1043
21:32
03 Dekabr 2013

Bakıda Əlillər Günü qeyd olundu

Beynəlxalq Əlillər Günü münasibəti ilə Bakıda bir sıra tədbirlər keçirilib. Binəqədi Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonda yaşayan sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram süfrəsi açılıb və şənlik təşkil edilib.

Qarabağ, Böyük Vətən müharibəsi, eyni zamanda Çernobıl, Əfqanıstan və ümumi səbəbdən əlillərin iştirak etdiyi tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Vüsar İsmayılov əlilləri bayram münasibəti ilə təbrik edərək bildirib ki, 1982-ci ildən BMT-nin qərarı ilə hər il dekabrın 3-ü dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd edilir. Azərbaycanda isə bu gün rəsmi şəkildə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra qeyd olunur. Ölkədə əlillərə qayğı və onların problemlərinin həllinin daim dövlətin diqqət mərkəzində saxlanıldığı vurğulanıb.

Müavin Azırbaycanın hər yerində olduğu kimi Binəqədi rayonunda da əlillərin diqqət və qayğı ilə əhatə edildiyini dedi. Bu gün Binəqədidə yaşayan 7 min 500 əlil dövlətin yaratdığı imkanlardan yararlanır. Respublika Əlil Təşkilatları Konfederasiyasının sədri Davud Rəhimli, Respublika Əlil Qadınlar Cəmiyyətinin sədri Məxluqə Rəhimova və digər çıxışçılar günü-gündən çiçəklənən respublikamızda əlillərin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən və onlara olan dövlət qayğısından danışdılar. Qeyd edildi ki, hər il dekabrın 3-də BMT-yə üzv olan ölkələrdə, o cümlədən respublikamızda əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmləndirilməsinə yönələn tədbirlər təşkil olunur. Əlillər də onlara yaradılan yüksək şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər, dövlətin qayğısı nəticəsində bu gün əlillərin cəmiyyətin tam hüquqlu vətəndaşı kimi fəaliyyəti üçün hər cür şərait yaradıldığını vurğuladılar. Rayonda yaşayan 200-ə yaxın əlil vətəndaşa maddi yardım da edilib. Eyni zamanda əlamətdar gün münasibətilə rayonda yaşayan əlillər arasında Şahmat və Dama birinciliyi də keçirilib.