942
14:17
24 İyul 2013

Azərbaycan İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək

21-25 iyul tarixində Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 8-ci Hesabat-seçki Baş Assambleyası keçirilib. Lent.az -ın məlumatına görə, iclasda Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) və İHİF-nın vitse-prezidenti Çingiz Hüseynzadə, Beynəlxalq Əlaqələr İdarəsinin rəisi və Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva, MOK-nin Beynəlxalq proqramlar üzrə mütəxəssisi və İslam Həmrəyliyi Oyunlarının işçi qrupunun üzvü Mehman Kərimov şəhərin təqdimatı ilə çıxış ediblər. Assambleya çərçivəsində Bakı 2017 Namizədlik kitabının təqdimatı olub. Kitab haqqında geniş məlumat verilib. Namizədlik kitabı oyunların vizyon və konsepti, siyasi və iqtisadi vəziyyət, hüquqi aspektlər, gömrük və immiqrasiya, ətraf mühit və meteorologiya, maliyyə, marketinq və kommunikasiya, idman obyektləri və yarışlar, yaşayış obyektləri, nəqliyyat, təhlükəsizlik, tibbi xidmətlər və dopinq nəzarəti bölmələrini əhatə edir. Tədbir iştirakçılarına islam oyunları ilə bağlı hazırlanmış xüsusi video çarx nümayiş etdirilmiş və çap məhsulları paylanılıb.

Mühüm məqam ondan ibarətdir ki, Assambleya ərzində İslam Həmrəyliyi İdman Federasiyasına üzv olan MOK-lar 2017-ci ildə 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək üçün Azərbaycana səs veriblər və tam səs çoxluğu ilə Azərbaycanın 2017-ci ildə 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi haqda qərar qəbul edilib.

Tədbir zamanı İHİF-nın 2013-2017-ci illər müddəti üçün yeni tərkibi müəyyən edilib və Çingiz Hüseynzadə yenidən növbəti 4 illiyə İHİF-nın vitse-prezidenti seçilib. Eyni zamanda struktur dəyişikliyinə əsasən İHİF 1968-ci ildən bəri fəaliyyəti müddətində ilk dəfə İcraiyyə Komitəsinə xanım nümayəndə olaraq Könül Nurullayevanın seçilməsi haqda tarixi qərar qəbul edilib. Beləliklə Azərbaycan İslam Həmrəylik İdman Federasiyasında iki nümayəndə ilə təmsil olunan yeganə dövlətdir.

Sonda qeyd etmək istərdik ki, 2015-ci ildə İslam Həmrəylik İdman Federasiyasının növbəti Baş Assambleyasının da Azərbaycanda keçirilməsi haqda qərar qəbul olunub.