Sizin link burada

İkinci Dünya Müharibəsinin ən məşhur silahları

Dünya tarixinin ən qanlı savaşlarından olan İkinci Dünya Müharibəsi eyni zamanda müxtəlif ölkələrin öz silahlarını tanıtmasına meydan olub. Dövrünün ən yeni silah və hərbi texnikaları bu savaşda sınaqdan çıxarılıb.
İkinci Dünya Müharibəsi dönəminin ən məşhur silahları sırasında «M-1 Garand» karabini, MP-40 və «Thompson» avtomatı, PPŞ-41 tapança-pulemyotu və s. kimi tüfəngləri göstərmək olar. Bu silahlar Avropa, Şimali Afrika, Mancuriya, Cənub-Şərqi asiya, Okeaniya bölgələrində tətbiq olunub. Lent.az-ın məlumatına görə, Türkiyənin «Sabah» qəzeti İkinci Dünya Müharibəsinin ən məşhur atıcı silahlarının rəsmlərini yayımlayıb.

«Karabiner 98K». XIX əsrin sonlarından istifadəyə başlanmış bu karabin İkinci Dünya Müharibəsində alman ordusunda xüsusi yerə malik olub. İstehsalı Faşist Almaniyası təslim olana qədər davam etdirilib. «Karabiner 98K» alman əsgərlərinin ən çox sayda istifadə etdiyi və «birlikdə həlak olduğu silah» sayılır.

«M1 Carabine». Ağır və uzun «M1 Garand» və «Thompson» karabinlərini əvəz etməsi üçün yaradılıb. Yüngül və dəqiq olan bu silah uzaq hədəflərə dəqiq atəş açmağa imkan verib. Əsasən hava-desant birliklərinin istifadə etdiyi «M1 Carabine» az vaxt ərzində geniş yayılıb. ABŞ müharibə ərzində 6 milyon ədəd bu silahdan istehsal edərək müharibə dövründə atıcı silah istehsalı üzrə rekord vurub.

MP-40. Faşist Almaniyasında istifadə olunan və filmlərdə ən çox yer alan avtomat silah. Çox geniş istifadə olunmamasına baxmayaraq, əsasən bölmə komandirləri, desantlar və xüsusi təyinatlılar tərəfindən istifadə olunub. Silah öz üstünlüyünü əsasən Sovet ordusu ilə küçə döyüşlərində göstərib.

PPŞ-41. Sovet Ordusunun İkinci Dünya Müharibəsi dövründə yaratdığı və geniş istifadə olunmuş tapança-pulemyotu. İstehsalı son dərəcə asan olan bu avtomatdan gündə 3 min ədəd istehsal edilib. PPŞ-41-in istehsalı eyni zamanda Bakı da daxil olmaqla bir sıra sovet şəhərlərində həyata keçirilib.

«Sten». İngilislərin yaratdığı yarımavtomatik silah. Yaxın məsafəli döyüşlər üçün məqbul sayılıb. Müharibə dövründə ingilislər Polşada müqavimət hərəkatının partizanlarını bu silahlarla təchiz edib. Bu silah 1994-cü ilədək partizan hərəkatlarında istifadə olunub.

«Luger PO8». Alman komandirlərin istifadə etdiyi bu tapança Faşist Almaniyasının hərbi gücünün simvolu olub. Müharibədən sonra müttəfiq qoşunlarında hədiyyə və qənimət kimi istifadə edilib. Həm dövründə, həm də indi bahalı kolleksiya əşyası kimi satılır. Avtomatik doldurma funksiyası olan tapançanın uzun atış ömrü olub.
«Thompson» avtomatı. Müharibə dövrünün ən məşhur avtomatik silahlarındandır. İrlandiya vətəndaş müharibəsində ilk olaraq istifadəyə daxil edilmiş bu silahı amerikalılar müharibə başlamazdan əvvəl orduda silahlanmaya qəbul edib. Daha çox desant və kommando birliklərində istifadə olunub. Bu silaha ötən əsrin 90-cı illərinin əvvəllərində Bosniya müharibəsində də rast gəlinib.
«M1 Garand». Müharibənin əvvəlində ABŞ-da istehsal olunan bu karabinin dövrü üçün özəlliyi özünü doldurma qabiliyyəti idi. Dövrünün geniş yayılmış silahlarından olsa da ağırlığı istifadəsini çətinləşdirib. Ona görə də yerini az keçməmiş «M1 Carabine»yə verib.

StG-44 (Sturmgewehr 44). Almanların müharibənin sonlarına yaxın yaratdığı modern atıcı silah. «Kalaşnikov» avtomatlarının «atası» sayıtan StG-44 çoxlu sayda istehsal edilməsə də alman ordusunda özünü doğruldub. Silahın «MP-43» və «MP-44» versiyaları olub.

Rəşad Süleymanov

LENT

23 İyul 2018

Digər xəbərlər >>>