3307
writer1

Aqil Alışov

Məqalə sayı

0
10:46 25 Oktyabr 2013

Farağat! Diqqət səngərə!

Aqil Alışov

 

Səngər - düşmənlə üz-üzə dayanmalı, atışmalarda fəallıq göstərməli, yuxumuza haram qatmalı olduğumuz sığınacaq! İndi bizlərin hər cür sığınacağımızın adıdır Səngər!

Vətən indi Səngərdən keçir!

Vətənin keşiyində ayıq-sayıq qalmaq isə hisslərin ən adisinə çevrilib! Fəqət bu adi hissi  anlamından da çox... yaşamaq lazımdır! Bu hissi yaşamadan səngərin mənasını yalnız lüğəvi halda əxz etmək olar. Ki... bu da bu gün Vətənə yetərli deyil!!!

Bu yazı sadəcə bir müəllif yazısıdır. Və bu hissləri mənə Səngər dedizdirir, yazdırır. Daha doğrusu, ömrümün 1 il 4 ayını keçirdiyim Səngər. Düşmənin bir addımlığında yazdığım qeydləri, səhər saat 11-də başlayıb gecə saat 01.00-da bitən atışmaları, Azərbaycan Ordusunun düşmənə verdiyi layiqli cavabları bir yazıya yerləşdirmək mümkün olmadığından... yəqin ki, bu mövzuya zaman-zaman qayıdacam.

Səngərdən gördüm bizimlə qarşı-qarşıya saxlanmış (ermənidə o cəsarət yoxdur özü bizimlə döş-döşə gəlsin!) düşmənin dərinlikdə duran manqasını, qorxaq erməni əsgərlərini, bir manqamıza belə cavab vermək gücündə olmayan bölüklərini. Hətta aclıqdan bir-birlərini qırdıqları anı!..

Hamısını faktlar əsasında sizlərin diqqətinizə çatdırmaq mənim bir Səngər borcumdur!

Mən o anları yaşamışam və o günlər xəyalımdan heç vaxt çıxmaz. Çünki özüm üçün nə vaxtsa bu həyatı arzulamışdım. Həm də çox arzuladığım bir həyat olmuşdu...

Bu günün özündə də ən gözəl yuxularım məhz Səngərlə bağlıdı. Beləliklə...

Səngər həmin səngərdi. İstər atəşkəs dövründə olsun, istərsə də müharibə şəraitində.

Bu gün səngərdə - ön xətdə xalqın müdafiəsi üçün dayanmış əsgər və zabitlərimizin məqsədi, vəzifəsi birdir - Azərbaycan xalqının qələbəsini təmin etmək! Şəhidlərimizin qanını yerdə qoymamaq, ana-bacılarımızın qisasını almaq və ən əsası, ÜÇRƏNGLİ BAYRAĞIMIZI bütün və bütöv Azərbaycan ərazisində dalğalandırmaq!

Bütün bu arzular, bu ideyalar sonda bir amala köklənir: Torpaq, Millət, müstəqillik uğrunda xalqın Qələbəsini təmin etmək! Və inşallah... çox keçməz ki, xalqımızın bu arzusunu şanlı ordumuz bir gün reallaşdıracaq. O gün çox da uzaqda deyil...

O günü yaxın etmək üçün... unutmaq olmaz: qələbə o halda olacaq ki, bütün Azərbaycan səngər olsun!  Qələbə həm də cəbhə arxasından, vətənin paytaxtından, əyalətlərindən, dərinliklərindən başlayır. Və arxa cəbhənin güclü olması təkcə MƏN və SƏNdən yox, BİZLƏRDƏN asılıdır. Səngərdən başlanan hücum itirilmiş ərazilərimizin bərpası deməkdir, arxadakı torpaqlarımızın böyüməsi deməkdir.

Hücum etmək, irəli getmək, vətən uğrunda canından keçmək bütün zabit və əsgərlərimizin borcudur. Amma təkcə hərbçilərinmi borcudur?

Hər bir Azərbaycan vətəndaşı xidmət dövründə AND İÇİR. Vətəni göz bəbəyi kimi qorumağından tutmuş, hərbi sirləri qorumağına qədər, bu torpaq uğrunda canından keçməkdən tutmuş komandir heyətinin tapşırıqlarını yerinə yetirməyinə qədər.

Bu mənada üzümü tuturam bütün müstəqil Kütləvi İnformasiya Vasitələrinə! Azərbaycan Ordusu haqqında, Sənin Səngərdə duran qardaşın haqqında, bütövlükdə Ordumuz haqqında qurduğun və yaydığın təbliğat yetərincə deyil. Bəzi üzdəniraqların Orduya çamur atması, bəzi KİV-lər tərəfindən Ordunun yalniz əsgər öləndən-ölənə yada salınaraq Ordumuz haqında mənfi rəy formalaşdırması kimsəyə başucalığı gətirməməyi ilə yanaşı, həm də bu günümüzlə ayaqlaşmır. Axı silahın qələbəsi həm də sözün qələbəsidir. Axı silah tutan əlin sahibinin ürəyini sözlə o qədər ruhlandırmaq lazımdır ki, düşmənə sıxılan hər güllə inamla,  qələbə əzmilə atılsın!

Əgər sənin qardaşın səngərdə düşmən tərəfdən nişangaha alınıbsa, ona sən döyüş ruhu verməlisən! Həm xidmət zamanı, həm də xidmətdən sonra onların alnıaçıq, üzüağ gəzməsi üçün məqalələr, şeirlər yazılmalıdır, mahnılar bəstələnməlidir. Kimin nə deməsindən və nə yazmasından asılı olmayaraq, Azərbaycan Ordusunun gücü göz qabağındadır.

Müharibə şəraitində yaşayan ölkədə, bu ölkənin sarsılmaz dayagı bildiyimiz Ordumuzla bir cərgədə dövlətin bütün vətəndaşları vəzifəsindən, dinindən, milli mənsubiyyətindən və irqindən asılı olmayaraq, bir komandaya hazır olmalıdır:

FARAĞAT!!!! DİQQƏT SƏNGƏRƏ!!!

Bütün səngərlərimizə nifrət, kin-küdurət yox, sevgi göndərin: Vətən sevgisi!!!!

Bu gün səngərdə dayanan əsgərə dövlət və ordu rəhbərliyi tərəfindən kifayət qədər qayğı göstərilir. Təkcə ictimaiyyətin, KİV-lərin və ədəbiyyatın qayğısı kifayət qədər deyil!

Bu gün hər birimizin içində bir Səngər Alqışı olmalıdı:

“Yaşasın Azərbaycan Ordusu!”

“Yaşasın Azərbaycan əsgəri!”

Bizlər – evimizi Səngər etməyi bacaranlar, Səngərdə olmaya-olmaya Səngər həyatı yaşayanlar bu alqışlara həyat verməliyik!

 “FARAĞAT!!!! DİQQƏT SƏNGƏRƏ!!!” nidası bizim - qisas borcu boynunda qalan, qələbə haqqına yiyə duracaq insanların o möhtəşəm günədək hər an yaşam Himni olmaıdır!

O Himn “Yaşasın Azərbaycan Ordusu!”, “Yaşasın Azərbaycan əsgəri!!!” anlamından keçir!..