Nakam sevgi, yarımçıq ömür və... vəfasızlıq nağılı - HEKAYƏT

“Mənə dedi ki, “qaqulya, hamıya veriliş elədin, bir məndən başqa...”
... Bəlkə də kənardan hər şey çox yaxşı, hətta həsəd aparılacaq dərəcədə görünürdü. Məşhur sənətkarların ailəsində dünyaya göz açmışdı. O vaxt bu o demək idi ki, hansısa problemi, qayğısı, ən azından maddi çətinliyi yoxuydu... Aktrisa idi. Özü də ölkənin bir nömrəli teatrının. Gözəl obrazlar yaradırdı, tanınırdı, sevilirdi. Hələ bundan da artıq məşhurlaşacaq, sənət zirvələrini fəth edəcəkdi. Ömür vəfa etsəydi...

... Bəlkə də çoxları onu xoşbəxt qadın sayırdı. Gözəl, cazibədar idi. Çoxları ona heyran olurdu, çoxlarının ağlını başından alırdı. Ən əsası sevib-sevilirdi. Məhəbbətlərin ən böyüyünə, ən gözəlinə... ən sonsuzuna sahiblənmişdi. Bəlkə hələ daha da xoşbəxt olacaqdı, ailəsini quracaqdı. Ömür vəfa etsəydi...

... Əslində heç üzünə baxanda xəstə olduğunu anlamazdın. Gözlərinin parıltısını, yanaqlarının qırmızısını, üzündəki təbəssümü, gözəlliyini və cazibədarlığını itirməmişdi. Sadəcə bir azca, lap azca əzgin olurdu. O da ancaq evdə, axşamlar hiss edirdi zəifliyini. Teatra qədəm basan kimi isə hər şeyi unudurdu. Elə ona görə də çoxları ona bu diaqnozu qoya bilmirdi. Amma bilirdilər ki, o, bu dünyanın qısa müddətlik mehmanıdı. Və bir azdan o sevimli qonaq gəldiyi kimi də bu dünyanı tərk edəcək...

... Cəmi 42 il yaşadı. Amma bu qısa ömrə bir neçə nəfərin görə biləcəyi işləri sığdırdı. Və adını Azərbaycan teatr tarixinə əbədi yazdırdı. Vəfa Fətullayeva kimi.

Müəllimin sözünə acıq edərək fakültəsini dəyişir

1945-ci il avqustun 25-də Bakıda dünyaya göz açmışdı. Özü də görkəmli sənətkarların ailəsində. Elə ona görə də ağlı kəsən gündən eşitdikləri teatr, sənət söhbətləri olmuşdu. Atası Nüsrət Fətullayev Azərbaycan teatr tarixinə ən yaxşı rəssamlardan biri kimi düşüb. Bütün həyatını Milli Dram Teatrında səhnələşdirilmiş əsərlərin tərtibatına həsr edib. Əmisi Fateh Fətullayev daha çox teatr aktyoru olsa da, tamaşaçılar onu “Ögey ana”da İsmayılın atası, “Bir məhəlləli iki oğlan”da Əliqulu, “Qaraca qız”da bəy kimi tanıyır. Digər iki əmisi Şəmsəddin və Nurəddin bəstəkar olub. Anasının isə bircə adını çəkmək kifayətdir – Hökumə Qurbanova. Tək ailəsi yox, elə yaşadığı məkan da sənət adamlarından ibarət idi. İçərişəhərdə evləri olan küçədə o qədər tanınmış insanlar yaşayırdı. Şəmsi və Əfrasiyab Bədəlbəylilər, Fateh Fətullayev, Əhməd Cavad, Nurəddin Fətullayev və Rafiq Hüseynovun evi o küçədə yerləşirdi. Vəfanın uşaqlığı belə bir ortamda keçmişdi. Çox vaxt əmisi uşaqları ilə bir yerdə olurdu. Teatra da birlikdə gedirdilər. Hər bazar günü saat 12-də balaca dostların getdiyi eyni məkan vardı – Akademik Dram Teatrı. Onlar üçün teatrda xüsusi loja ayrılırdı və orada oturub tamaşalara baxırdılar. Sonradan isə evdə yaddaşlarına həkk olunmuş obrazları yamsılayırdılar. Biri Xuraman olurdu, o biri Vaqif... Böyüklərin, valideynlərinin teatr söhbətlərini eşidəndə isə elə bil başqa aləmə düşürdülər. O qədər maraqlı görünürdü ki, oturub diqqətlə qulaq asırdılar. Və beləcə, ürəklərində teatra sevgi, məhəbbət yaranırdı...

Bu cür sənətkarlar ailəsində böyüyən bir qızın teatra, sənətə gəlməsi əslində labüd və gözlənilən bir hal idi. Amma deyəsən Vəfanın əvvəldən aktrisa olmaq fikri yoxuydu. Yəqin elə ona görə də aktyorluq fakültəsini seçməmişdi. Əvvəlcə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olan Vəfa Rus Dram Teatrının baş rejissoru Məhərrəm Haşımovun kursuna düşür. Vəfanın bir müddət öz xarici görkəmini nəzarətsiz buraxaraq kökəlməsi Məhərrəm Haşımovun diqqətindən yayınmır. Dərslərin birində “Qız, sən yaman kökəlirsən, bunun axırı hara gedəcək?”, - deyir. Yarızarafat-yarıciddi deyilmiş bu sözlər Vəfanın xətrinə dəyir. O hadisədən sonra bir də həmin sinfə girmir. Acıq edərək fakültəsini dəyişib, keçir teatrşünaslığa. Hələ üstəlik, arıqlayır da.

Tez ərə gedir, tez də ayrılır

Aktrisalıq fəaliyyəti isə elə institutda oxuyanda başlayır. Akademik Dram Teatrında “Məhv olmuş gündəliklər” tamaşasında Fəridə roluna dəvət alır. Amma bu, onun ilk rolu deyildi. Birinci dəfə səhnəyə çıxanda hələ 8-9 yaşı vardı. Şekspirin “Qış nağılı” pyesində kralın oğlu Mamili obrazını yaratmışdı. Özü də anasıyla eyni səhnəni paylaşmışdı. Bəlkə də elə o vaxtdan qızını aktrisa görmək arzusu Hökumə Qurbanovanın ürəyində kök salmağa başlayır. Qızı böyüdükcə bu istəyi də böyüyür... Deyilənə görə, Vəfanın aktrisa olması yalnız Hökumə Qurbanovanın arzusu, istəyi idi. Və məhz anasının ciddi təhriki, tələbi ilə aktrisa olmuşdu Vəfa. Amma Vəfa Fətullayevanın əmisi oğlu, rejissor Hafiz Fətullayev bu fikirlə razılaşmır. Deyir ki, Hökumə Qurbanova qızının aktrisa olmasının tərəfdarı olmayıb: “Yoxsa Vəfa elə əvvəldən aktyorluq fakültəsinə girərdi. Amma qızının bu istəyini də xüsusi bir etirazla qarşılamadı. Hökumə xanım heç bir rejissora deməmişdi ki, Vəfaya rol versin. Rejissorlar özləri onu bəyənib rol veriblər. Hətta Əliheydər Ələkbərov “Mahnı dağlarda qaldı” tamaşasında Gülgəz rolunu Vəfaya verəndə şübhələnirdi ki, o, bu rolu oynaya bilər, ya yox. Vəfa da elə gözəl oynadı ki, bu rolu ... Çoxları o tamaşadan sonra dövlət mükafatı aldı, amma nədənsə Vəfaya vermədilər. bəlkə hələ gənc olduğuna görəydi, bilmirəm. Halbuki o almalı idi. Ancaq bir neçə il sonra “İblis” tamaşasındakı Rəna roluna görə, Vəfa Dövlət mükafatına layiq görüldü. Ümumiyyətlə, Vəfa sözə qulaq asan qız idi. Çox mülayim xasiyyəti vardı. Onunla 5 dəqiqə oturub söhbət edəndən sonra bütün əhvalın dəyişirdi. Elə şaqqanaq çəkib gülürdü. Allah onu əsl ev xanımı kimi yaratmışdı. Hansı bir evin xanımı olsaydı, xoşbəxt olardı...”

... Bir evin xanımı olmuşdu. Amma xoşbəxt ola bilmişdimi? Heç olmasa, o qısa ömrünün müəyyən məqamlarında. Bəlkə də... Bəlkə elə özünü xoşbəxt hesab etdiyi anlardan biri ailə quran zaman olmuşdu?! Onda hələ çox gənc idi. Məktəbi yenicə bitirmişdi. 18-19 yaşı ancaq olardı. Zaur Nağıyev adlı bir idmançı ilə tanış olmuşdu. Az müddət görüşəndən sonra tələsik bir qərarla tez bir zamanda ailə qurmuşdular. Amma elə o cür tez bir zamanda da ayrılmışdılar. Zaurun Vəfanı çox sevməsinə rəğmən... Deyilənə görə, gənclərin ayrılmasının baiskarı Hökumə Qurbanova idi. Daha doğrusu, onun qızını aktrisa kimi görmək arzusu, iddiası. Çünki bu böyük aktrisa sənətinin davamçısı olaraq öz qızını görürdü, ya da sadəcə görmək istəyirdi. Və bu istəyini nəyin bahasına olursa-olsun həyata keçirmək niyyətindəydi. Hətta qızının ailəsini dağıtmış olsa belə. Necə də olmasa, ananın sakit, ürəyiyumşaq qızı üstündə çox böyük təsiri, təzyiqi vardı. Zaur isə həyat yoldaşının aktrisalıq etməsinə heç cür razı ola bilmirdi. Çox keçmir ki, bu fikir ayrılığı öz “bəhrəsini verir”. Hökumə Qurbanova hökmünü yerinə yetirərək, qızını yoldaşından ayırmaq istəyinə çatır. Bundan sonra növbə çatır onun əsas arzusuna – Vəfanın aktrisalığına. Aktrisalığa gedən ilk yolsa institutdan başlayırdı. Məhz ərindən boşanandan sonra Vəfa Teatr İnstitutuna girir...

Əvvəl tərəf müqabili, sonra sevgili...

Zaur Nağıyev isə ikinci dəfə evlənir. Amma Vəfa... Düzdür, ikinci dəfə ailə qurmur. Ancaq sevir və sevilir. Bəlkə də elə bu böyük məhəbbətə görə Vəfa daxilən anasına həmişə minnətdar olub. Onu bu sənətə gəlməyə vadar edən anası olmuşdu axı. Aktrisa olmasaydı, elə bir sevgiylə qarşılaşacaqdımı, kim bilir?! Çünki sonsuz bir məhəbbətlə sevdiyi bu şəxs öz həmkarı idi. İlk dəfə “Məhv olmuş gündəliklər” tamaşasında tərəf müqabili kimi eyni səhnəni paylaşmışdılar. Sonradan isə tədricən həyatlarını, sevgilərini, hisslərini də. Onlar bir-birini çox təmiz, böyük və əsl məhəbbətlə sevirdilər. Amma nədənsə bu sevginin sonu olmadı. Ailə qurmadılar... qura bilmədilər. İcazə vermədilər. Vəfanın anasımı, ya oğlanın ailəsimi? Bunu heç kim dəqiq deyə bilmir.
Hafiz Fətullayev bu məsələ haqqında ətraflı danışmasa da, yalnız bunları söylədi: “Başa düşürdülər ki, nə qədər Hökumə Qurbanova var, onlar ailə qura bilməyəcəklər. Vəssalam... Hökumə Qurbanova o aktyoru çox istəyirdi. O aktyor özü də Hökumə xanımın yaradıcılığına yüksək qiymət verib. Amma bir insan kimi münasibətləri, ola bilsin, başqa cür olub”. (Çoxları onsuz da bilir. Amma biz yenə də heç kimi incitməmək üçün o adamın adını çəkmirik. Bircə onu qeyd edək ki, bu şəxs hazırda Azərbaycan teatr və kinosunun ən görkəmli sənətkarlarından biri, xalq artistidir.)
Akademik Milli Dram Teatrının aktrisalarından biri isə tam əksini dedi: “Hökumə xanımın ona böyük hörməti vardı. Həm sənətinə, həm də şəxsiyyətinə. Münasibətlərinə də narazı deyildi. Dəfələrlə onların üçünü birlikdə oturub söhbətləşən, çay içən görmüşük. Qastrollara birlikdə getmələrinin şahidi olmuşuq. Amma nədənsə ailə qurmadılar. Bəlkə də oğlanın ailəsi razı deyildi?! Bircə onu deyə bilərəm ki, onlar arasında həqiqətən çox böyük məhəbbət vardı. Təəssüf ki, bu məhəbbətin sonu olmadı”.

Heç nəyə baxmayaraq, münasibətlərini davam etdirdilər. Kim nə deyir desin, birlikdəliyin, xoşbəxtliyin dadını çıxardılar. Hələ bəlkə daha da xoşbəxt olacaqdılar. Kim bilir, bəlkə elə ailə də quracaqdılar?!

Ömür vəfa etsəydi...

Ömür vəfa etmədi... Vəfa Fətullayeva gözlənilmədən sağalmaz bir xəstəliyə düçar oldu. Necə oldu, nə vaxt başladı, bilmədilər. Bir də onda gördülər ki, xərçəng artıq qanına hakim kəsilib. Onu da deyirlər ki, Hökumə Qurbanova hökmlü olmaqla yanaşı, həm də çox qızılpərəst idi. Hansı ölkəyə gedirdisə, evdəki bütün qızıllarını sandıqçasına yığıb özüylə aparırdı. Moskvaya növbəti səfərlərinin birində də belə edir (Hökümə Qurbanova bəstəkar Müslüm Maqomayevin bacısı Malikat xanımın qızı idi. Moskvaya hər gəlişlərində ora da baş çəkirdilər). Amma bu səfər sarsıdıcı bir hadisə ilə yadda qalır. Hökumə Qurbanova və Vəfa univermaqda gəzərkən qızıl dolu kisəni orada unudurlar. Bu hadisədən çox təsirlənirlər. Və bəlkə də bu hadisə Vəfanın xəstəliyinin başlanğıcı olur. Çox keçmir ki, xəstəlik özünü göstərməyə başlayır. Səhhəti zəifləyir. Amma gözəlliyinə hakim kəsilə bilmir. O, son günə qədər üzündəki nuru, gözündəki işığı saxlaya bilir. Həyatının son dörd ayını isə xəstəxanada keçirir. Hafiz Fətullayev əmisi qızının son günlərində də onun yanında olurdu. Hətta onun haqqında veriliş hazırlamaq niyyətindəydi: “Bir gün mənə qayıtdı ki, “qaqulya, hamıya veriliş elədin, bir məndən başqa”. Dedim “Vəfa, sənə yaxşı bir veriliş hazırlayacam. O verilişdə oynamaq istədiyin rolları üzə çıxaracam”. Çox sevindi. Hətta artıq verilişin planını da tutmağa başladıq. Amma ömür vəfa etmədi...

Xəstəlik ona güc gəldi və 1987-ci ilin may ayında, heç 42 yaşı tamam olmamış vəfat etdi. Sağ ikən onun haqqında veriliş hazırlaya bilmədiyimə görə, hələ də içim yanır. Çox təəssüf... Vəfa çox gözəl insan idi. İçində o qədər sevinc hissi vardı. Ürəyi yumşaq, mehriban, şən, zarafatcıl, deyib-güləniydi. Üzündəki təbəssüm heç vaxt əskik olmurdu. Ürəyində böyük, sonsuz məhəbbət vardı. Həyatı, yaşamağı çox sevirdi. Teatrda elə bir adam yox idi ki, onu sevməsin. Çünki heç kəsi incitməmişdi, könlünə toxunmamışdı, ağır söz deməmişdi. Arzuları da böyük idi. Çoxlu rollar oynamaq istəyirdi. Amma qismət olmadı, ömür vəfa etmədi...”

... Ömür vəfa etsəydi, arzularını həyata keçirəcəkdi. Ömür vəfa etsəydi, Kleopatra, Janna Dark, Kuraj ana olacaqdı. Ömür vəfa etsəydi, hələ çox işlər görəcəkdi. Heç olmasa gözlədiyi verilişə baxa biləcəkdi. Amma bütün arzuları ürəyində qaldı. Səbirsizliklə gözlədiyi veriliş isə “Ömür vəfa etsəydi” adı ilə ölümündən sonra efirə çıxdı. Onun ölümü çoxlarının qəlbini parçaladı. Onun ölümünə çoxları yandı. Atası Nüsrət Fətullayev yeganə övladının itkisinə dözməyib, 2 aydan sonra rəhmətə getdi. Anası Hökumə Qurbanova isə xəstəxanaya düşdü və bir neçə ay sonra dünyasını dəyişdi.

... Ömür Vəfaya bu cür vəfasızlıq etdi...

Amma bu, yalnızca cismani ayrılıqdı. Deyəsən “insanın ruhu ölmür, nə vaxtsa bir başqasının bədənində yaşayır” fikri doğrudur. Bu gün Azərbaycanda yeni bir Vəfa Fətullayeva yaşayır, böyüyür. Hafiz Fətullayevin son beşiyidir. Hələ cəmi 12 yaşı var. Adını da Vəfa Fətullayeva özü yuxuda verib. Gözləri, üzü, danışığı elə bil Vəfanın özüdür. Sənətə də çox böyük meyli və bacarığı var. Və kim bilir, bəlkə məhz bu qızcığaz gələcəyin ikinci Vəfa Fətullayevası olacaq?! Təki, ömür vəfa etsin...

Xəyalə MURADLI

LENT

22 Mart 2019
21 Mart 2019

Digər xəbərlər >>>