deyirmiş, çəkinmədən. Müsavat Partiyasına da simpatiyası var idi onun. Düzdü sonralar Azərbaycan ədəbiyyatından adı silinməsin deyə, hətta mühacirətdə olan dostları belə onun adını çəkmirdilər. Amma bu belə idi. Artıq neçə illərdir sirr deyil bu. Atam türkçü, millətçi idi həm də. Bütün bu şeylər də o vaxt Dövlət Təhlükəsizlik Komitəsinin diqqətində olan məsələlər olub. Sonradan anama həkimlər demişdilər ki, Cəfərin beyninin Moskvaya, oradan da Leninqrada aparıblar. Orada hansısa muzeydə Qorkinin, Leninin və atamın beyni saxlanılırmış. Çəkisinə qədər demişdilər anama: 2,5 kq-a qədər imiş. Leninin də, Qorkinin də beynindən böyük imiş yəni. Sonra biz öz imkanlarımız çərçivəsində axtarmağa başladıq. Amma izinə düşə bilmədik. İndi çox istəyərəm ki, onu bir dövlət qurumu axtarsın. Bəlkə də doğru deyil, bəlkə anamı qorxudublar, bizi aldadıblar bilmirəm. Amma hər nə olsa ortaya çıxsın istəyirəm. Necə ola bilər ki, insanı beyinsiz məzara qoyalar. Və beyni hələ də əllərdə gəzər. Anamın yuxularına girirdi bu hadisə tez-tez. Yadımdadır ki, hərdən öz-özünə də danışırdı: “demərəm yox, mən bunu heç kimə demərəm, balalarım var, incidərlər”. Yuxudan atamın adıyla səksəndiyi də olurdu bu barədə eşidəndən sonra. Bir sözlə nigaran getdi o bu dünyadan. İstərdim ki, o beyin harada saxlanılırsa elə, Cəfərin öz məzarında torpağa verilsin”.

Cəfər, Nuru Paşa və türk ordusunu birləşdirən o marş...

- Atam müsavatçı idi, bunu bayaq da dedim. Amma onu dostları qoruyurdular. Onu adını iştirak elədiyi iclaslarda, müzakirələrdə siyahılara salmırmışlar. Bir yaxın dostu vardı Mirzəbala müəllim. Atam artıq dünyasını dəyişəndən sonra onun Nuru Paşa ordusu haqda xatirələrini çap eləmişdilər. Həmin yazıda bildirilirdi ki, Cəfər Cabbarlı türk ordusu və Nuru Paşaya hərbi marş ithaf edib. O mahnını sözlərini dəyişib başqa cür oxuyurlar indi. Bilirsinizmi hansı mahnıdır? (zümzümə eləyin)..

Çəkərən nazını yarım,

nə qədər naz eləsən də...

Qurban ollam nazına,

Nazına avazına

Səni çoxdan sevirəm...

Bax, bu mahnının musiqisi Cəfərindir, atamındır. Marş ladında yazılıb, musiqiçilər daha yaxşı bilər. Əslində sözləri belə olub:

Türk sağ ikən yurduna əl vurulmaz!

Ölsə də zəncir daşımaz,

qul olmaz!

Alaram mizrağı, bir türk kimi,

qalxan çəkərəm mən!...

Tutduğum haqq yoludur,

qan tökərəm, can verərəm mən!

Atılın bombalarım!

Qandır, oddur təməlim!

Böyük Turan vətənim!

Bu sözlərin də müəllifi atam olub.

Cəfərin Rza Təhmasibin əvəzinə öpdüyü qadın...

- Bəlkə atam bu məsələdə də az sayda kişilərdən olub. O quruluş verdiyi bütün tamaşaların premyerasına anamı mütləq aparırdı. Və bundan başqa harada olsa, nahar eləmək üçün mütləq evə gəlirdi. Bir dəfə gəlməyib. Anam zəng vurub teatra, deyiblər ki, burdadır və gün ərzində də bir tikə çörək yeyə bilməyib. “Sevil”in məşqləri gedirmiş. Gəlməməsinin səbəbi isə o olub ki, səhnələşdirdikləri tamaşada hansısa epizod alınmır. Atam da tərslik edib məşqi dayandırmır. Anam ona yemək hazırlayıb teatra gedib. Görüb ki, Rza Təhmasiblə “Sevil”də Edilyanı oynayan aktrisa Qəmər Topolya səhnədədir. Məşq gedir. Sakitcə əyləşib arxa sırada ki, mane olmasın. Anam deyir ki, əsərə görə Rza Təhmasiblə Edilya öpüşməli imiş. Amma Rza Təhmasibin obrazda qadınla öpüşməsi rejissor olaraq atamı qane etmirmiş. Dəfələrlə məşq edirlər. Atam da hər dəfə deyir ki, ay Rza, yaxşı oyna, elə yox. Qadını elə öpməzlər. Anam bizə sonralar danışırdı ki, əliylə ağzını qapayıb o qədər gülübmüş ki, gözlərindən yaş axırmış. Nə isə həmin epizod alınmayıb. Rza Təhmasiblə o aktrisa arasında. Anam deyir ki, bir də onu gördüm Cəfər qaçdı səhnəyə, aktrisanı öpdü, sonra da çöndü Rza Təhmasibə ki, bax belə öpmək lazımdır. Qadın öpürsənsə, bunu mükəmməl elə, elə belə yox. Sonra ona xəbər veriblər ki, anam teatrdadır. Anam yeməyini hazırlayıb otaqlardan birində. Atam otağa girəndə soruşub ki, Sonası çoxdan burdasan? Anam deyib ki, hə Cəfər, çoxdan burdayam. Lap sən Qəməri öpəndə də burdaydım, düz deyirsən qadını mükəmməl öpmək lazımdır, narahat olma, çörəyini ye...

Anam onu sevirdi deyə qısqanmırdı. Deyirdi ki, onu mənim qədər çox istəyən qadın görsən, onda qısqanaram. Həm də bilirdi axı bu, atamın işinin tərkib hissəsidi. Uzun müddət bu hadisə də, dostlar arasında da lətifə olmuşdu. Ən çox da anamın cavabı. Atam sadəcə gülümsəyirmiş...

Mircəfər Bağırovdan order, cənazədəki göz yaşı....

- Atam siyasi baxışlarına görə həbs edilmişdi. Onun həbs orderini Mircəfər Bağırov yazıbmış. Amma onlar bir yerdə oxumuşdular və atam həmişə onun haqqında yaxşı fikirdə imiş. DTK-dan atamın dalınca gələndə ilk dedikləri söz də bu olub ki, sanksiyanı Bağırov özü yazıb. Sizi həbs etməliyik. Anam deyir uzun müddət dayandı, baxdı və dedi ki, bunu könüllü yazmaz Sonası. Heç kim demə, amma bir gün mən öləcəm və o, hamıdan çox ağlayacaq. Sonra anamdan eşitmişdim ki, atamı dəfn edəndə onun cənazəsini çiyninə götürüb öndə gedən iki adamdan biri olub Mircəfər Bağırov, həm də çox, lap çox, hönkürtü ilə ağlayırmış...

Son: Gülarə xanım atasından danışırdı. Elə bil 84 yox, 4 yaşı vardı. Bilirsinizmi hansı cizgilər vardı üzündə? Balaca bir qız uşağının atasının qarşısında nazlanması, ondan nəsə umub istəməsi. Və atasının da bu mənzərə qarşısında aciz qalıb dünyanı onun ayaqlarına gətirməyə belə hazır olması...Həm də qorxu vardı gözlərində. Elə bil qorxulu nağıllar idi həmin illər o uşaq üçün. Amma mən onunla bu barədə danışmadım. Onun xəyal dünyasındakı 4 yaşlı qız itər deyə qorxdum...

Ağlı kəsəndən sonra bir arzusu olub Gülarə xanımın, kaş atası onlara bir nağıl danışa biləydi. “Amma atam çoxdan yox idi həyatda. Və bizə bütün nağılları anam danışdı, atamdan nağıl dinləməksə arzu kimi qaldı həmişə”...

P. S. Sizi bilmirəm amma mənə bir atanın danışa biləcəyi nağıl maraqlı gəldi. O üzdən bu yaşda olsam belə, yayda atamgilə gedəndə mütləq ondan bir nağıl istəyəcəm. Və deyəcəm ki, əlimi buraxıb getmə, mən yatmış olsam belə...