Bakının divarlardan silinən tarixi

Üzü astarından baha binaların təmiri tariximizə kölgə salır, ekologiyamıza və büdcəmizə ziyan vurur

"Bakı çox dəyişib, şəhəri tanımaq olmur. Hündür binalar, yaşıllıqlardan təmizlənmiş geniş və açıq parklar Bakının simasını çox dəyişib. Əvvəllər Bakı ilə tanışlığı olmayan adam buranın bir müsəlman şəhəri olduğuna, şəhərin əsas hissəsinin XIX əsrdə tikildiyinə inandırmaq olmur".

Ömrünün 22 ilini indiki Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Layihə İnstitutunda işləmiş Vidadi Süleymanov belə deyir. 1996-cı ildən Rusiyada çalışan həmyerlimiz Bakının yenidən qurulması istiqamətində görülən tikinti və bərpa işlərinin vahid plan əsasında aparılmadığını deyir: "Təmir və yenidənqurma, müasirləşmə hər yerdə gedir. Amma şəhərsalma elə bir sahədir ki, ortada bir plan, siyasət olmadan onu həyata keçirmək olmaz. Köhnə binaların sökülüb yerində yenisini tikmək olar, lakin milliliyi qorumaq, tarixi silib atmamaq naminə. Təəssüf ki, indi Bakıda milli kolorit qalmayıb, hətta tarixi binaların fasadlarını da dəyişiblər".

Bir ildən çoxdur ki, Bakıda mənzil tikintisi əməlli-başlı dayanıb. Hazırda tikintisi davam edən göydələnlərin sayı barmaqla sayıla biləcək qədər azdır. Əvəzində mövcud yaşayış binalarında, istirahət parklarında, avtomobil yollarında aparılan təmir və yenidənqurma işləri geniş vüsət alır. İndi Bakıda hara baxırsan təmir işləri gedir, hər tərəfdə rəngli çəpərlərin əhatəsinə alınan ərazilərlə qarşılaşırsan. Gah dövlət binaları təmir olunur, gah parklar yenidən qurulur, gah da asfalt örtüyü sökülərək yenisi ilə vəz olunur. Hamısı da eyni görkəmdə – rəngli çəpərlərin əhatəsində, qapalı və gözdən-könüldən gizli bir şəraitdə.

Ekspertlərin təxmini hesablamalarına görə, 2008-ci ildə Bakıdakı fəvvarə və hovuzların tikintisinə büdcədən 11 milyon manatdan artıq vəsait xərclənib. Ancaq bu rəqəmi iqtisadçılar kiçik məbləğ hesab edirlər. "MBA konsaltinq" şirkətinin rəhbəri Nüsrət İbrahimov deyir ki, istənilən tikinti sahəsinin sahəsinin hər kvadratmetrinə çəkilən ümumi xərcdə təmir xərcləri 50-60 faizdən çox olmamalıdır. Amma onun sözlərinə görə, Bakıda park və bağların, yolların və çoxmərtəbəli binaların təmiri onun inşa xərclərindən baha başa gəlir: "Bizim hesablamalarımıza görə, təkcə İçərişəhərin asfalt örtüyünün dəyişməsi ilkin tikintidən ikiqat baha çıxıb ".

Filarmoniyanın harmoniyasını pozublar

Tanınmış memar Vidadi Süleymanovu isə təmir işlərinə çəkilən xərclərdən çox qədim tarixə malik binaların taleyi düşündürür. Müsahibimiz son bir neçə ildə "Qubernator evi", "Neftçilər" prospekti, Müslüm Maqomayev və Yusif Məmmədəliyev küçələrində yerləşən (“Atlantlı bina” – E.S.) kimi tarixi binaların sökülməsindən, qədim İçərişəhərin, köhnə "Torqovı" küçəsinin, metronun "İçərişəhər" stansiyasının müasirləşdirilməsindən narahatdır. Onun sözlərinə görə, metronun "İçərişəhər" stansiyasının piramida şəklində tikilməsi Bakının tarixinə, konkret olaraq, Qala divarlarına yamaq kimi görünür.

"Mən bu barədə Bakıdakı həmkarlarımla da danışmışam, hamı şəhərdəki təmir-tikinti işlərinin bu şəkildə aparılmasından narazıdır. Məqsəd şəhəri gözəlləşdirməkdirsə, "Filarmoniya bağı"nın əvvəlki görkəmi daha yaxşı idi. İçəri Şəhərin Qala divarları, Dövlət Filarmoniyasının binası ərazidə bitkin və mənalı bir kompozisiya, ansambl yaradırdı. Amma indi bağı da, Filarmoniyanın binasını da müasirləşdiriblər, oradakı harmoniya pozulub. Üstəlik, bağda yad mənşəli, xaricdən gətirilən ağac və kollar da əkilib. Bütün bunlar Bakının tarixinə, maddi-mədəni dəyərlərinə yamaq kimi görünür” – deyə, müsahibimiz bildirir.

Tarixi arayış

Qədim mənbələrə görə, İçərişəhərin qala divarları Şirvanşah 3-cü Mənüçöhrün tapşırığına əsasən, 1138-1139-cu illərdə tikilib. İlkin dövrdə qalanın divarlarının uzunluğu 1500 metr olub. Dəfələrlə düşmən hücumuna məruz qalan və bərpa edilən qala divarlarının indi təxminən 500 metr hissəsi sağ-salamatdır. Ötən il Nazirlər Kabinetinin qərarı ilə Qala divarları, eləcə də metronun “İçərişəhər” stansiyasının arxasında yerləşən Filarmoniya bağı əsaslı təmir olunub, Qala divarları boyunca ağac və kollar əkilib.

Vidadi Süleymanovun haqqında danışdığı tarixi abidələrdən biri – “Atlantlı bina”nın 1900-cü ildə inşa olunduğu bildirilir. Bu qədim binaya ön hissədən baxdıqda sanki 4 yunan atlantı onu çiynində saxlayırmış. Elə buna görə də paytaxt sakinləri həmin binanı “Atlantlı bina” deyə nişan verirmiş. Qədim yunan mifologiyasında Atlant göy qübbəsini saxlayan allah olub. Memarlıqda “atlant” kişi bədəni şəklində dayağa deyilir. “Atlantlı bina”nın arxasında vaxtilə Mədəniyyət və İncəsənət Universitetinin binası yerləşib. 1997-ci ildən həmin ərazi universitetin tədris korpusu da daxil olmaqla xarici şirkətlərdən birinə satılıb və indi onun yerini müasir, hündür binalar tutur.

Nostalji

Vidadi Süleymanov deyir ki, “Atlantlı bina” ilə yanaşı Mədəniyyət və İncəsənət Universitetinin binası da memarlıq baxımından əzəmətli idi: “Gözəl bina idi, o küçə, o çinarlar, o sərinlik, o aristokratiya... Heç kəs oradan ayrılmaq istəməzdi. Belə yaraşıqlı binanı sökmək günah idi, amma sökdülər. Mən həm də ona təəssüflənirəm ki, o dövrdən Bakıda tarixi binalara qarşı yönəldilmiş qəsd indi daha geniş formada davam edir. Mənə elə gəlir ki, ölkə rəhbərliyi bu məsələyə mütləq münasibət bildirməli, şəhərin tarixini məhv edənləri cəzalandırmalıdır”.

Əməkdar inşaatçı Emil Axundov da Bakının mərkəzindəki qədim tarixə malik tikililərinə belə münasibətin bağışlanmaz olduğunu deyir: “Biz tarixi memarlıq abidələrimizin qayğısına qalmalıyıq. Belə binaları nəinki sökmək, yaxud divarlarını yonmaqla müasirləşdirmək təhlükəlidir, əksinə biz onları vibrasiyadan, küçədəki yük maşınlarının hərəkətinin təsirindən də qorumalıyıq”.

Emil Axundov deyir ki, Bakının tarixi abidələrinə təbiətdən daha çox insanların acgözlüyü, yalançı vətənpərvərlik ziyan vurur. Onun sözlərinə görə, bir yandan tikinti şirkətlərinin maraqları, digər yandan isə bəzi məmurların öz işinin öhdəsindən gələ bilməməsi Bakıdakı qədim tarixə malik gözəl binaların, bütövlükdə memarlıq mədəniyyətinin məhvinə səbəb olur.

Bununla belə, əməkdar inşaatçı hələ də vəziyyətdən çıxış yolu olduğunu düşünür. Onun sözlərinə görə, ölkə başçısı tarixi binaların sökülməsinə və görkəminin dəyişdirilməsinə qadağa barədə sərəncam verməlidir. Belə binaların təmiri və yenidən qurulması zərurəti yarandıqda isə bu işi görmək üçün Milli Elmlər Akademiyasından, Şəhərsalma və Arxitektura Komitəsindən razılıq alınmalıdır.

Yeri gəlmişkən, son vaxtlar Bakıda inzibati binaların divarlarının yonularaq ağardılması da dəb halını alıb. Hazırda binaları qaşımaq əməliyyatları Bakının müxtəlif ərazilərində aparılır. İndi paytaxt sakinlərinin ən çox sevdiyi “Nizami” (köhnə “Torqovı” – E.S.) analoji təmir işləri aparılır. Binaların qaşınması səbəbindən göyün yeddi qatına qalxan toz boğanağı isə burada hansısa bir partlayışın olması təəssüratını yaradır.

Emil Axundov isə deyir ki, binaların ağardılması tarixi abidəyə və büdcəyə ziyandan başqa bir şey deyil. Onun sözlərinə görə, yay aylarında aparılan təmir-qaşınma prosesi təkcə binalara yox, ərazidə hərəkət edən vətəndaşlara qarşı da hörmətsiz davranışdır. Çünki rekonstruksiya işləri elementar normaları görmədən aparılır. Məsələn, divarlardan qopan tozun kənara yayılmasını önləmək üçün burda bir metr belə tor asılmayıb.

Müsahibimiz deyir ki, əvvəllər belə işlərlə Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Bərpa idarəsi və Milli Elmlər Akademiyasının Memarlıq İnstitutu məşğul olurdu. İndi isə binaların fasadlarının yonulması pərakəndə, heç bir rəsmi qurumla razılaşmadan aparılır: “Memarlar bu işdən tam kənarda saxlanılıb. Bizim rəyimizi heç kim nəzərə almır. Sanki, bina ilə bağlı işlərdə memara ehtiyac belə yoxdur. Bu işi görənlərin əksəriyyətinin memarlıqdan, tarixi abidədən xəbəri belə yoxdur. Konkret olaraq, “Torqovı”dakı binaların elə naxışları, memarlıq elementləri qırılıb tökülür ki, buna sadəcə dözmək mümkün deyil”.

Divarı ağartmağın başqa yolu varmı?

Maraqlıdır, binaların fasadlarının təmizlənməsi üçün başqa vasitələr varmı?

Rəyini soruşduğumuz ekspertlər bu işin başqa alternativinin olduğunu düşünürlər. Məsələn, Emil Axundov deyir ki, binaları daş tozu ilə rəngləmək daha məqsədəuyğundur. Onun sözlərinə görə, toz üzlük daşları bərkidir, binanın ömrünü uzadır. İnkişaf etmiş, xüsusən də qədim tarixə malik şəhərlərdə isə belə binalar xüsusi avadanlıqların köməyi ilə kimyəvi maddələrlə təmizlənir: “Bəli, dünyada binaların fasadının təmizlənməsi üçün belə üsullar da var. Amma bu, bahalı metoddur. Bahalı xidmətdən istifadə etməyə imkanımız yoxdursa, bu o demək deyil ki, balta ilə, drellə binalarımızı oyub tökməliyik”.

Ekspert deyir ki, bəzi yerlərdə binaları sadəcə su ilə yuyurlar. Amma bunun bir nöqsanı da var ki, divarları tez eroziyaya uğradır. Elə bu səbəbdən də sovet dövründəki kimi kimyəvi maddələrlə təmizləmə daha məqsədəuyğundur.

Elxan SALAHOV

LENT

23 May 2019

Digər xəbərlər >>>