683
18:35
03 May 2013

Sumqayıtlıların işi “ASAN” olacaq

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt “ASAN xidmət” mərkəzinin açılışı olub. Lent. az-ın məlumatına görə, açılışda prezident İlham Əliyev də iştirak edib. Mərkəzə müraciət edən vətəndaş elektron ərizəni dolduraraq eyni vaxtda çap etdirə bilər. Mərkəz internetə daim açıq olan kompüterlərlə təchiz edilib və vətəndaşların burada bütün növ elektron xidmətlərdən yararlanması üçün hər cür şərait yaradılıb. “ASAN xidmət” mərkəzində vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, uşaq əyləncə guşəsi, internet-kafe, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir.
Binada əlillər üçün də bütün zəruri şərait yaradılıb. Binanın girişində onlar üçün xüsusi lift quraşdırılıb. Gözdən əlillərin sərbəst hərəkəti üçün isə hər bir mərtəbənin döşəməsinə xüsusi örtüklər vurulmuş və lövhələr onların “oxuya” biləcəkləri müvafiq hərflərlə hazırlanıb.
Mərkəzdə, həmçinin vətəndaşların qəbulunun elektron növbə əsasında həyata keçirilməsi üçün ən müasir avadanlıq quraşdırılıb. Elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etməsini asanlaşdıracaq.
Vətəndaşlara könüllülük prinsipi əsasında xidmət göstərmək üçün 30 gənc seçilib və təlimlərə cəlb olunub.
Mərkəzdə yerləşdirilən xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərinin, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olacaq. Mərkəzin “Çağrı” xidməti vasitəsilə vətəndaş mərkəzə gəlmədən internet və ya telefonla bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala və növbə tuta bilər. Mərkəzdə videomüşahidə kameraları və rüsumların məbləğlərini əks etdirən rüsum tablosu da quraşdırılıb. “ASAN xidmət” mərkəzində 9 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən 25 hüquqi xidmət həyata keçiriləcək. Bundan əlavə, mərkəzdə vətəndaşlara 22 növ funksional yardımçı xidmət göstəriləcək. Korrupsiya hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi məqsədilə mərkəzdə xidmət prosesi fasiləsiz videokamera vasitəsilə qeydiyyata alınacaq.