985
16:55
26 Fevral 2014

Bakıda "Milli Qəhrəmanlar" abidəsinin açılışı olub

Bakıda ilk dəfə olaraq ucaldılan "Milli Qəhrəmanlar" abidəsinin açılışı olub. Binəqədi Rayon İcra Hakimiyyətindən Lent.az -a verilən məlumata görə, görə, Xocalı faciəsinin 22 – ci ildönümü ərəfəsində paytaxtın Biləcəri qəsəbəsində Milli Qəhrəmanlarımızın şərəfinə ucaldılmış abidənin açılışında Binəqədi Rayon İcra Hakimiyyəti, deputat Madər Musayev, fəal gənclər, hərbçilər, məktəblilər və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Açılışda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda sinələrini sipər etmiş qəhrəman həmvətənlərimizin daim dövlətin diqqətində olduğunu bildirib, onların keçdiyi şərəfli həyat yolunun gənc nəsillər üçün örnək olduğunu vurğulayıb. Sonra İ. Süleymanov və M. Musayev Milli Qəhrəmanlar Mirzə Quliyev və Bəxtiyar Allahverdiyevlə birlikdə abidənin açılışını ediblər. Rayon İcra Hakimiyyətinin adından abidənin önünə əklil qoyulmasının ardınca orkestrin müşayiəti ilə dövlət himni səsləndirilib.

Milli Qəhrəman Mirzə Quliyev tədbirdə çıxış edərək Milli Qəhrəmanların xatirəsini daim əziz tutduğuna, həmçinin belə bir parkın açılışı və şəhid Milli Qəhrəmanların büstlərinin ucaldılmasına görə Silahlı Qüvvələrinin Ali baş komandanı, prezident İlham Əliyevə minnətdarlığını bildirib.