15:53
16 Yanvar 2009

Yanvarın 20-si iş günü deyil

Bu barədə «APA-ECONOMICS»ə Nazirlər Kabinetindən məlumat verilib. Hökumətdən bildirilib ki, Azərbaycan qanunvericiliyinə əsasən, Ümumxalq Hüzn Günü elan edilmiş 20 yanvar tarixi qeyri-iş günü sayılır. Nazirlər Kabinetinin qərarına əsasən, yanvarın 20-də bütün dövlət strukturlarında, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində, hərbi hissələrdə, gəmilərdə Dövlət Bayrağı endiriləcək.


Bakı Metropoliteni 20 Yanvarla bağlı xüsusi tədbirlər planı hazırlayıb. Metropolitenin Hərəkət Xidmətinin rəis müavini Etibar İsayevin «APA-ECONOMICS»ə verdiyi məlumata görə, həmin gün bütün metro stansiyaları matəmə uyğun qərənfil və qara lentlərlə bəzədiləcək. Metronun matəmə uyğun bəzədilmiş «20 Yanvar» stansiyasında isə hər il olduğu kimi anım mərasimi keçiriləcək. Bütün stansiyalarda matəm musiqisi səsləndiriləcək və saat 12:00-da metro qatarları hərəkətini 1 dəqiqə dayandıraraq fit verəcək.


Qeyd edək ki, sovet ordusunun hərbi hissələri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya daxil olaraq dinc əhaliyə divan tutub, yüzlərlə insan həlak olub, yaralanıb və ya itkin düşüb. Hadisəyə hüquqi qiymət verən Azərbaycan Milli Məclisi 1994-cü il martın 29-da «1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında» adlı xüsusi qərar qəbul edib.

Dİgər xəbərlər