4360
16:03
17 Mart 2014

Fəxri ad alan Aşıq Samirə 82 manat xərcə düşdü - REPORTAJ

Onları hər gün efirdə, qəzet və jurnal səhifələrində, saytlarda görürsünüz. Müxtəlif açıqlamalar verirlər, qalmaqal yaradırlar, bir sözlə gündəmdə qalmağa çalışırlar. Maraqlananlar, pərəstişkarları onların ən adi hobbilərindən tutmuş, qarderoblarında belə nələrin olduğunu deyə bilərlər. Hətta nə vaxt yuxudan durub, nə vaxt yatdıqlarını, nə yeyib, nə içdiklərini belə mediadan gizlətmirlər.

Amma onların da asudə vaxtları, qayğıları olur. Onlar da hamı kimi dükan-bazara gedir, ərzaq alır, yemək bişirir, qonaq çağırır… Deyəsən, çox uzatdıq; qısası, Lent.az -ın “Bazarlıq”ında şou-biznesə saz ilə qatılan və bu yaxınlarda Prezidentin Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” adına layiq görülən Aşiq Samirə Əliyevadır.

Onunla görüşümüz bazarlıq edəcəyimiz super-marketin qarşısında oldu. Çəkilişi bir gün öncəyə planlaşdırsaq da Samirə xanımın işi olduğuna görə, görüşümüz bu günə təsadüf etdi. Marketdə daxil olmadan öncə hal-əhval tutduqdan sonra, işlərinin nə yerdə olmasını soruşuram:

- Sonuncu dəfə sizinlə təxminən iki ay öncə rastlaşmışdıq. Görəcəyiniz işlər barədə məlumat vermişdiniz. O vaxtdan bəri nəsə dəyişib?

- Əvvəlcə sizi və çalışdığınız saytın oxucularını salamlayıram. Xəbər portalları arasında ən çox oxuduğum, məlumat aldığım Lent.az saytıdır. Yaradıcılıq işlərimdə yeniliklər var. Başlamaq istəyirəm Fatimənin etdiyi məşhurlar layihəsindən. Çox bəyəndiyim bir proyektdir. Mən orda öz üzərimə düşən rəqsi məharətlə oynadığımı düşünürəm. İndi klipin hazır olmasını gözləyirik. Hazır olduqdan sonra necə oynadığımızın şahidi olacaqsınız. Bundan əlavə bildiyiniz kimi mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoquyam. Elə indi dərsdən gəlirəm. Bundan əlavə bir neçə yeni mahnılar yazdırmışam. Yaxın müddətdə dinləyicilərin ixtiyarına verəcəm. Hazırda isə televiziya proqramlarında bayram çəkilişlərinə qatılıram.

- Prezidentin sərəncamı ilə 8 Mart Beynəlxalq qadınlar günündə fəxri ad aldınız. Təəssüratlarınız maraqlı olardı...

- Bundan gözəl təəssürat nə ola bilər? Üstəlik, 8 mart günü verilən fəxri adın bir başqa sevinc var. Buna görə dövlət başçımıza minnətdaram. Bu mənim həyatımda ən gözəl “Qadınlar günü” hədiyyəsi oldu. Allahıma şükür edirəm.

- Keçək alış-verişimizə. Hansı bölmədən başlayaq?

- Hə, başlayaq. İlk öncə qənd, şəkər tozu alacam. Sonuncu dəfə təxminən üç-dörd gün olar ki, bazarlıq etmişəm. Amma buna baxmayaraq çəkilişə gəlmədən öncə alacağım məhsulların siyahısını tutmuşam.

- Evdə alış-veriş işinə kim baxır?

- Bu işi hər zaman özüm etmişəm. Çünki alış-veriş etməkdən xüsusi bir zövq alıram. Adam rahatlaşır. Daim çəkilişlərdə olduğuma görə, tez-tez etmək imkanım olmur.

- Meyvə-tərəvəz məhsullarım satılan şöbədəyik.

- Buradan çox məhsul almayacam. Hərəsindən bir kiloqram olmaqla bibər və alma götürüm.

Dediyi kimi də edir. Alma, bibəri götürüb, keçirik ağartı məhsulları satılan şöbəyə.

- Pendir, süd, yağsız yoğurt və qatıq alacam. Bu məhsulları hədsiz sevirəm. Həm də formada qalmağıma xeyirdir. Evdə uşaqlarda, məndə daha çox ağartı məhsullarına üstünlük veririk.

- Söylədiniz ki, yağsız yoğurt alacam. Pəhriz saxlayırsınız?

- Hə. Amma daimi yox. Yenicə övlad dünyaya gətirdiyim vaxtlarda çox kökəlmişdim. Özüm də bilirdim ki, kökəlməyim normal haldır. Köklüyüm məni depressiyaya salmışdı. Kilolu olduğuma görə evdən çölə, hətta televiziya proqramlarına çıxmaq istəmirdim. Efirdən daha da kök görünürdüm. Amma zamanla pəhriz saxlayıb, bu çəkilərdən canım qurtardı. İndi istədiyim çəkidəyəm. Bütün yeməklərdən yeyirəm. Normadan kənara çıxmıram. Ümumiyyətlə su da artıq içəndə insana zərər verir.

Söhbət edə-edə Pendir, süd, yağsız yoğurt və qatıq alıb, keçirik ət almağa.

- Ən çox hansı ət məhsullarına üstünlük verirsiniz? Mal, qoyun, toyuq, yoxsa balıq?

- Daha çox dəniz məhsullarına. Özü də hər bir halda bişirilmiş balıq olsa yeyərəm. Bəh-bəh, indi olsa yeyərdim. (gülür) Bax orda xanı balığı var. Alım, axşam qızardaram. Amma balıqdan əlavə mal, toyuq əti də alacam. Çünki evdə balıqdan sonra mal, toyuq ətinə üstünlük verirəm. Bizdə əksər hallarda toyuq, mal əti Tovuz rayonundan gəlir. Dayım göndərir. Ətdən əlavə kartof, yumurta, qaymaq və bir çox kənd məhsullarını da rayondan gətizdirirəm.

Hərəsindən 2 kiloqram olmaqla mal, balıq əti alır.

- Balıqdan savayı xoşladığınız yemək?

- Azərbaycanın bütün milli yeməklərini sevirəm. Xoşlamadığım yemək yoxdur.

- Bəs yemək bişirməklə aranız necədir?

- Əla. Əlimin bir duzu var ki, gəl görəsən. Özümü tərifləmirəm ha... (gülür) Bunu bütün yaxınlarım deyir.

- Daha çox hansı yeməyi yaxşı hazıırlayırsınız?

- Toyuq çığırtmasını. Evimə qonaq gələndə bu yeməyi bişirirəm. Bilirəm ki, əla alınacaq.

- Hər gün evdə yeməkləri özünüz hazırlayırsız?

- Yox. Mənim vaxtım olmur ki, yemək bişirəm. Nadir hallada yemək bişirə bilərəm. Evdə yeməyimi dayə bişirir. Mən dayələrimə inanıram.

Su məhsulları satılan şöbədəyik.

- Burdan düz keçsək yaxşıdır. Çünki mən qazlı su və ya digər hazırlanmış şirələri içmirəm. Yalnız adi və evdə təbii meyvədən çəkilmiş şirələri içirəm. Uşaqlarda ancaq meyvə şirəsi içir. Uşaqlar demişkən, gedək körpələr şöbəsinə. Övladlarıma “Novruz bayramı” hədiyyəsi alım.

Dediyi kimi də edir. Uşaqlara Novruz sovqatı alır.

- Uşaqlarıma qarşı çox diqqətciləm. Hər zaman onlara sürpriz edib, nəsə yeni bir şey alıram.

- Uşaqlarınız hələ balacadır. Maraqlıdır, Samirə xanım övladına nəyi qadağa edir?

- Mən öncə uşaqlarımın tərbiyəsinə diqqət edirəm. Hələ ki, tam qadağan etdiyim bir şey yoxdur. Amma buna baxmayaraq, imkan vermirəm ki, hansısa bir şeyə aludə olsunlar.

Un məhsulları satılan şöbədəyik.

- Qarşıdan Novruz bayramı gəlir. Özünüz şirniyyat bişirəcəksiniz?

- Yox. Hər il özüm hazırlayırdım. Amma bu il vaxtım yoxdur ki, hazırlayım. İnşallah, gələn il bişirərəm. İndi uşağımın yeməyi üçün yarma alacam.

Bu şöbədən sıyıq alıb, parfümeriya satılan şöbəyə tərəf gedirik

- Bir-iki ədəd yuyucu toz və təmizləyici pastalar alım. Səliqəsiz bir yerdə otura bilmirəm. Oturanda da sanki, ürəyim partlayır. Amma bu işləri görməyə vaxtım olmur. Bunu evdə qulluqçu edir. Vaxtım olanda özüm də edirəm, bu işdən xüsusi zövq alıram.

Yuyucu toz və təmizləyici pastalar alıb, şirniyyat bölməsinə keçirik. Satıcı qız Samirə xanımı burada keçirilən kompaniya barədə məlumat verir.

- Yeni konfetlərimiz gəlib, bəlkə dadına baxasınız?

- Olar. Bir kiloqram çək.

Konfet aldıqdan sonra satıcı ilə şəkil çəkdirmək qərarına gəlirlər. Samirə xanım daha sonra alış-verişi yekunlaşdırmağı qərara alır.

- Mənə elə gəlir ki, hər şey aldım. Alış-verişi yekunlaşdırsaq yaxşıdır. Çünki buradan çıxıb çəkilişə gedəcəm.

Alış-verişi yekunlaşdırıb, kassaya yaxınlaşırıq.


Kassir xanım malları bir-bir hesablayır, müğənni xanım pul kisəsinin ağzını açır...

Beləliklə, sonuncu məhsulun qiyməti də monitorda görünür və ödəniləcək məbləğ bəlli olur: 82 AZN...