1962
22:35
18 Noyabr 2013

Çoxmənzilli binaların yeni üsulla idarə olunmasına başlanılır

Binəqədi Rayon İcra Hakimiyyətində çoxmənzilli binaların mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri tərəfindən çoxmənzilli binaların idarə edilməsi ilə bağlı növbəti görüş keçirilib. Rayon İcra HakimiyyətindənAPA-ya verilən məlumata görə, görüş Binəqədi rayonu 9-cu mikrorayon, H.Babaşov küçəsində yaşayan sakinlərlə olub.

Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Avropa İttifaqının Mənzil məsələləri üzrə eksperti Cerzi Fişer, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdir müavini Elşən Əsədov və digərləri iştirak edib.

Görüşdə iştirakçılar Mənzil Təsərrüfatının idarə olunmasında mövcud vəziyyət, yeni idarəetmə formaları, onların seçilməsi və üstünlükləri barədə görüş iştirakçılarına ətraflı məlumat veriblər. Bildirilib ki, mənzil-kommunal sektorunda keçiriləcək islahatlarla bağlı işlərin sürətləndirilməsi, eləcə də yeni idarəetmə metodlarının tətbiqi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Avropa İttifaqının yardımı ilə “Mənzil-kommunal sahəsində islahatlara dəstək” adlı layihənin icrasına başlanılıb. Layihə çərçivəsində bu sahənin mövcud vəziyyətinin iqtisadi və hüquqi cəhətləri təhlil olunaraq qiymətləndirilməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılmasının dəstəklənməsi həyata keçirilir. Pilot lahiyə olaraq Bakı şəhərində seçilmiş Binəqədi rayonunda 2012-ci ildə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması və həmin cəmiyyətlər vasitəsilə idarəetmənin təşkilinin formalaşdırılması nəzərdə tutulub.

Görüşdə qeyd edilib ki, mənzil təsərrüfatlarının yeni idarəetmə metodlarının keçirilməsində əsas çətinliklərdən biri çoxmənzilli binaların ümumi istifadə yerlərinin əsaslı təmirə ehtiyacı olması ilə əlaqədardır. Məhz buna görə də Binəqədi Rayon İcra Hakimiyyəti əsas diqqəti bu istiqamətə yönəldib. Belə ki, son il yarım ərzində 268 binanın zirzəmisində su və kanalizasiya xətləri əsaslı təmir edilərək dəyişdirilib, 44 çoxmənzilli binada əsaslı təmir işləri başa çatdırılıb, 5 binada işlər davam etdirilir. Rayon ərazisində 16 həyətdə abadlıq işləri yekunlaşdırılıb, 5 həyətdə işlər davam etdirilir. Binalarda 2915 pəncərə dəyişdirilib, 87 lift yenisi ilə əvəz edilib və 111 lift təmir olunub. Binaların dam örtüklərindən 99925 kv.m yumşaq dam örtüyü, 17138 kv.m dəmir dam örtüyü ilə əvəzlənib. Ərazidə 274100 kvadrat metr asfalt örtüyü salınıb, həyətlərin işıqlandırılması üçün 650 işıq dirəkləri qoyulub.

Yeni idarəetmə metodlarının yaradılması ilə əlaqədar maarifləndirici materiallar hazırlanaraq yaxın günlərdə sakinlərə paylanacaq.