13:40
25 Oktyabr 2008

Müslüm Maqomayev vəfat edib

Müslüm Maqomayev vəfat edib. Lent.az -ın məlumatına görə, məşhur müğənni uzun çəkən ağır xəstəlikdən sonra 67 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Maqomayevin ağır xəstə olduğu çoxdan məlum idi. Bəzi mənbələr müğənninin xərçəng xəstəliyindən əziyyət çəkdiyini bildirirdilər. Bu ilin iyununda isə Maqomayev gözlənilmədən Moskvadakı Bakulev adına ürək-damar cərrahiyyəsi Mərkəzinə aparılmışdı. Müğənni o zaman pərəstişkarlarını məyus olmamağa çağıraraq səhhətinin qaydasında olduğunu bildirmişdi.

Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakıda doğulub. O, məşhur bəstəkar Müslim Maqomayevin nəvəsidir. 1962-ci ildə Kreml Sarayında Azərbaycan mədəniyyəti festivalının yekun konsertində çıxış edən müğənni tezliklə bütün SSRİ-də məşhurlaşıb. Onun ilk solo konserti 1963-cü il noyabrın 10-da Çaykovski adına konsert zalında baş tutub. 1963-cü ildə isə Axundov adına Azərbaycan Opera və Balet Teatrının solisti təyin edilib. 1964-1965-ci illərdə Milandakı dünya şöhrətli “La Scala” teatrında oxuyub.

1969-cu ildə Sopotdakı festivalda birinci mükafatı, Kannda isə “Qızıl disk”i alan Maqomayevə 1973-cü ildə SSRİ xalq artisti adı verilib. 1975-1989-cu illərdə Azərbaycan dövlət estrada-simfonik orkestrinin bədii rəhbəri olub.

Maqomayevin repertuarında 600-dən çox musiqi əsəri olub. Onların arasında Azərbaycan və rus mahnıları, romanslar, klassik, estrada əsrləri və operalar var idi. Müslüm Maqomayev özünü həm də aktyor kimi sınayıb. O, “Nizami”, “Oxuyur Müslüm Maqomayev”, “Moskva notlarda” filmlərində çəkilib. Maqomayev 20-dən artıq mahnının, filmlərə musiqinin müəllifi idi.

Allah rəhmət eləsin!

Dİgər xəbərlər