1925
12:14
07 İyun 2013

Milli Şura təsis edilib - YENİLƏNİB

Azərbaycan müxalifətinin bir qrupu Demokratik Qüvvələrin Milli Şurası adlı qurum təsis edib.


APA-nın məlumatına görə, bu gün keçirilən toplantıda Cəmil Həsənli deyib ki, yaxın zamanda Milli Şura prezident seçkilərində irəli sürüləcək namizədi müəyyənləşdirəcək. C. Həsənli qurumun yaradılması istiqamətində aparılan danışıqlarda razılaşdırılmamış məsələlərin konfransda müzakirəsini məqsədəuyğun saymayıb.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə qurumun hələ təsis olunmadığını, bu addım atıldıqdan sonra gündəliyin müəyyənləşdirilməsinin mümkünlüyünü söyləyib.

Milli Şura təsis olunandan sonra iclasda vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr başlayıb.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bunun əleyhinə olub və onların Leyla Yunusla mübahisəsi düşüb.


Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan da vahid namizədin müəyyənləşdirilməsinin zəruriliyini deyib.

“El” hərəkatının sədri Eldar Namazov isə vahid namizəd kimi Rüstəm İbrahimbəyovun namizədliyinin gündəlikdə olduğunu deyib.


Lakin vahid namizədin bu iclasda müəyyənləşdirilməsi məqsədəuyğun hesab edilməyib.

Milli Şurasının 129 nəfərlik siyahısı da təsdiqlənib. Siyahıda tanınan şəxslərdən Pənah Hüseyn, Rauf Arifoğlu, İlqar İbrahimoğlu, VİP sədri Əli Əliyev və başqaları yoxdur.

****

11.51

Bu dəqiqələrdə Milli Şuranın ilk toplantısı işinə başlayıb. Lent.az -ın “Yeni Müsavat”a istinadən verdiyi məlumata görə, ilk toplantıda Milli Şuranın Bəyannaməsi qəbul ediləcək. Milli Şuraya qoşulacaq şəxslər qurumda təmsilçiliklərini bəyannaməni imzalamaqla təsdiq edəcəklər. Bundan başqa, toplantıda Milli Şuranın bir neçə müraciətinin qəbul ediləcəyi gözlənilir. Bu müraciətlərdən biri Azərbaycan vətəndaşlarına, digəri isə dünya ictimaiyyətinə ünvanlanacaq.

Bəyannamədə Milli Şuranı sədrin idarə edəcəyi və qərarları sədr aparatının verəcəyi bildirilir. Bu məsələ ilk toplantıda Milli Şura sədrinin, eləcə də sədr aparatının seçilməsi zərurətini yaradır. Əldə etdiyimiz bilgiyə görə, ilk yığıncaqda gündəlikdə bəyannamənin qəbulundan sonrakı ikinci məsələ sədr və sədr aparatı seçkiləridir.
Milli Şuraya ilk olaraq şuranın ideya müəllifi kinematoqraf Rüstəm İbrahimbəyovun sədrlik edəcəyi deyilir. Milli Şurada təmsil olunan bir sıra şəxslər və partiyalar bütün müxalifətin qəbul edəcəyi birləşdirici qüvvə kimi məhz R.İbrahimbəyovu gördüklərini açıq şəkildə bəyan edirlər.


Milli Şuraya sədrliyə namizəd kimi Müsavat başqanı İsa Qəmbərin də adı çəkilir. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin bildirdiyinə görə, İsa Qəmbər Azərbaycan demokratik qüvvələrinin təmsil olunduğu biliyin rəhbəri olmağa alternativsiz namizəddir. Yeri gəlmişkən, hələlik nə AXP, nə də partiya sədri Pənah Hüseyn Milli Şurada təmsil olunmur.