2341
13:30
13 May 2013

Ali Çimen Lent.az-da: “...Cibi pul görən kimi ikinci qadın alır, sevgili tapır” - SÖHBƏT

Məni onunla çox yaraşıqlı bir oğlan tanış edib. İstanbulda kitab mağazasında xeyli gəzişib özümə lazım olan, dostlara isə Küçük İsgəndərin kitablarını seçdikdən sonra “baş redaktora nə ala bilərəm” düşüncəsi ilə həmən yaraşıqlıya yaxınlaşıram:

- Bir jurnalistə hədiyyə etmək üçün hansı kitabı...

- “Tarixi dəyişdirənlər” seriyasını oxumusuz? Yaxşı jurnalistdirsə bu kitabları çox bəyənəcək. Müəllif özü də jurnalistdir. Uzun zaman bizim “Zaman” qəzetində çalışıb, indi isə “Euronews” xəbər kanalında çalışır - Ali Çimen. Biz ona “Tarixi qeydə alan adam” deyirik.

Kitablar o qədər maraqlı gəlir ki, tanışlığa Facebookda davam edirik. Bu dəfə birbaşa özü ilə. Öyrənirəm ki, bizim taleyimizi dəyişən olay onun da həyatından yan keçməyib – 20 yanvar faciəsindən sonra jurnalist olmağa qərar verib. Mənim həyati qərarlarıma təsir edən yazar onun da qərarlarına təsir edib – Orhan Pamuku oxuduqdan sonra roman yazmağa başlayıb. Bir neçə belə ortaq nöqtələr bizi dostlaşdırır.

Yazar-jurnalist Ali Çimen “Kırık heykəl” romanı hazır olan kimi imza günü üçün Bakıya gəlir və Lent.az -ın Qadın Klubu-na qonaq olur.

- Bakıda günlərin necə keçir?

- Öz dilimdə turist olmağın ləzzətin yaşayıram. Sən neynirsən? “Kəpənəyin röyası”na baxdın?

- Baxdım...

- Çox bəyəndim, iki dəfə baxdım. Sadəcə şeir bir az çoxdur...

- Məncə kişi şeir yazdısa artıq “ölüb”, ona 138 dəqiqə zülm eləməyin mənası yoxdur...

- Çox materialist düşüncədir...

- Kişi şeiri işdən sonra yazar. Ya da həftə sonları... Kişinin əvvəlcə onu kimsəyə möhtac etməyəcək bir peşəsi olmalıdır.

- Şeri sevmirsən deyə belə deyirsən.

- Sən də şeri sevmirsən.

- Amma ordakı şeirlər yaxşı şeirlər idi...

- Amma iki saat yarım da yox...

Elə bu vaxt Aygün Aslanlı qapıda görünür və salam-kəlam eləyib söhbətə qarışır:

Aygün: Vüsalə, sən əsl qarabağlı kimi danışdın.

Vüsalə: Ali, qarşımızda məmləkətin bir nömrəli kinoşünası dayanıb. Tamaşaçı fikrinə son! Davamını peşəkardan dinləyək.

Aygün: Əvvəlcə deyim ki, mən türk şerini çox sevirəm. Filmə gəlincə isə, adı “Kəpənəyin röyası” olan filmdə gərək hadisələr ani, bir göz qırpımında baş versin. Yoxsa çox uzatmışdılar və final yaza bilməmişdilər. Məncə, film Rüştünün xanımı öləndə, şairlər divarlara şeir yazanda bitməliydi. Onların ki şerində “Yaşamaq gözəldir, ölümü gözləmək yox” deyilirdi, kaş Yılmaz Ərdoğan onları öldürməyəydi. Öləcəkləri zatən bəlli idi. Əhvalatın alt qatının olmaması da ondan irəli gəlir ki, Yılmaz Ərdoğan şairdən, şeirdən danışır, “Şeir həyatın bəhanəsidir” deyir, amma filmdə şairləri fiziki öldürüb, şeiri obraza çevrilməyə qoymur.

- Mükəmməl! Bizim mətbuatda isə elə hey tərif oxuyuram. Heç vaxt Türkiyənin kino yazarlarının belə analizini oxumamışam.

“Kinomuz olmasa da, şünasımız var, çəkə bilməsək də, analiz edə bilirik” deyəcəkdim ki, dedim yaxşı deyil. Necə də olsa axı bizim sovet kinosu ilə formalaşan kino zövqümüz “Yaşıl cam”la korlandı desəm daha düz olacaq. Ən yaxşısı yeni romanından danışaq.

Vüsalə: “Kırık heykəl”i oxuyuram və sanki roman yox, kinossenari oxuyuram. Sanki bəri başdan film üçün işlənib...

- Bu fikri mənə romanımı oxuyan bir neçə nəfər də deyib. Romanda olduğu kimi çox xarakter analizləri yoxdur. “Kırık heykəl” ilk romanım olduğu üçün istədim asan oxunsun.

Vüsalə: Öncəki kitabların 300 min nüsxə satılıb, bu dəfə oxumazlar deyə qorxu var idi?

- Əlbəttə, var idi. Roman tarix yazarlığından çox fərqlidir.

Masada mövzu Türkiyədə roman, kitab satışı və yazarlıq, masa arxasında isə üç Orhan Pamuk sevən insan olunca söhbətin hara gələcəyini təxmin etmək çətin deyil. Söhbəti çox uzadırıq, o, “Orhan Pamuk bambaşqa bir adam” deyir. Mövzudan mövzuya surətlə, özü də heç birini qapamadan keçirik. Bu arada klubun digər üzvləri - Samirə Mustafayeva ilə Turac Hacızadə də gəlib çıxır. Söhbətə çatdıqları yerdən asanlıqla qoşulurlar. Mətbuatdan danışırıq. Başlıqlardan tutmuş, şərhlərə kimi... “Qəzetçilik haqda kitablarda yazılan, universitetdə öyrədilən bütün sözlərin, qaydaların haqqını verən tək qəzetimiz “Taraf” qəzetidir. Amma o belə gündə 50 min tiraj satır, hələ də 51 min olmayıb” deyir.

Turac: Azərbaycan xəbərlərini hardan oxuyursuz?

- Bütün dünya xəbərlərini əvvəl işlədiyim “Zaman” qəzetindən oxuyuram. Azərbaycan saytlarından isə Lent.az -ı, ayrıca səni, “Qadın Klubu”nu oxuyuram.

Dünya xəbərlərindən söz düşmüşkən, o, axı həm də dünyanı gəzən adamdır. Bizə son səfərlərindən danışır:

- İki ay öncə Misirə getmişdim. Orda rəsmən dövlət yoxdur. Ölkəyə kim girdi, kim çıxdı, maraqlanan yoxdur. Hava limanında pasportumu göstərməsəm heç baxmayacaqdılar. Ondan əvvəl isə İrana getmişdim. O səfər yaradıcılıq üçün faydalı oldu. Romanda çox istifadə elədim. İndi yazdığım romanda isə bir çox hadisələr Bakıda baş verəcək. Qəhrəmanımın İçəri Şəhərdə, Bakı Bulvarında, Filarmoniyanın arxasındakı parkda səhnələri olacaq...

Bu dəfə mövzumuzu kafeyə daxil olan üç “Polad Aləmdar” tipi dəyişir.

- Qaldığım oteldə “Qurdlar vadisi”nə baxmadığım üçün təəccüblənib, “Sən necə türksən” dedilər. Bizdə yazıb-oxuyan adam o seriala baxmır, əksinə, gülür. Amma “Möhtəşəm yüz il”ə baxıram. Çox bəyənirəm.

XOR: Tarixi qeydə alan adam kimi necə hesab edirsiz, doğrudan da filmdə tarix təhrif olunub?

- Bunu əsasən Xürrəm Sultanın kimliyi baxımından deyirlər. Ona ukraynalılar da, ruslar da, Krım tatarları da sahib çıxır. Mən təhrif olunduğuna inanmıram. Çünki tarixi cizgiləri qorumağa çalışıblar. Amma televiziyanın şərtlərini nəzərə alıb, yükü dram tərəfinə salıblar. Bu da normaldır. Serial kapriz, qısqanclıq, intriqa üzündən izlənilir. Təbii ki, serial real həyatdan daha əyləncəli olmalıdır ki, tamaşaçı ona baxsın.

Aygün: Amma Qanunini Qanuni edən bir şeyi də göstərsəydilər. Hərəmlə savaş meydanı arasındakı balansı qorusalar...

- Sizi əmin edirəm ki, o zaman kimsə baxmazdı. Sultan Süleymanın həyatının üst-üstə 15 ili səfərlərdə keçib. Amma filmdə 15 il savaşan insanı göstərsən, iki bölümdən sonra izlənməz.

Turac: Baş naziriniz belə etiraz etdi...

- Anlamadım niyə...

Vüsalə: Onun müdaxiləsindən sonra isə hər bölümdə islamı bir az da qabartdılar...

- Bir neçə bölüm elə elədilər. Sonra Ərdoğan o mövzunu unutdu, indi yenə əvvəlki kimi davam edirlər. Yunanıstana getmişdim, “Möhtəşəm Yüz il” başlayanda küçədə bir allahın qulun tapmazsan, hamı izləyir. Özü də türkcə. Bundan daha böyük bir güc ola bilməz.

Samirə: Bu, siyasətin bir üsuludur...

- Bəli, Amerika kimi. O Hollivud ilə təsir edirsə, Türkiyə də bu meydana serialları ilə girib. Bu çox önəmlidir. Ərdoğanın yerinə mən olsam, qarşı çıxacağıma əl altından dəstək verərdim...

Vüsalə: “Tarixi dəyişən qadınlar” kitabında qadınlar hadisələri dəyişən faktorlardı deyirsən. Alinin həyatındakı qadınlar nələri dəyişib?

- Anam həyatımdakı ən önəmli qadındır. Məni kitab, film və səyahətlərlə böyütdü. Üstəlik, bunları orta gəlirli bir məmur olaraq etdi, yeri gələndə özünə xərcləmədi. Onun sayəsində xəyal gücü zəngin olan bir insan oldum. Sonra isə sırada xanımım var. Bütün kitablarımda onun payı var. Bütün səyahətlərimdə, araşdırmalarımda yanımda olub. Həyatımda başqa dəyişiklik yaradan qadın olmayıb.

Samirə: Euronews-da çalışırsız, bu haqda danışmaq istəyirəm. Sizcə, bir qadının bu sahədə daha çox uğurlar əldə etməsi üçün nələr vacibdir?

- Qəzetçi kökənli olmalı, xəbərin mətbəxindən gəlməlidir. Gözəl olmaq bəs deyil. Bir ara bizdə bütün Türkiyə gözəllərini xəbər aparıcısı etdilər, indi isə heç biri yoxdur. Çünki ani bir xəbərdə reaksiya verə bilmirlər. Qəşəng qız, qəşəng oğlan dönəmi bitib. Bu sahədə təhsil alması şərt deyil. Amma müxbirlikdən, xəbər yazmaqdan başlamalıdır. Ekrana çıxanda dünyadan xəbəri olmalıdır. Təcrübə lazımdır. Bunlar müsahibə əsnasında bəlli olur. Məsələn, qarşınızda bir nazir, ya çox bacarıqlı siyasətçi əyləşib. O nə desə, qəşəng qız “hə, hə” deyəcək. Amma təcrübəli jurnalist mövzudan xəbərdardı, adamın keçmişini bilir, bütün qalmaqallardan xəbəri varsa elə bir sual verəcək ki, onun siyasi karyerası bitəcək. Elektriki də olmalıdır, qoy lap Ancelina Coli olsun, amma eyni zamanda da yaxşı jurnalist olsun. Düzdü, ikisini də bir arada tapmaq olmur.

Euronews-dan danışanda dünyanın siyasi gündəminə bir az göz atıb, öz ölkələrimizə qayıdırıq. Söhbət o qədər siyasiləşir ki, qonağımız dözməyib:

- Avropa insanı çox gündəlik yaşayır, oturanda filmdən, sənətdən danışır, tətilə gedir. Bizim regionda isə insanlar çox siyasiləşib. Görün vəziyyət nə yerdədirsə mən burda dörd gözəl xanımla oturub erməni məsələsindən, İran rejimindən danışıram. Adama gülərlər... Bütün günü modadan danışmayaq, amma başqa mövzularımız da olsun. Avropa bu duruma asanlıqla çatmayıb. Məsələn, sizdə insanlar erməni mövzusunda çox həssasdır. Amerika Yaponiyaya iki atom bombası atıb, amma mən Yaponiyaya gedəndə Amerika əleyhinə danışan insan görmədim. Öz aralarında anlaşıblar, insanlar barışıb. Dünyada yəhudi soyqırımından böyük soyqırım olmayıb, amma...

Beləcə, tarixi səhifə-səhifə vərəqləyirik. Nə “erməni soyqırımı”, nə Xocalı, nə Hrant Dink, lap Əkrəm Əylisliyə qədər danışırıq. Deyir ki, tarixi oxumağın ən yaxşı tərəfi odur ki, öncədən bu ancaq bizim başımıza gəlib deyəndən sonra tarixi oxuyub başqa ölkələrin, millətlərin nələr yaşadığını görürsən və bu sənə təsəlli olur.

- Öz-özlüyündə hər insanın ağrısı var, amma həyat belə davam etmir.

Vüsalə: Ermənistan da Azərbaycandan Osmanlıdan aldığı ağrıların acığını çıxıb...

- Təbii. Amma biz erməni məsələsini həll etməyincə sizin də Qarabağ məsələniz həll olmayacaq.

Aygün: Bu lap “toyuq-yumurta” məsələsinə döndü...

- Bu coğrafiyanın müalicəyə ehtiyacı var. Türkü, kürdü, ermənisi, rusu... Axı sonsuza qədər müharibə etmək olmaz.

Bununla da müharibə mövzusunu bağlayırıq. Çünki bizə sülh lazım olduğunu biz də bilirik, amma bizə sülhdən başqa da bir şey lazımdır – torpaq! O da danışmaqla əldə olunmur.

Aygün: Yazarkən tarixi faktlara riayət edirsiz? Bir romanda tarixi həqiqətlərə nə qədər əməl olunmalıdır?

- Tarix kitablarını yazanda mütləq! Zatən olaylar məlum, rəqəmlər bəlli, faktlar ortada. Mən ora öz istəyimi necə əlavə edə bilərəm? Mən ancaq üslubu müəyyən edirəm. Çünki bu işdə istifadə etdiyin dil, üslub çox önəmlidir. Məsələn, bizim sinifdə tarix dərsində uşaqları yuxu tutardı. Çünki müəllimin dərsi danışdığı dil yaxşı deyildi. Mən jurnalist olduğum üçün tarix kitablarından çox fərqli bir dil istifadə etdim. Amma romana gəlincə, məncə əməl olunmamalıdır. Məsələn, “Möhtəşəm yüz il” belə tarixə bağlı qalır. Bir film ssenaristinin elə bir məcburiyyəti yoxdur. Tamamən onun xəyal dünyasıdır. İstədiyi formada və məncə çox da doğru təqdim edir. Yəni mən anlamıram ki, hərəmdə nə edərlər? Bu gün bizdə adamın cibi bir az pul görən kimi ikinci bir qadın alır, sevgili tapır. Adam qosqoca Sultan, üç qitə yönəldir. Nə gözləyirsən? Axşama qədər boş oturmağınımı? Böyük ehtimalla, filmdəki kimidir.

Samirə: “Tarixi dəyişənlər” seriyasından sonra romana başlamağa qərar verdiz və bunun üçün euronews-dan məzuniyyət aldız. Bu ay həmin məzuniyyət müddəti bitir. Planda nə var?

- Gələn aydan euronews-a, işimin başına qayıdıram. Amma kitab yazmağa davam edəcəm. Hələ “Tarixi dəyişənlər”ın bir neçə cildi qalıb, onu tamamlamalıyam və hadisələrin bir hissəsi Bakıda cərəyan edən romanımı bitirməliyəm.

Vüsalə: Nə vaxta hazır olar?

- “Kırık heykəl”ə tam bir ilim getdi. Bu romanı da gələn ilin mayına hazır etməyi düşünürəm.

Vüsalə: Məzuniyyətə ayrılıb kitab yazmaq üçün çox cavan deyilsən?

- 22 ildir jurnalistəm. Bu işi gördüyün zaman başqasına çalışırsan. Başqasının həyatını yaşayırsan. Məsələn, Polşa prezidenti Lex Kaçinski təyyarə qəzasında həlak oldu və mən düz iki həftə onunla bağlı xəbər hazırladım. Hər dəfə də mənim növbəmə düşürdü. Adamın anasının-atasının tarixçələrinə qədər öyrənmişdim. Təpədən-dırnağa Kaçinski olmuşdum. Kitab isə mənim karyerama işləyir. Düşündüm ki, mən artıq xəbər yazmayım, özüm xəbər olum. Sonunda bu bir tərcih məsələsi. Mən tərcihimi etdim, romançı olmaq istəyirəm. Orhan Pamuk kimi bir romançı. Bu sahədə irəliləyəcəm. Jurnalistlik isə bir tərəfdə dursun, zatən çox zamanımı almır.

Turac: Euronews nə qədər zamanınızı alır ki, kitab yazmaq üçün ordan məzuniyyət alırsız?

- Tarix kitablarımı yazmaq üçün məzuniyyətə ehtiyac yoxdur. Orda bir xüsusi yaradıcılıq tələb olunmur. Müəyyən məlumatları oxuyub analiz edirsən, sonra Vüsalə deyən kimi, işdən sonra yazırsan, şairlik kimi. Hətta iş arasında da bir saat yazmaq olar. Amma romanda həqiqətən fikrini bu işə toplamaq, konsentrə olmaq lazımdır. Ətrafında nə Kaçinski olacaq, nə Əhmədinecat, nə də başqası. Öz dünyanda olacaqsan.

Aygün: Fazil Sayın başına gələnlərdən danışmaq istəyirəm. Bu demokratiyaya nə qədər uyğundur? Bu gün Azərbaycanda da sosial şəbəkələrdə yazılan təhqirə görə cəza tətbiq olunması müzakirə olunur...

- Əgər doğrudan da təhqir varsa, məsələn, birinin anasına söyürlərsə, bunun təbii ki, cəzası olmalıdır. Əgər vətəndaşın söylədiyi bir fikir cəmiyyət üçün fiziki şiddətə çağırışdırsa, o zaman cəza qaçılmazdır. Amma Fazil Sayın məsələsində məncə cəzaya səbəb olacaq bir şey yoxdur. Mən olsam deyərəm bu adamın dinə-imana hörməti yoxdur, ateistdir, qınayıb keçərəm. Amma keçmədilər. Gələcəkdə isə keçəcəklər. Çünki bu, demokratiyaya keçidin mərhələləridir.

XOR: Bakı necə idi?

- Gözlədiyimdən çox fərqli. Donuq, keçmiş sovet ölkəsi görəcəyimi hesab edirdim. Heç də elə olmadı. Bakı çox xoşuma gəldi. Gözəl şəhəriniz, ümidverici, dünyaya inteqrasiya etmiş gəncləriniz, allah vergisi olan neft və qaz kimi avantajınız var. Sizdən öyrənəcəklərimiz var. Məsələn, sizin Bakıda insanın nəfəs alacağı parklar var. Bizim 16 milyon əhalisi olan İstanbulda isə belə parklar yoxdur. Bircə Azərbaycanın bizə tətbiq etdiyi viza rejiminin qalxmasını istəyərəm. Bu olarsa, Türkiyədən bura daha çox adam gələr. Münasibətlərimiz qarşılıqlı olar. Siz bizim filmimizdən, musiqimizdən, kitabımızdan xəbərdarsız, bu qarşılıqlı olmalıdır. Okeanın o tayında Yeni Zelandiya bizə viza tətbiq etmir, amma burdan-bura qardaşımız, soydaşımız olan Azərbaycana viza ilə gəlirik. Ümumilikdə isə suala obyektiv cavab verə bilmərəm. Almaniya, Fransa haqqında çox rahat danışa bilərəm. Bakını isə yad ölkə hesab etmədiyim üçün çatışmazlıqları görmürəm. Məsələn, hava limanına enər-enməz bir nəfər yaxınlaşıb pasportumu aldı ki, “qardaş, işini həll edək”. Bunu bir amerikalıya qarşı etsələr, yaxşı qarşılanmazdı. Mən isə dedim “Yox, qardaş. Mən gözləyərəm”. Çünki alışmışam, bizdə də elədi. Bu pis haldır, amma təəssüf ki, bizim vərdişlərimizdən biridir. Amma bunlar ötəri hallardı, keçəcək hamısı, əsas ölkədi, şəhərdi, insanların münasibətidi. Gözlədiyimdən qat-qat gözəl bir şəhər gördüm.