1962
19:23
07 Sentyabr 2012

Simsiz enerji toplayan smartfon yaradılıb - FOTO

Finlandiyanın “Nokia” şirkəti “Windows Phone” 8 mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Lumia 920” smartfon modelini təqdim edib. Lent.az -ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, telefonu enerji ilə doldurmaq üçün ona simli enerji toplayıcısını qoşmaq vacib deyil, çünki aparatı xüsusi altlıq üzərinə qoyduqda enerji toplamağa başlayır.

“Lumia 920” modelində “PureView” texnologiyasından istifadə olunub. Şirkət nümayəndələri bildirirlər ki, bu texnologiya sayəsində az işıqlandırma şəraitində qurğuda quraşdırılan işıqlandırma funksiyasından istifadə olunmadan şəkillər çəkmək mümkündür. Avtomatik tənzimləyici funksiya videoçəkiliş zamanı təsvirin titrəməsinin qarşısını alır. Smartfonda “City Lens” əlavə reallıq brauzeri quraşdırılıb. Əlavədə istifadəçi kameradan kadrda obyektlər haqqında məlumatın yer aldığı təsviri görür. Naviqasiya funksiyasını “Nokia Maps”, “Nokia Drive” və “Nokia Transport” əlavələri tənzimləyir. “Nokia Maps” hətta internetə qoşulmadan xəritələrlə işləməyə imkan verir.

“Nokia” nümayəndələri “Lumia 920”-nin fərqləndirici cəhəti kimi ekranda təsvirin yüksək dəqiqlikdə olmasını və sürətlə yenilənməsini göstərirlər. İstifadəçi çəkiliş aparan zaman mətn və digər məlumatlar pozulmur. Smartfonun ekranı hətta əlcəklə barmaq toxunuşuna reaksiya verir. “Lumia 920” 1,5 giqahers takt tezlikli ikinüvəli “Snapdragon S4” prosessorunun bazasında işləyir. Quraşdırılmış kamera üçün optika şüşə “Carl Zeiss” şirkəti tərəfindən hazırlanıb. Aparat ekranının diaqonalı 4,5 düym, fotokameranın təsvir ölçüsü 8,7 meqapiksel təşkil edir.

“Nokia” sirkəti “Lumia 920” modeli ilə eyni vaxtda daha ucuz (qurğuların qiyməti hələ ki açıqlanmayıb) “Lumia 820” aparatını da nümayiş etdirib. Bu modeldə “PureView” texnologiyasından istifadə edilməsə də, əvvəlki qurğu kimi enerjini simsiz toplaya bilir və eyni proqram təminatı ilə təchiz edilir.