1414
13:00
17 İyun 2013

Rauf Mehdiyev, Devid Bekhem, Aleks Ferqyuson və “mavi” Rocer- ARAŞDIRMA

2013-cü ilin ilk yarısı tamamlanmamış dünya futbolunun xeyli tanınmış siması karyerasını başa vurmağa qərar verib. Lent.az -ın məlumatına görə, sevimli peşəsindən ayrılanlar təkcə futbolçular olmayıb.

Əfsanəvi baş məşqçi Aleks Ferqyuson da bir daha heç bir komandaya rəhbərlik etməyəcəyini açıqlayıb. Butslarını mıxdan asanlardan isə 12-si daha məşhurdur. Onlardan 3-ü müdafiəçi, 7-si yarımmüdafiəçi, 2-si hücumçudur. Karyerasını bitirən qapıçı qismində isə “Neftçi”nin və Azərbaycan millisinin sabiq qolkiperi Rauf Mehdiyevin adını çəkmək olar. Martın əvvəllərində oyunçu karyerasını başa vurmuş Mehdiyev hazırda Zaqatala “Simurq”unun əvəzedici komandasında məşqçi kimi çalışır.

Əslində, karyerasını bitirən baş məşqçi və futbolçulardan simvolik bir veteran komandası düzəltmək olar. Elə biz də, baş məşqçi Aleks Ferqyusonun rəhbərliyi altında 1 qapıçı, 3 müdafiəçi, 5 yarımmüdafiəçi, 2 hücumçu olmaqla belə bir komanda “yaratdıq”. Qeyd edək ki, daha 2 yarımmüdafiəçini nisbətən az tanınmaları və daha aşağı səviyyəli komandalarda çıxış etmələri səbəbindən ehtiyatda saxladıq. Bunlar Robbi Rocers və Sergey Semakdır.

Qapıçı:

Rauf Mehdiyev – Azərbaycan milli komandasının sabiq qapıçısı 20 illik oyunçu karyerası ərzində yalnız yerli klublarda çıxış edib. O, 1992-ci ildən etibarən “İnşaatçı” (Sabirabad), “Tərəqqi”, “Azəri”, “Neftçi”, “Fərid”, OİK, “Şəmkir”, “Qarabağ”, “Bakı”, “Olimpik” və Karvan”ın formasını geyinib. “Neftçi”nin heyətində 3, “Şəmkir”də isə 2 dəfə çempionluq sevinci yaşayıb. 2012-ci il avqustun 1-də flaqmanın İsraildə “Hapoel” (Kiryat-Şmona) ilə keçirdiyi oyunda 0:4 hesablı məğlubiyyətində günahkarlardan biri sayılıb. Nəticədə Mehdiyev müdafiəçilər Rail Məlikov və İqor Mitreski ilə birgə heyətdən kənarlaşdırılıb. Sonradan Mitreski komandaya qaytarılıb. 37 yaşlı qapıçı isə yeni komanda tapa bilməyib. O, fevralın 18-də futbolçu karyerasını başa vuraraq, “Simurq”da aşağı yaş qrupları və əvəzedici heyətin məşqçisi təyin olunub. Təcrübəli qapıçı millimizin heyətində 5 oyuna çıxıb və 4 qol buraxıb.

Müdafiəçilər:

Ceymi Karrager – İrlandiya əsilli ingiltərəli sabiq futbolçu karyerası ərzində yalnız “Liverpul”da çıxış edib. 35 yaşlı sabiq müdafiəçi vitse-kapitanı olduğu klubda 1996-cı ildən 737 oyuna çıxıb və 5 dəfə fərqlənib. Amma Karrager öz qapısına daha çox – 8 qol vurub. 2 dəfə (2000-2001, 2005-2006) İngiltərə Kuboku, 3 dəfə (2000-2001, 2002-2003, 2011-2012) Liqa Kuboku, 2 dəfə (2001, 2006) İngiltərə Superkuboku, 1 dəfə (2004-2005) Çempionlar Liqasını, 1 dəfə (2000-2001) UEFA Kuboku, 2 dəfə (2001, 2005) UEFA Superkuboku qazanıb. O, 2012-2013-cü il mövsümünün sonunda karyerasını başa vuracağını bu il fevralın 7-də açıqlayıb.

Paulu Ferreyra – Portuqaliyalı futbolçu cinah müdafiəçisi mövqeyində oynayıb. O, karyerası ərzində öz ölkəsinin “Eştoril-Praya”, “Vitoriya Setubal”, “Portu”, eləcə də İngiltərənin “Çelsi” klublarında çıxış edib. “Portu” ilə 2 dəfə (2002-2003, 2003-2004) Portuqaliya çempionu, 1 dəfə (2003) ölkə kuboku və UEFA Kuboku, 1 dəfə (2004) Çempionlar Liqasını, 2 dəfə (2003, 2004) Portuqaliya Superkubokunu qazanıb. “Çelsi”də isə o, 3 dəfə (2004-2005, 2005-2006, 2009-2010) İngiltərə çempionu, 4 dəfə (2007, 2009, 2010, 2012) İngiltərə Kuboku, 2 dəfə (2005, 2007) Liqa Kuboku, 1 dəfə (2012) Çempionlar Liqası, 2 dəfə (2005, 2009) İngiltərə Superkuboku, 1 dəfə (2013) Avropa Liqasında qalib olub. Portuqaliya millisində isə 1 dəfə (2004) Avropa çempionatının gümüş medalçısı olub. Mayın 21-də 34 yaşında karyerasını başa vurub.

Kristof Metselder – Almaniyalı futbolçu mərkəz müdafiəçisi mövqeyində oynayıb. Karyerası ərzində Almaniyanın “Proyssen”, “Borussiya” (Dortmund) və “Şalke”, eləcə də İspaniyanın “Real Madrid” klublarında çıxış edib. “Borussiya”nın heyətində 2002-ci ildə Almaniya çempionu və UEFA Kubokunun qalibi, “Real Madrid”lə 2008-ci ildə İspaniya çempionu, “Şalke” ilə 2011-ci ildə Almaniya Kubokunun qalibi olub. Almaniya millisində də çıxış etmiş Metselder 2002-ci il dünya çempionatının gümüş, 2006-cı il dünya çempionatının bürünc, 2005-ci il Konfederasiyalar Kubokunun bürünc medalını qazanıb, 2002-ci ildə 23 yaşadək futbolçular arasında Avropanın ən yaxşısı sayılıb. Karyerasını mayın 16-da 33 yaşında başa vurub.

Yarımmüdafiəçilər:

Devid Bekhem – İngiltərəli yarımmüdafiəçi karyerası ərzində yerli “Mançester Yunayted”, “Prenson Nort End”, İspaniyanın “Real Madrid”, İtaliyanın “Milan”, ABŞ-ın “Los-Anceles Qelaksi” və Fransanın PSJ klublarında çıxış edib. “Mançester Yunayted”in heyətində 6 dəfə (1995/1996, 1996/1997, 1998/1999, 1999/2000, 2000/2001, 2002/2003) İngiltərə çempionu, 2 dəfə (1996, 1999) İngiltərə Kubokunun, 1 dəfə (1999) Çempionlar Liqasının, 1 dəfə (1999) Qitələrarası Kubokun, 2 dəfə (1996, 1997) İngiltərə Superkubokunun qalibi olub. O, “Real Madrid”lə 1 dəfə (2006-2007) İspaniya çempionluğunu, 1 dəfə (2003) İspaniya Superkubokunu qazanıb. Bekhem “Los-Anceles Qelaksi”nin heyətində isə 2 dəfə (2011, 2012) MLS Kubokuna, “Milan”da 2 dəfə (2008-2009, 2009-2010) İtaliya çempionatının bürünc medalına, PSJ-də isə Fransa çempionluğuna (2012-2013) yiyələnib. Xeyli fərdi mükafatının sahibidir. İngiltərə millisinin heyətində meydan oyunçuları arasında matç sayında rekordçudur. 2011-ci ildə dünyanın ən ödənişli futbolçusu sayılıb. Mayın 19-da 38 yaşında karyerasını başa vurub.

Mark van Bommel – Hollandiyalı yarımmüdafiəçi karyerası ərzində yerli PSV, Almaniyanın “Fortuna” və “Bavariya”, İspaniyanın “Barselona” və İtaliyanın “Milan” klublarında çıxış edib. Milli komandanın kapitanı olub. PSV ilə 4 fəfə (1999/2000, 2000/2001, 2002/2003, 2004/2005) Hollandiya çempionu, 1 dəfə (2004-2005) Hollandiya Kubokunun, 4 dəfə (2000, 2001, 2003, 2012) Hollandiya Superkubokunun sahibi olub. O, “Barselona”nın heyətində 2005-2006-cı il mövsümündə Çempionlar Liqası və İspaniya çempionluğunu, “Bavariya”da ikən 2 dəfə (2007/2008, 2009/2010) Almaniya çempionluğunu və ölkə kubokunu, 1 dəfə (2006-2007) Almaniya Liqa Kubokunu, 1 dəfə (2010) Almaniya Superkubokunu, “Milan”la 2011-ci ildə İtaliya çempionluğu və Superkubokunu qazanıb. Hollandiya millisində isə 2010-cu il dünya çempionatının gümüş medalına sahib çıxıb. Karyerasını mayın 13-də 36 yaşında ikən başa vurub. O, mayın 12-də keçirdiyi son matçında - PSV-nin heyətində “Tvente” ilə görüş zamanı kobud oyuna görə meydandan qovulub.

Torsten Frinqs – Almaniyalı dayaq yarımmüdafiəçisi karyerası ərzində yerli “Alemaniya”, “Verder”, “Borussiya” (Dortmund) və “Bavariya”, eləcə də Kanadanın “Toronto” klublarında çıxış edib. “Bavariya”nın heyətində 2005-ci ildə Almaniya çempionu və ölkə kubokunun sahibi, millidə isə 2002 və 2006-cı il dünya çempionatlarında müvafiq olaraq, gümüş və bürünc, 2008-ci il Avropa çempionatında isə gümüş medal qazanıb. Karyerasını fevralın 26-da 37 yaşında baldırındakı problemlər üzündən başa vurmalı olub.

Stiliyan Petrov – Bolqarıstanlı yarımmüdafiəçi karyerası ərzində yerli MOİK, Şotlandiyanın “Seltik” və İngiltərənin “Aston Villa” klublarında çıxış edib. MOİK-də ikən 1999-cu ildə Bolqarıstan Kubokunu qazanıb, “Seltik”lə 4 dəfə (2001, 2002, 2004, 2006) Şotlandiya çempionu, 3 dəfə (2001, 2004, 2005) ölkə kubokunun, 3 dəfə (2000, 2001, 2006) Liqa Kubokunun sahibi, “Aston Villa”da ikən 2008-ci ildə İntertoto Kubokunun qalibi olub. Karyerasını mayın 9-da 34 yaşında başa vurub. 2012-ci il martın 30-da isə ona kəskin leykoz diaqnozu qoyulub.

Robbi Rocers – ABŞ yığmasının sabiq yarımmüdafiəçisi karyerası ərzində yalnız “Kolambus Kryu” klubunda çıxış edib və 2 dəfə (2008, 2009) MLS Liqasının, 1 dəfə (2008) MLS Kubokunun qalibi olub. 2008-ci ildə MLS Liqasında 11 ən yaxşı futbolçudan biri sayılıb. Yığmanın heyətində 2 dəfə (2009, 2011) KONKAKAF Kubokunun gümüş medalına yiyələnib. Karyerasını fevralın 16-da 25 yaşında ikən homoseksual oriyentasiyalı olduğunu etiraf etdikdən sonra başa vurub.

Sergey Semak – Ukrayna əsilli rusiyalı yarımmüdafiəçi karyerası ərzində Rusiyanın MOİK, “Rubin”, “Zenit” və Fransanın PSJ klublarında çıxış edib. O, MOİK-də ikən 2002-ci ildə Rusiya Kubokunu, 2003-cü ildə Rusiya çempionluğunu, 2004-cü ildə Rusiya Superkubokunu, PSJ-nin heyətində 2006-cı ildə Fransa Kubokunu, “Rubin”lə 2 dəfə (2008, 2009) Rusiya çempionluğu, 1 dəfə (2010) ölkə Superkubokunu, “Zenit”lə 1 dəfə (2010, 2011-2012) Rusiya çempionluğu, 2011-ci ildə ölkə Superkubokunu, Rusiya millisinin heyətində 2008-ci il Avropa çempionatının bürünc medalını qazanıb. Bir sıra fərdi mükafatlara sahib olub. Semak iyunun 5-də 37 yaşında ikən futbolçu karyerasını başa vuraraq, “Zenit”də məşqçiliyə başlayıb.

Pol Skoulz – 39 yaşlı ingiltərəli yarımmüdafiəçi karyerası ərzində yalnız “Mançester Yunayted”in heyətində çıxış edib. O, 700-dən çox oyuna çıxıb. 11 dəfə (1995/1996, 1996/1997, 1998/1999, 1999/2000, 2000/2001, 2002/2003, 2006/2007, 2007/2008, 2008/2009, 2010/2011, 2012/2013) İngiltərə çempionu, 3 dəfə (1996, 1999, 2004) İngiltərə Kubokunun, 2 dəfə (2009, 2010) Liqa Kubokunun, 2 dəfə (1999, 2008) Çempionlar Liqasının, 5 dəfə (1996, 1997, 2003, 2008, 2010) İngiltərə Superkubokunun, 1 dəfə (1999) Qitələrarası Kubokun, 1 dəfə (2008) klublararası dünya çempionatının qalibi olub, bir sıra fərdi mükafatlara sahib çıxıb. Karyerasını əvvəlcə 2011-ci il mayın 31-də başa vurduğunu elan edib. Lakin o, 2012-ci il yanvarın 8-də futbola qayıdıb. Mayın 12-də isə Skoulz futboldan birdəfəlik getdiyini açıqlayıb.

Hücumçular:

Aleksandr Fray – İsveçrəli hücumçu karyerası ərzində yerli “Bazel”, “Tun, “Lütsern”, Servett”, Fransanın “Renn” və Almaniyanın “Borussiya” (Dortmund) komandalarında çıxış edib. “Bazel”in heyətində 3 dəfə (2010, 2011, 2012) İsveçrə çempionu, 1 dəfə (2010) ölkə kubokunun sahibi olub. O, daha bir İsveçrə Kubokuna “Servett”in heyətində yiyələnib. 2005-ci ildə “Renn”in heyətində 20 qolla Fransa, “Bazel”in heyətində 2 dəfə (2011, 2012) İsveçrə çempionatının, eləcə də İsveçrə yığması tarixində 42 qolla ən yaxşı bombardir olub. Aprelin 15-də 34 yaşında ikən “Bazel”in heyətində “Sürix”in qapısına qol vurduqdan 6 dəqiqə sonra yaşıl meydanlara birdəfəlik əlvida deyib.

Maykl Ouen – İngiltərəli hücumçu karyerası ərzində Ingiltərənin “Liverpul”, “Nyukasl”, “Mançester Yunayted”, “Stok Siti” və İspaniyanın “Real Madrid” klublarında çıxış edib. 2001-ci ildə Avropanın ən yaxşı futbolçusu sayılıb. O, “Liverpul”un heyətində 1 dəfə (2000-2001) İngiltərə Kubokunu, 2 dəfə (2000-2001, 2002-2003) Liqa Kubokunu, 1 dəfə (2001) İngiltərə Superkubokunu, 1 dəfə (2000-2001) UEFA Kubokunu, 1 dəfə (2001) UEFA Superkubokunu qazanıb. Ouen “Mançester Yunayted”lə 1 dəfə (2010-2011) İngiltərə çempionluğu, 1 dəfə (2009-2010) Liqa Kuboku, 1 dəfə (2010) İngiltərə Superkuboku əldə edib. Martın 19-da 34 yaşında ikən karyerasını başa vurmaq istədiyini açıqlayıb və son matçına mayın 19-da “Stok Siti”nin heyətində çıxıb. İngiltərə millisində 17 yaş 59 günlüyündə debüt edib. Ouen yığmada yeganə oyunçudur ki, 4 mötəbər yarışda – 2 Avropa və 2 dünya çempionatında qol vurub. Ümumilikdə isə o, millidə 89 oyuna 40 qol vurub.

Baş məşqçi:

Ser Aleks Ferqyuson – Şotlandiyalı futbolçu və baş məşqçi “Mançester Yunayted”ə 1986-cı ildə baş məşqçi təyin olunub. O, Britaniya futbolunda ən titullu, dünya futbolu tarixində ən dahi baş məşqçi sayılır. Ferqyuson Şotlandiyanın “İstr Sterlinqşir”, “Sent Mirren” və “Aberdin” komandalarına, eləcə də Cok Steynin ölümündən sonra qısa müddətə Şotlandiya millisinə də rəhbərlik edib. 19 dekabr 2010-cu ildə Mett Basbiyə məxsus klubun baş məşqçi postunda qalma rekordunu qırıb. 1999-cu ildə kraliça II Yelizaveta tərəfindən cəngavər titulunu alıb, 2012-ci ildə adı İngiltərə futbolunun “Şöhrət Zalı”na salınıb. Aberdin şəhərinin fəxri vətəndaşı sayılıb. 8 may 2013-cü ildə 72 yaşında ikən mövsümün sonunda “Mançester Yunayted”in baş məşqçi postundan istefa verəcəyini açıqlayıb. O, səbəb kimi həyat yoldaşı Ketiyə daha çox vaxt ayırmaq istədiyini göstərib.

Titullarına gəldikdə, Ser Aleks “Sent-Mirren”lə 1976-1977-ci il mövsümündə Şotlandiya I divizionunda çempionluq qazanıb. O, “Aberdin”in sükanı arxasında 3 dəfə (1979/1980, 1983/1984, 1984/1985) Premyer Divizionun çempionu, 4 dəfə (1982, 1983, 1984, 1986) Şotlandiya Kubokunun, 1986-cı ildə Şotlandiya Liqa Kuboku, 1983-cü ildə Kuboklar Kuboku və UEFA Superkubokunun sahibi olub. “Mançester Yunayted” isə Ferqyusonun rəhbərliyi dövründə 13 dəfə (1992/1993, 1993/1994, 1995/1996, 1996/1997, 1998/1999, 1999/2000, 2000/2001, 2002/2003, 2006/2007, 2007/2008, 2008/2009, 2010/2011, 2012/2013), 5 dəfə (1990, 1994, 1996, 1999, 2004) İngiltərə Kuboku, 4 dəfə (1992, 2006, 2009, 2010) Liqa Kuboku, 10 dəfə (1990, 1993, 1994, 1996, 1997, 2003, 2007, 2008, 2010, 2011) İngiltərə Superkuboku, 2 dəfə (1999, 2008) Çempionlar Liqasını, 1991-ci ildə Kuboklar Kuboku və UEFA Superkubokunu, 1999-cu ildə Qitələrarası Kuboku, 2008-ci ildə klublararası dünya çempionluğunu əldə edib.