1290
21:43
13 İyul 2013

Biləcəridən o yana?..- REPORTAJ

Bilmirəm, amma mən də dəflərlə eşitmişəm və mənim üçün də maraqlıdır, Ki, bu deyimi ilk dəfə kim dilə gətirib: Biləcəridən o yana… Bəlkə orta əsrlər Bakısının ən ucqarı olub Biləcəri? Amma tarix də başqa şeyi deyir axı? Nə olsun ki, qəsəbə statusunu 77 il bundan əvvəl, 1936-cı ildə alıb. Buraların tarixi hələ erkən feodalizmə, Sasanilərin, Xosrov Ənuşirəvanın vaxtına gedib çıxır. Əgər tarixi mənbələrə inansaq, Biləcərinin adı türkdilli xəzərlərin Bələncər tayfasının adını özündə əks etdirir. Bələncərlərin Azərbaycana miqrasiyası Sasani şahı I Xosrov Ənuşirəvanın Azərbaycana köçürdüyü xəzərlərlə və 7-ci əsrin əvvəllərində ərəb əmiri Cərrah ibn Abdullahın Xəzər ölkəsinə hücum edərək onun üç paytaxt şəhərindən Arana xeyli əhali köçürməsi ilə əlaqələndirilir. Biləcərinin coğrafi mövqeyinə əsaslanan digər tədqiqatçılar isə bu toponimi qədim türk dillərindəki “belen” (aşırım, alçaq dağ) və “cər/cəri” (sıldırım, yarğan) komponentlərinin birləşməsi kimi "Aşırımlı yarğan" mənasında izah edirlər.

Başqa bir etimologiyaya görə "Biləcəri" sözü "hərbi şəhər" deməkdir. Bir az da araşdırsaq, məlum olar ki, Biləcərinin, hə, məhz Biləcərinin bir yaşayış məntəqəsi kimi tarixi Bakıdan da qədimlərə gedib çıxır. Bəs niyə Biləcəridən o yana?

Bəlkə?.. Bəlkə ümumiyyətlə Biləcəridən o yana deyib də ona bir ucqarlıq damcası vuran bu deyimdən, bu şübhələrdən, tarixdən yox, elə ƏLAHƏZRƏT tarixin yadigarı indiki Biləcəridən danışaq?

Və həm də bir qədər xatirələrə dalaq?

Bir az xatirə...

…Biləcəri qəbirstanlığının üstündəki təpəliyə biz uşaq vaxtı dağ deyirdik. Və uşaqlığımız, dərsdən sonrakı əyləncələrimiz o dağda əlli cür oyun fikirləşib oynamaqla keçirdi. O dağ dediyimiz təpəlik, həm də Biləcərinin gözəl panoramına şahidlik edirdi. Qəsəbə, o taylı, bu taylı, oradan ovuc içi kimi görünürdü.

Hə, bir də bizim parkımız vardı. Əslində o park indi də var. Parkda, asfalt stadionda səhərdən axşama kimi top qovmaqdan yorulmurduq. Uşaqlığımız sovetlər dönəminə təsadüf etmişdi. Rəngarəng əyləncələrimiz-internet yox, telefon yox, ümumiyyətlə bu sahədə kasadlıq idi-olmadığımızdan biz, dəmiryolçu balaları ya dağa sığınırdıq, ya da dərsdən sonra parka qaçırdıq.

İndi dağ da yerindədir, həmin parkda…Yerində olmayan bizim uşaqlığımızdır. Əvəzində uşaqlığımızı günü-gündən gözəlləşən, Biləcəri əvəz eləyib. Mən inanmıram ki, indi kimsə bu arxaik deyimi işlətsin, heç özüm də eşitmirəm neçə vaxtdı: Biləcəridən o yana! Bilirsinizmi niyə? Çünki Biləcəri daha ucqar deyil, əksinə, Bakının, həm də onun ən qədim yaşayış məskənlərindən olan Binəqədinin müasirlik simvoludur.

Yenidən qurulan parkımız...

Biləcəri Azərbaycanın nəqliyyat qovşaqlarının yerləşdiyi bir qəsəbədir indi. Biləcəri Bakının ekoloji cəhətdən ən təmiz yaşayış məntəqələrindən birinə çevrilib. Pafoslu sözlərdən uzağam, amma insafla demək lazımdır, Biləcəri sözün həqiqi mənasında günü gündən gözəlləşir.

Qəsəbə həmişə dövlət rəhbərliyinin diqqətində olub. İndi də elədir. Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyev də prezident olduğu dönəmdə dəfələrlə Biləcəriyə gəlib, biləcərililərlə görüşüb, qəsəbənin problemlərini həmişə diqqətdə saxlayıb. Sonuncu dəfə prezident aprel ayında Biləcəridə olmuşdu. Bayaq haqqında danışdığım dəmiryolçular parkının yenidən qurulmasından sonrakı açılışında.

Hələ iki il əvvəl prezident Biləcəridə olanda o zaman sakinlər vaxtilə qəsəbənin ən böyük istirahət mərkəzlərindən olan Dəmiryolçular Parkının yenidən qurulması xahişi ilə dövlətimizin başçısına müraciət etmişdilər. Parkdakı mövcud vəziyyətlə tanış olan prezident sakinlərin istirahəti üçün tələb olunan müasir infrastrukturun yaradılması və bütövlükdə bu istirahət guşəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı müvafiq göstərişlərini vermişdi. Bu hadisə düz iki il əvvəl olmuşdu. Prezident də elə düz iki il sonra Biləcəriyə gəldi. Məlum oldu ki, prezidentin müvafiq sərəncamına əsasən, bərpa və yenidənqurma işləri artıq başa çatıb. Bu park uzun müddət baxımsız vəziyyətdə olduğundan yararsız hala düşmüş, burada qanunsuz tikililər, iaşə obyektləri inşa edilmişdi. Amma təmir işləri zamanı qanunsuz tikililər sökülüb. Ərazisi 4 hektar olan parkda 20 min kvadratmetrlik sahədə yaşıllıq salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb, 40-a yaxın oturacaq qoyulub, fəvvarə, mini futbol meydançası, istirahət guşələri yaradılıb. Parkın ətrafındakı evlərin və iaşə obyektlərinin dam örtükləri, fasadı yenilənib. Yaşıllaşdırılan ərazidə avtomatik suvarma sistemi quraşdırılıb.

Prezidentə məruzə olundu ki, parkda abadlıq və yenidənqurma işləri davam etdiriləcək, müasir iaşə obyektləri tikiləcəkdir.

Parkla tanışlıqdan sonra qəsəbə ictimaiyyətinin nümayəndələri ilə görüşən prezident görülən işdən razı idi. Bunu onun dedikləri də sübut edir:

“Mən çox şadam ki, biz Biləcəridə belə gözəl parkı yenidən qura bildik. Mən buraya iki il əvvəl gəlmişdim. Yaxşı bilirsiniz ki, o vaxt bu parkın vəziyyəti o qədər də yaxşı deyildi. Qərara gəldik ki, gözəl bir park yaradılmalıdır. Artıq bu park deyə bilərəm ki, Bakının ən gözəl parklarından biridir. Çox gözəldir, rahatdır.

Mədəniyyət Mərkəzi də yenidən qurulubdur. İstirahət üçün yaxşı şərait vardır. Yəni, bu, onu göstərir ki, Bakı sürətlə inkişaf edir. Bakının bütün yerləri, bütün qəsəbələri də inkişaf edir. Ümumiyyətlə, Biləcəri qəsəbəsində gedən quruculuq işləri məni çox sevindirir. Evlər bərpa edilir, küçələr genişləndirilir, quruculuq işləri aparılır. Yəni, bütün ölkəmizdə olduğu kimi, Bakıda və əlbəttə, Bakının qəsəbələrində bu işlər sürətlə gedir”.

Elə qəsəbə sakinləri də razı idilər. Onlar prezidentə Biləcəridəki mədəniyyət və istirahət parkının təmir edilməsi və bunun üçün vəsaitin ayrılması barədə sərəncam verdiyinə və bu sərəncamın yerinə yetirilməsinə görə təşəkkürlərini də bildirdilər.

Uğurun simvolu: iradə, üstəgəl peşəkarlıq

Amma təkcə parkmı? Biləcəri ümumiyyətlə qiyafəsini dəyişib son illər. Əslində, təkcə park yox, bu parkın ətrafında bütün küçələrə, dalanlara səki daşları düzülüb, asfalt döşənib. Qəsəbənin mərkəzi tamamilə yenilən qurulub, küçə genişləndirilib. Bütün kommunikasiya xətləri təzələnib. Və təkcə Biləcəridə də yox. Prezident özü də qeyd etdi ki, Binəqədi rayonunda son vaxtlar çox böyük işlər görülüb və rayona sanki yenidən qurulur, abadlaşır. Və prezident onu da xüsusi vurğuladı ki, nəinki Bakının, ölkəmizin hər bir yerində iş görmək mümkündür və lazımdır. Sadəcə, iradə olmalıdır, hər bir insanın öz doğma Vətəninə məhəbbəti və əlbəttə ki, peşəkarlıq yüksək səviyyədə olmalıdır.

Əslində bu gün Binəqədi rayon rəhbərliyi rayonun inkişafı üçün xüsusi tədbirlər planı icra edir. Prezidentin də dediyi kimi bu rayonun planlı şəkildə inkişafı əlbəttə ki, bütün problemlərin həlli üçün imkan yaradacaq. Bu gün Biləcəri də daxil olmaqla bütün Binəqədi rayonunda infrastruktur işləri görülür və heç bir statistik rəqəmlər sadalaçmağa da ehtiyac yoxdur. Bu, gözlə görünür...

Biləcəri paytaxtın giriş və çıxış qapısıdır. Təkcə Bakı-Sumqayıt avtomagistralının Binəqədi rayonu ərazisindən keçən hissəsinin hər iki tərəfində, Biləcəri enişində aparılan abadlıq, yaşıllaşdırma işləri nəyə desən dəyər. Bakıda bu, bir ilk idi. Və rayon rəhbərliyi bu ilkə imza atdı.

Xalqın arasına

Yeri gəlmişkən, Binəqədi rayon rəhbərliyi, icra başçısı Xaləddin İsgəndərovu tez-tez rayonun bu və ya digər yaşayış məntəqəsində, əhali arasında görmək mümkündür. Xaləddin müəllim üçün fərqi yoxdur, böyük zal, yaxud kiçik xeyir-şər evi, əsas əhalini dinləmək, onların problemlərini həll etməkdir. Və ildən ilə yığılıb qalmış bu problemləri bir gündə həllə etmək də mümkün deyil. Amma əsas inamdır. Bunu icra başçısı da gözəl başa düşür və sakinlərə də təlqin edə bilir. İnam olan yerdə bütün çətinliklərə sinə gərib istəyə nail olmaq mümkündür.

Düzdür, bu barədə çox yazılıb, amma mütləq qeyd etməliyik. Heç kimə sirr deyil ki, Binəqədi Rayon İcra Hakimiyyətində sakinlərin müraciəti üçün “1646” xidməti yaradılıb. Bu xidmət vasitəsilə sakinlər icra hakimiyyətinə gəlmədən müraciətlərini daha çevik və operativ şəkildə çatdıra və məlumat ala bilərlər. “1646” xidməti bütün mobil operatorlardan və stasionar telefonlardan eyni vaxtda 30 zəngi qəbul edir. Xidmətə daxil olan icra hakimiyyətinin vəzifə və səlahiyyətlərinə aid müraciətlər qanunvericilik bazası üzrə “Sual-cavab” blokuna əsasən cavablandırılır.

***

Bu, bir xidmət də deyil əslində. Bu qarşılıqlı inamın, diqqətin, qayğının təzahürüdür.

İnam, diqqət, qayğı olan yerdə Biləcəridən o yanda da, bu yanda da uğur qazanmaq çətin deyil.

(Yazı Binəqədi Rayon İcra Hakimiyyətinin “22 iyul – Mətbuat Günü” münasibətilə jurnalistlər arasında keçirdiyi “Binəqədi rayonu – mətbuatın gözü ilə” yazı müsabiqəsində təqdim olunur)

Səbuhi Məmmədli, Lent.az İnformasiya Agentliyi, [email protected]