981
12:25
27 Fevral 2014

Tiflis “Dinamo”sundan “Bakı”ya BÖYÜKLÜK NÜMUNƏSİ

Futbol üzrə Gürcüstan çempionatında XIX turun “Dinamo” (Tiflis) – “Sioni” matçında maraqlı hadisə baş verib. Lent.az -ın məlumatına görə, 72-ci dəqiqədə “Dinamo”nun ispaniyalı legioneri Xisko Munyos topu rəqib komandaya vermək istəyib.

Bu zaman Xiskonun zərbəsi güclü alınıb və “Sioni”nin qapıçısı topu qaytara bilməyib. Lakin “Dinamo”nun futbolçuları ədaləti dərhal bərpa ediblər. Onlar mərkəzdən başlayan rəqibə hesabı bərabərləşdirmək imkanı yaradıblar. 87-ci dəqiqədə isə “Sioni” daha bir qol vuraraq, qələbə qazanıb – 2:1.

Beləliklə, 89 yaşlı “Dinamo” uduzmasına baxmayaraq, əsl böyüklük göstərib. Tiflis komandasının bu davranışı həm də 2009-2010-cu il mövsümündə Azərbaycan Kubokunu “fair-play” qaydalarına əməl etmədən qazanmış “Bakı”ya bir örnək olub. 4 il öncə mayın 23-də keçirilmiş final matçının əlavə vaxtında - 95-ci dəqiqədə “Bakı”nın futbolçusu Ernad Skuliç topu “Xəzər Lənkəran”a vermək istərkən, zərbəsi güclü alınıb və top Kamran Ağayevin qoruduğu qapıya daxil olub. Amma paytaxt komandası nəinki rəqibə ədaləti təmin etmək imkanı yaradıb, əksinə, 7 dəqiqə sonra daha bir qol vurub. Yalnız əlavə vaxtın sonlarında “Xəzər Lənkəran” təsəlli qolunu vurub. “Bakı” 2:1 hesabı ilə qalib gələrək, kuboka sahib olub. Lənkəran klubu isə rəqibin hərəkətinə etiraz əlaməti kimi mükafatlandırma mərasiminə qatılmayıb.

Qeyd edək ki, “Dinamo” ilə matçda “Sioni”nin heyətində vaxtilə Azərbaycan Premyer Liqasında çıxış etmiş bir neçə futbolçu – Valeri Abramidze, Georgi Popxadze, Aleksandr Qoqoberişvili, Tornike Aptsiauri və Georgi Adamiya da yer alıb.