2448
18:09
07 May 2014

4 saylı Bakı “ASAN xidmət” mərkəzi açıldı - YENİLƏNİB

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı olub. Lent.az -ın AzərTAc-a istinadən verdiyi xəbərə görə,
prezident İlham Əliyev mərkəzin açılışında iştirak edib.

Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Mərkəzin fəaliyyəti ilə tanış olan dövlət başçısına 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin paytaxtın Sabunçu, Xəzər, Pirallahı rayonlarında qeydiyyatda olan 407 min 700 vətəndaşa xidmət göstərəcəyi haqda məlumat verib.

Mərkəzdə 10 dövlət orqanı tərəfindən 30 növ xidmət göstərilir. Eyni zamanda, burada 28 növ funksional yardımçı xidmətlər təşkil edilib. Mərkəzdə müasir avadanlıqla təchiz edilmiş İnnovasiyalar otağı var.
Əlil vətəndaşlar da mərkəzin xidmətindən rahat yararlana biləcək. Gözdən əlillərin sərbəst hərəkəti üçün döşəməyə xüsusi örtüklər vurulub.

4 saylı “ASAN xidmət” mərkəzinin həyətində “Uşaq avtoşəhərciyi” yaradılıb. Burada uşaqların yol hərəkəti qaydalarını öyrənmələri və yol nişanlarını tanımaları üçün hər bir şərait var.

Prezident İlham Əliyev mərkəzin kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.