1754
17:09
26 Yanvar 2013

Nizami Rəmzi işığına toplaşanlar

Məşhur meyxana ustadı, qəzəlxan,nəğməkar şair Nizami Rəmzinin 65 illik yubileyi keçirilib.

Lent.az -ın məlumatına görə, Rəşid Behbudov adına "Azərbaycan Dövlət Mahnı Teatr"ında bəstəkar Vüqar Əhmədin aparıcılığı ilə keçirilən tədbirdə ziyalılar, mədəniyyət və incəsənət adamları, Nizami Rəmzinin sənət yoldaşları, ailəsi , yaxınları iştirak edib.

Tədbirin girişində Nizami Rəmzinin 1989-cu ildə Azərbaycan Dövlət Filarmoniyasındakı çıxışından video kadrlar nümayiş olunub. Daha sonra konserti giriş sözü ilə açan Vüqar Əhməd meyxanaçının həyat və yaradıcılığı haqqında qonaqlara geniş məlumat verərək bildirib ki, tədbiri keçirilməsində məqsəd Nizami Rəmzinin hələ də unudulmadığını göstərməkdir: “Nizami Rəmzi öz meyxanalarında sovet dövrünün haqsızlıqlarını, eybəcərliklərini, nöqsanlarını açıq-aşkar əks etdirib. O, yaradıcılığı iləmeyxana janrına yeni bir ruh verib, ona mədəniyyət gətirib. Rəmzinin bu janra gətirdiyi yeniliklərdən biri də onun meyxananı musiqi ilə ifa etməsi idi. Ona qədər isə meyxana ancaq çırtma və nağara aləti ilə deyilirdi. Musiqi ilə müşayiət isə meyxananı daha da təsirli edirdi. Meyxanaçılar arasında ilk dəfə kinofilmə ("Qəzəlxan”) və sənədli filmə ("Göy qurşağı”) çəkilib. Xarici ölkələrə də meyxananı ilk dəfə Nizami Rəmzi çıxardı. O, Türkiyə, Rusiya, Almaniya, İran, Gürcüstan, Özbəkistan və digər ölkələrdə meyxana söyləyib”.

Anşlaqla keçən tədbirdə Nizami Rəmzinin bəstələdiyi mahnılar, yazdığı şeirlər səsləndirilib. Tanınmış müğənnilər Mətanət İsgəndərli, Səyyad Əlizadə, xanəndə Mirməmməd Mircavadzadə, Abbasqulu Nəcəfzadənin rəhbərlik etdiyi “Günaydın” ansamblı, Kukla teatrının aktyoru Asif Mirzəzadə, “İlahi” nəğmələr qrupu çıxış dərək, mahnılar səsləndirib, Nizami Rəmzi haqqında xatirələrini bölüşüblər.

Qeyd edək ki, Nizami Rəmzi 1947-ci ildə Bakıda anadan olub. Rəmzi1988-ci ildə "Meyxana" folklor ansamblının yaradıcısı olub, meyxananı adi toy, el şənliklərindən böyük sənət ocaqlarına, səhnələrinə çıxarıb. İlk dəfə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında vəHeydər Əliyev Sarayındameyxana janrını geniş auditoriya qarşısında nümayiş etdirib.

O, 1997-ci ilin yanvarın 19-da dostu, meyxana ustası Kəbir Azəriilə birgə yol qəzasında həlak olub.

Jalə