ALBALI PLUS – ARZULARI REALLAŞDIRAN KART!
Biznes Dostu 14% - 500,000 AZN qədər

Gülər Əhmədova: “iki qardaşı necə döydümsə, birinin ürəyi getdi” - MÜSAHİBƏ

Üçüncü kursda komsomol katibinə ərə gedən üzgüçü, riyaziyyatçı, dəcəl və “korennoy bakılı” deputat Layihə: Uşaqlığın son gecəsi

Layihənin başından bəri ilk qadın qonağımızı – Qənirə Paşayevanı uşaqlığına “qaytardıqdan” sonra, dedik, elə qadınlarla da davam edək. Elə də etdik və bu dəfə də deputat Gülər Əhmədova ilə uşaqlığın xoş xatirələrindən danışdıq.

...Bakıda doğulub. Özünü “korennoy” bakılı hesab edir. Deyir, atası Bakının Nardaran kəndindəndir. Anası tərəf isə Şamaxıdandır - bəy nəslindən olduğu üçün sovet vaxtında təqiblərə, sürgünlərə məruz qalıblar. Qovalana-qovalana da gəlib, Bakıya çıxıblar. “Nümunəvi sovet uşağı” olub. Xoş, sadə bir ailədə böyüyüb. Atası təhsilsiz, sadə bir sovet vətəndaşı, anası isə tibb işçisi olub. 4 uşaqlı ailənin böyük övladıdır. Özündən balaca iki qardaşı, bir bacısı var. Deyir, atası təhsilsiz olsa da, bütün uşaqlarını oxutmaq arzusunda olub və belə də edib. 4 uşağın hamısı oxuyub, həyatda özünə yer qazana bilib.

...Uşaq vaxtı oxumaqla yanaşı, həm idmana getmişəm, həm də pianino dərsləri alırdım. (Gülər xanım elə indi də idmanla məşğul olmağa ara vermir. Üzgüçülüklə məşğul olur, tez-tez dostları ilə hovuza, üzməyə gedir – A.G.). Valideynlərim buna – uşağın hərtərəfli inkişafına xüsusi önəm verirdi. Atam çox həvəsli idi ki, qızları təhsil alsın, bir neçə dil bilsin. Mən məktəbi Azərbaycan dilində oxumuşam. Ancaq elə o vaxtdan rus dilini rusdillilər qədər bilirdim. Mühitimiz əsasən rus dillilərdən ibarət idi. Qonşuluğumuzda xeyli ruslar, yəhudilər, ermənilər var idi. Sovet hökuməti ilə bağlı həyatımda maraqlı bir məqam var; atam tərəf sovet hökumətindən razı tərəf olsa da, - o zaman babam NKVD-nin məsul işçilərindən biri olub – anamgil Qazaxıstandan Şamaxıya, oradan isə Bakıya sürgün olunmuşdular. Ana tərəfim Şamaxının məşhur İbrahimbəyovlar nəslindəndir. Anam həmişə zarafatla “Allah sovet hökumətinə lənət eləsin, mənim Bakıda nə işim var idi axı, Şamaxıda olsa idim, indi bir bəyin xanımı idim” deyirdi. Anamgil, həmçinin, Şamaxının Şeyx Eyyub və Sofiahəmid ocaqlarından olub. Hərdən zarafatla deyirəm ki, mənim nəslim Azərbaycana islam dinini gətirənlərdən olub.

...Orta məktəbdə sinif nümayəndəsi, institutda oxuyanda komsomol katibi olub. Yoldaşlarından müsbət mənada seçilməyi bacarıb. Deyir, uşaqlığından evlərində gördüyü yeganə təlqin oxumaqla bağlı olub. Ona görə də atası bütün uşaqlarını oxutdurub. Qardaş-bacılarından hüquqşünası, müəllimi, mühəndisi də var. Balaca qardaşını isə yəqin ki, çoxlarınız tanıyırsınız. ANS televiziyasının İlqar Mikayıloğlusu.
Qonşuluqlarında ermənilərin olduğunu demişdim. Nənəmdə, deyir, səbəbini o zaman bilmirdim, ermənilərə qarşı həmişə bir nifrət var idi. Nənəsi həmişə deyirmiş ki, türklər olmasaydı, ermənilər onları qırıb çaya tökəcəkmiş. Ermənilərlə məlum hadisələr başlayandan sonra nənəsinə deyib ki, o, bütün bunları sanki əvvəldən bilirmiş. Nənəsi isə “bu ermənilərin qanı dəyişməz, həmişə belə olublar, həmişə də belə olacaqlar” deyib.

...Ancaq mən, açığını deyim ki, uşaq vaxtı qonşuluq münasibətlərində heç vaxt hiss eləməmişəm ki, bu ermənidir və ya bu yəhudidir. Biz uşaq idik, dərk eləmirdik. Mən erməninin xislətini ilk dəfə dərk edəndə, artıq 20-dən çox yaşım var idi. 1988-ci ildə qonşuluğumuzdakı ermənilər köçəndə erməni rəfiqəmlə görüşməyə getmişdim. O zaman o başlamışdı mənə “Böyük Ermənistan”dan danışmağa. Onda anlamışdım ki, anam haqlı imiş. Gəldim anama dedim ki, bunlara bax e, elə bil, dünənə qədər bizimlə qonşu olan adamlar deyil. Yadımdadı, uşaq vaxtı biz erməni uşaqları ilə oynayanda anam həmişə deyirdi ki, ehtiyatlı olun, ilanın balası da ilan olar. Həmin vaxt gördüm ki, həqiqətən də ilanın balası da, elə ilan olurmuş.

...Sovetin ateist mühitində yaşasa, böyüsə də, içində həmişə bir Allaha inam duyğusunun olduğunu söyləyir. Evlərində olan mühitlə bağlayır bunu. Deyir, məktəbdə komsomola seçilən zaman rayon komsomol komitəsinin katibi ondan soruşub ki, Allaha inanır, yoxsa yox, o da nə cavab verəcəyini bilməyib, sadəcə təsdiq mənasında başını yelləyib. Katib, deyir, əli ilə ona susmaq işarəsi göstərib və əlaçı şagird olduğu üçün komsomola qəbul edib. “Atam demişdi ki”, deyir, “Allaha inanıb-inanmadığını soruşsalar, inanmadığını demə”. “Dünyada ən böyük biclik - düzlükdür”, deyir. Bunu həyat şüarına çevirdikləri üçün valideynlərinə təşəkkür edir.

...Uşaqlığım demək olar ki, nənəmin yanında keçib. Hətta deyim ki, ailə həyatı qurana qədər nənəmlə qalmışam. Məni nənəm saxlayıb - desəm, yalan olmaz. Nənəm əsl Azərbaycan qadını idi. Azərbaycan aşıq ədəbiyyatını, bayatılarını demək olar, əzbər bilirdi. Mənim həyatımdakı bir çox şeyə nənəmin çox güclü təsiri olub. Mənim nənəm qala idi. Ata-anamın ixtiyarı yox idi məni vurmağa. Nənəm imkan vermirdi. Bəlkə də, uşaqlıqda həddən artıq ərköyün böyüməyimin səbəbi bu idi. Bizim onunla nənə-nəvə münasibətindən savayı, bir dostluq da var idi. Bütün sirlərimi nənəmə danışardım.

...Deyir, uşaqlıqda çox şuluq olub. Hətta bir dəfəsində buna görə, pionerdən xaric edilib. Məktəbdə əlaçı, sinif nümayəndəsi olsa da, özünə görə olmayıb. Sinif nümayəndəsi olduğu dövrdə isə az qala adam öldürəcəkmiş. Elə, sinif yoldaşlarından birini. Deyir, Allah üzümə güldü ki, həmin oğlan ölmədi.

...Sinfimizdə iki qardaş var idi. Ataları da o zaman çox yüksək vəzifə də işləyirdi. Bir dəfə bunlar növbətçi qalmalı idilər, ancaq dedilər ki, biz qalmırıq. Növbətçilər də adətən, sinfi səliqəyə salıb, sonra getməli idilər. Bunlar işləmək istəmirdilər. Qapını bağladım, dedim, qalacaqsınız. Bunlar da, iki qardaş, mənə qarşı artıq söz işlətdilər. Söyüş söydülər. İkisini də döydüm. Birinin, hətta ürəyi də getdi. Sinifdə bir stol var idi, bunun taxtası sınmışdı. Götürdüm həmin taxta ilə oğlanın başına necə vurdumsa, yıxıldı. İki oğlan idi, bunlarla bacarmalıydım axı.

...Ardınca, Güləri təntənəli mərasimlə pionerdən çıxarıb, məşhur qalstukunu da əlindən alıblar. Deyir, anası utandığından valideyn iclasına getməyib, atasını göndərib. Anası atasına deyirmiş ki, bunu sən belə ataman böyüdürsən. Atası gəlib valideyn iclasına, döyülən oğlanların atası deyib, bu nə qızdı, belə qız böyüdərlər? Atası da deyib ki, mən böyütdüyüm qızı bilirəm, amma vay sənin halına ki, böyütdüyün iki oğlan bir qıza döyülüb.

...Sonra atam sənədlərimi həmin məktəbdən götürdü ki, məni başqa məktəbə qoysun. Üç gündən sonra öz məktəbimin direktoru atama dedi ki, qızı gətir burda oxusun. Məktəbin ən yaxşı oxuyan uşaqlarından idim, bütün olimpiadalara məni göndərirdilər. Ona görə də, məktəbdən çıxara bilmədilər məni. Atam şərt qoydu ki, Güləri yenidən pionerə qaytarın, gəlib, oxusun. Direktor şərti qəbul elədi və məni yenidən təntənəli surətdə pionerə qəbul elədilər.

...Deyir, hər nə qədər də məktəbdə dəcəl, ataman olsa da, ev həyatında son dərəcə sakit, evə bağlı həyat sürüb. Yaşadıqları məhəllədə ana tərəfdən xeyli qohumları var imiş. Qohum uşaqlarının oyuncaqlarını, velosipedlərini ağladaraq, əllərindən alırmış. Heç kim də bir söz demirmiş. Nənəsinə görə dəcəlliyini keçirmiş qohum-qonşular. Mehriban uşaq olub, özünü hər kəsə sevdirə bilirmiş. Uşaqlıqdan insanlarla ünsiyyətdə olmağı, onlara qulluq etməyi çox sevdiyini deyir.

...Bağçaya getmək mənə qismət olmayıb. Anamın hədsiz dərəcədə təmizkarlığı bağçadan yarımçıq ayrılmağımla nəticələnib. Cəmi bir həftə gedə bilmişəm. Anam bağçada yatdığım yorğan-döşəyi evdən aparıbmış. Oradakı müəllimə də təsadüfən mənim yerimdə başqa uşağı yatırdıb, məni isə bağçanın öz yorğan-döşəyində. Anam gəlib, bunu görmüşdü və o gündən sonra məni bağçaya buraxmamışdı. Ancaq çox yaxşı bir dayəm var idi. Nənəmin xəstə olduğu müddətlərdə dayəm baxıb mənə. Rus dilini öyrənməyimdə elə həmin dayə rol oynayıb.

...Birinci sinfə getmək istəmirmiş. Deyir, dəhşətli dərəcədə həvəssiz olub. Rus dilli böyüməsinə baxmayaraq, birinci sinfə gedəndə anası onun rus məktəbində oxumasına imkan verməyib. Azərbaycan dilində çox pis bildiyi üçün məktəbin ilk günlərində oxuya bilməyib. Birinci həftədən sonra, deyib, mən daha məktəbə getmirəm. Gəlib, sığınıb nənəsinə. Deyir, nənəsinin yanında qaldığı bir həftə ərzində arvad ona yaxşıca dərs keçib, onda məktəbə getmək həvəsi oyadıb.

...Bir neçə gündən sonra tezdən hamıdan qabaq durdum ki, məni aparın məktəbə. Nənəm dedi, bu gün məktəb yoxdu. Ağladım, özümü öldürdüm ki, yox e, mən məktəbə gedirəm. Sən demə, bazar günü imiş. Axırı ki, nənəm bezdi, məni gətirdi məktəbə göstərdi ki, məktəb bağlıdı, bu gün işləmir. Ondan sonra məktəbə, oxumağa bağlı oldum.

...Həm məktəb, həm də institut həyatının çox maraqlı keçdiyini deyir. Komsomol katibi olduğu üçün özündən böyük onlarla uşağa rəhbərlik etmək tapşırığı alırmış. Deyir, indi Sumqayıtın icra başçısı olan Eldar Əzizov tələbəlik zamanında onun partiya üzvü olmasına çox cəhd göstərib. Gənc yaşında ailə həyatı qurub. Həyat yoldaşı ilə elə instituta gəldiyi ilk gün tanış olub. O da institutun komsomol katibi imiş. Partiya işinə görə yaranan dostluq münasibətləri bir müddət sonra formasını dəyişib və Gülər Əhmədova üçüncü kursda oxuyanda institutun komsomol katibi ilə evlənmək qərarı verib.

...Ən sevindiyim şeylərdən biri odu ki, hər zaman çox yaxşı dostlarım olub. Məktəb vaxtı da, institut vaxtı da hər zaman yaxşı dostlara sahib olmuşam. Çox sevinirəm ki, mən həyat yoldaşımla da əvvəl dost olmuşam. Bəlkə də onunla dost olmasaydım, heç ailə də qurmazdım. Əsasən, oğlanlarla dost olmuşam hər zaman. Qızlarla nədənsə alınmırdı məndə. Oğlanlar daha yaxşı başa düşürdülər məni. Qızların bəzi xasiyyətlərini bəyənmirdim.

...Deyir, oğlanlarla münasibətləri həmişə yaxşı olsa da, onlarla qızlardan daha yaxın olsa da, heç vaxt bu münasibətlər dostluqdan o yana keçməyib. Dost olduğum oğlanlar, deyir, heç vaxt mənə başqa gözlə baxmayıblar: “Olubsa da, mən bilməmişəm”. Oğlanların buna cürət edə bilmədiyini iddia edir. Bir dəfəsində isə “qurd ürəyi yemiş” bir oğlan bir balaca cəsarət nümayiş etdirərək, nəsə eləməyə cəhd göstərib. Ancaq...

...O vaxtı mobil telefon-filan yox idi. Bizdən iki sinif yuxarı oxuyan bir oğlan var idi. Götürüb, bizim evə zəng vurmuşdu. Soruşdum kimsən, dedi filankəs. Səhər gəldim onların sinfinə. Həmin sinifdə də mənim yaxın bir qohumum oxuyurdu. Məni gördü, soruşdu ki, sən bu sinifdə nə gəzirsən? Dedim, gəlmişəm filankəsi döyməyə. Soruşdu niyə, dedim axşam bizə zəng vurub. Dedi, sən get, ayıbdı, mən özüm onu döyərəm. Beləcə, o oğlanı döymədən getdim.

...Deyir, ailədə elə mühitdə böyüyüblər ki, bu kimi şeylərdən tamamilə uzaq olublar. Cehiz sözünü, deyir, mən ilk dəfə ailə quranda eşitmişəm, cehizin nə demək olduğunu onda bilmişəm: “İndi baxıram ki, qızlar özlərinə cehiz alıb, yığırlar”. Anası ona cehiz alıb yığsa da, onun bundan xəbəri olmayıb. Ailə quranda, deyir, anası deyib ki, gəl, cehizlərinizi bölək. Gülər deyib, cehiz nədi, nə cehiz?

Məktəbdə yaxşı oxuyan şagird olduğu üçün müəllimlərin də əksəriyyətinin sevimlisi olub. Deyir, müəllim olub ki, onu öz uşağı qədər istəyib, eləsi də olub ki, bir-birilərini görməyə gözləri olmayıb.

...Bir coğrafiya müəlliməmiz var idi. Qəribə xasiyyətə sahib idi. Şuluq uşaqlara gücü çatmırdı, gəlib fağırları vururdu. Mənim də bir sakit rəfiqəm var idi. Həmin müəllimə gəldi, bu qızı vurdu. O qızın üstündə az qaldım həmin müəlliməni öldürəm. Yazıq qız da, o qədər xanım-xatın qız idi ki, sinifdə döyüləcək ən sonuncu uşaq o idi. Müəlliməyə dedim, indi mən səni vursam, xoşuna gələr? Müəllimə sinifdən qaçdı, getdi. Getdi, direktorun yanına. Sonra o sakit qızın anası gəldi məktəbdə müəllimənin üstünə. Mən yaddan çıxdım.

P.S. Avqustun 20-si Gülər Əhmədovanın doğum günüdür. Lent.az-ın kollektivi Gülər xanımı doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, işlərində uğurlar arzulayır.

Anar GƏRAYLI

Yazar

Lent.az

Oxunub

6494 dəfə

Tarix

15.08.2011 / 11:50

Xəbər lenti



31 Avqust 2014

30 Avqust 2014

29 Avqust 2014

Online: 689