ALBALI PLUS-dan 0% KOMİSSİYALI NAĞD KREDİT!
AİLƏ KREDİTİ 18%- 50,000 AZN qədər

Ramin Musayev: “ ...“plyaj” formasında segah oxuyur” - MÜSAHİBƏ

“Faiq Ağayevə Avropadan bir qız tapmaq lazımdı”

Lent.az-ın “Ciddi-Ciddi” rubrikasının növbəti qonağı qonağı nə siyasətçi, nə də şou-biznes nümayəndəsi deyil. Bu dəfə daha çox futbol ictimaiyyətinə tanış olan şəxsdən - Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevdən müsahibə götürmüşük. Futbol sahəsinə aid olan keçmiş polis işçisinin şou-bizneslə bağlı fikirləri çox maraqlıdı...

- Şou-bizneslə nə dərəcədə maraqlanırsınız?

- Vallah, hazırda buna heç vaxtım da yoxdur. Səhər saat 9-dan axşam saat 10,11-ə qədər iş...

- Hər halda, ən azından avtomobillə gedərkən radioda bu mövzuda verilişlərin rastınıza çıxması mümkündür...

- Misal olaraq bir şey deyim. Aprelin 27-də səhər “104-FM”ə qulaq asırdım. Diktor-aparıcı deyir ki, “Peşəkar Futbol Liqasının mətbuat xidmətindən aldığımız məlumata görə, “İnter”-“Xəzər” oyununun baş hakimi filankəsdir, “İnter” udsa çempion olacaq“. Təsəvvür edirsiz, aprelin 25-də baş tutmuş oyunun “hakimlərinin kim olacağı barədə” 2 gün sonra danışırlar. Axırda da dedi ki, oyun bu gün olacaq. Bunu eşidəndən dedim söndür radionu...

- Bu cür informasiyalarla tez-tez rastlaşırsız?

- Yox, ümumiyyətlə qulaq asan deyiləm. Qulaq asanda da bunu eşitdim.

- Hansı musiqi növünü dinləməyi sevirsiz?

- Vallah, muğamatdı məndə.

- Konkret kimləri dinləyirsiz?

- Hazırda mənim yanımda Süleyman Abdullayevin səsi olan DVD var.

- Telekanallarda müğənnilərin bir-birilə münaqişələri, qalmaqalları olur. Buna münasibətiniz necədir?

- Televizorda elə şeylərə baxmıram.

- Bu yaxınlarda “apasport.az” saytında müğənni Baqiranın müsahibəsi verilmişdi. Həmin müsahibədə Baqira qapıçı Hüseyn Məhəmmədovla münasibətlərindən danışmışdı. Ümumilikdə bir sıra futbolçuların bəzi müğənnilərlə adları birlikdə çəkilir. Bu, nə dərəcədə normal hal sayılır? Bu məsələ bizdə də Avropadakı kimi olmalıdır, yoxsa milli mentalitet rol oynamalıdır?

- Əlbəttə, milli mentalitetin rolu olmalıdır. Bu yaxınlarda bir jurnaldan gəlmişdilər, adı “Sportinq” ya “Sport-maqazin” idi. Jurnalın baş redaktoru da gəlmişdi. Açdım həmin jurnalı baxdım. Xoşuma gəlmədi, dedim “xanım, burada sportdan bir şey görmürəm, gördüyüm ancaq çılpaq qadınlardı, xahiş edirəm belə şeylərə fikir verin, ayıbdı”. O jurnalı evə aparmaq da olmaz. Bilirsiniz, çoxları deyirlər ki, “Avropa-Avropa”, ancaq mən Avropada özümüzə aid bir şey görmürəm. Biz Avropadan yaxşı şey götürə bilmərik. Kim istəyir məni pisləsin, kim istəyir qınasın, bu, mənim şəxsi fikrimdi.

- Onda yəqin futbolçularla müğənnilərin münasibətlərinə də yaxşı baxmırsız...

- Vallah, deyirlər Baqira... Mən heç bilmirdim o kimdi, eşitməmişdim, şəkildə gördüm.

- Şəklə baxandan sonra hər halda bildiniz ki, Baqira kimdi...

- Vallah, onu bildim ki, Hüseyn Məhəmmədovun tanışıdı (gülür). Sonra heç maraqlanmadım da.

- Başqa bu cür hal – futbolçu-müğənni münasibətləri barədə eşitmisinizmi?

- Yenə deyirəm, mən onu (Baqira nəzərdə tutulur – P.A.) qəzetdə, jurnalda görəndə haqqında eşitdim. Heç bilmirəm ki, o müğənnidi, manekendi, kimdi, nəçidi, hansı dinə qulluq edir. Sadəcə, onu bildim ki, Hüseyn Məhəmmədovun tanışıdı, onu əzizi kimi qucaqlayıb. Daha bilmədim bu nə şeydi... Axı Hüseyn Məhəmmədov ailəli adamdı, onun iki uşağı var. Məsələn, Branimir Subaşiç haqqında şəkildə gördük (futbolçunun 2000-ci ildə “Azərbaycan gözəli” seçilmiş Validə Abbasova ilə münasibətləri nəzərdə tutulur). Belə fikirləşdim ki, “neujeli” o qadının bir yaxını yoxdu, onunla maraqlanmır...

- Özü də Subaşiç başqa millətin nümayəndəsidi...

- Əşi, nə fərqi var, ya bizim millətin, ya da başqa millətin nümayəndəsi olsun. Qadındı axı... bunların sabah ailə qurmaqları yoxdumu?! Amma əfsuslar olsun ki, ərə gedirlər, hələ televizorda da göstərirlər ki, filankəsin toyu oldu. Nə bilim, əşi...

- Futbolçu-müğənni münasibətlərilə bağlı futbolçulara nə məsləhət görərdiniz?

- Klub rəhbərləri öz büdcələrindən futbolçulara lazımi qədər pul ayırır. O pulların qazanma yollarını nəzərə alaraq, o vəsaitin qarşılığında oyun göstərməlidirlər. Daha çox oyun haqda fikirləşsinlər, nəinki əyləncə haqda.

- 2002-ci ilin sentyabrında bir azərbaycanlı qız Bakıya gələn İtaliya yığmasının oyunçularından biri ilə görüşməyə cəhd göstərmişdi. Sonda istəyinə çataraq “Tunel” disko-barda həmin futbolçu ilə görüşmüşdü də. Bu hadisə yadınıza gəlirmi?

- Yox, xatırlamıram... Ümumiyyətlə, mənim heç gənc yaşlarından bar söhbətindən xoşum gəlməyib. Həqiqi deyirəm. Bunlar mənim təbiətimə yad olan şeylərdi.

- Onda bu cür əyləncə məkanları bağlanmalıdı?

- Bağlasaq, deyəcəklər geridə qalmış millətdi. Əvvəllər onun əvəzində “çayxana” adlandırılan yerlər olub. Orada meyxana deyən, tar və kamança ilə mahnı oxuyanlar olub. Bu, daha yaxşı idi.

- Meyxana demişkən, meyxana yarışmalarının keçirilməsinə münasibətiniz necədir?

- Meyxana, mən deyərdim ki, bir vergidi. Onu deməyi hər adam bacarmaz. Məsələn, mən bacarmaram. Əgər bu, bizim keçmişimizlə bağlıdırsa, yaşatmağa dəyər. İntəhası televizorda səs toplamaqla, ay “mənə dəstək olun” və s. Bunlar hamısı boş şeylərdi. Sonra, televizorda göstərirlər “filan hərfi tapın, filan qədər pul verəcəyik”. Hamısı boş şeylərdi, əslində pul tələsidi.

- Bu sıraya “Yeni ulduz”, “Azəristar” yarışmaları da aiddir?

- Bilirsiz, “Azəristar”, “Yeni ulduz” adını SMS-lə qazanmazlar.

- Siz bir dəfə belə bir açıqlama da vermişdiz: “Azəristar”dan çıxan “Jeep” ala bilir, ancaq hakim yox”...

- Bəli, demişdim. Bəlkə düz demirəm? “Azəristar”da birinci yerə çıxır, 3 aydan sonra altında “Jeep” olur. Hardan alır o pulu?!

- Sizcə, hardan alır?

- (gülür) Vallah, polisdə artıq çoxdandır işləmirəm, ona görə də bilmirəm. Maraqlanmamışam.

- Deyilənə görə, müğənnilərə maşınları sponsorları alır...

- Gəlin o qədər dərinliyə getməyək.

- Müğənnilərin də, futbolçuların oynadığı klubların da sponsoru var. Ancaq deyəsən müğənnilər futbolçulardan daha yaxşı yaşayır...

- Bəli, müğənnilər futbolçulardan daha yaxşı yaşayır.

- Bunun səbəbi nədir?

- Görünür, camaat əyləncəyə daha çox qiymət verir, nəinki idmana.

- Bir az konkretləşdirin, “camaat” deyəndə kimləri nəzərdə tutursunuz?

- Söhbət sponsorlardan gedir. Bir ildir PFL-ə sponsor tapa bilmirik... Axı biz bu pulu özümüz üçün istəmirik. Həmin vəsaiti stadionlara sərf edəcəyik. Söhbət stadionu olmayan rayonlarda stadion tikilməsindən gedir. O puldan bir qara qəpik də olsun PFL-in heç bir xərcinə sərf olunmayacaq. Ancaq və ancaq rayonlarda uşaq futboluna, uşaq məktəbinə hədiyyə edib çıxacağıq. Ancaq belə bir sponsor tapa bilmirik. Sponsoru var, televizora özlərini süzdürə-süzdürə “filankəs xanım, bu boyda pul, 300-500 minlik maşın”... O qədər pulu bir xanıma xərcləməkdənsə, xeyirli yerə xərclə, tarixə onda düşə bilərsən.

- Sizcə niyə tarixə düşmək istəmirlər?

- Yenə deyirəm, onlar əyləncəyə pul xərcləyirlər.

- Bu, şəxsi əyləncə sayılır?

- Bəli.

- Faiq Ağayevin boşanmasından xəbəriniz var?

- Evlənmişdimi ki, o? (gülür)

- Nolub ki, Faiq Ağayev evlənə bilməz?

- Ona Avropadan yaxşı bir qız tapmaq lazımdı. Nə ustaları deyirlər, həkimlər olur, süni düzəldirlər e. Ona elə həkimlərdən lazımdı. O evlənməyi-zadı neynir?!

- Rəqsanəni tanıyrsız?

- (gülür) Şəxsi tanışlığım yoxdu.

- Bəs tamaşaçı kimi?

- Hə, eşitmişəm, televizorda da görmüşəm.

- Bir tamaşaçı kimi Rəqsanəni necə xarakterizə edərdiz?

- Mən nə bilim o kimdi, nəçidi, hansı dinə qulluq edir... Nə mahnısına qulaq asıram, nə özünə baxıram.

- Niyə, səbəbi nədi?

- Mənim dinlədiyim Zeynəb Xanlarovadı, Niyaməddin Musayevdi.

- Röya necə oxuyur?

- Xahiş edirəm, elə adamlar barədə söhbət edək ki, vaxtımızı sərf etməyə dəysin.

- Yaxşı, konkret ad çəkmirəm. Bu gün üzdə olan şou-biznes müğənnilərindən Azərbaycan mədəniyyətinə, incəsənətinə müsbət nə isə verən varmı?

- “Azəristar”da oxuyan bir qız vardı – Günay. O yenə də oxuyur. Televizorda o oxuyanda diqqətlə qulaq asıram. İnsan onun səsindən də, geyimindən də, özünü insan kimi aparmağından da bir azərbaycanlı kimi həzz alır. Ancaq eləsi var ki, çıxır – üzr istəyirəm – “plyaj” formasında segah oxuyur. Bu uyğun gəlmir axı. Azərbaycan mədəniyyətinə o adam xeyir verə bilər ki, o, Azərbaycan xalqının adına uyğun geyinsin, hərəkət eləsin. Respublikadan kənarda da təmsil edəndə bilinsin ki, azərbaycanlıdır.

- Azərbaycanı bu il “Eurovision”da təmsil edəcək Aysel-Araş cütlüyünün geyimi, oxumağı nə dərəcədə uğurludur?

- Mən bir şey görmürəm.

- Nə mənada? Səsləri pisdi?

- Mənim fikrimcə, onlar heç 6-cı yeri qazana bilməyəcəklər.

- Ermənistan təmsilçisini qabaqlamaq mümkün olacaq?

- Əşi, ermənilər “voopşe” batdı. Onlar yer ala bilməyəcəklər.

- Bu yarışmada ölkə ərazisindən Azərbaycan təmsilçisinə səs vermək mümkün deyil. Bəs başqa ölkələrin təmsilçilərinə, məsələn Hadisəyə səs göndərəcəksinizmi?

- Hadisənin nəyinə səs göndərim? Onun beli yazılı, hər yeri də açıqdı... O türk geyimində deyil ki! Ona qoy səsi avropalaşmış türklər gönldərsin. Mən avropalaşmamışam hələ.

- Sizcə, Aysel-Araş cütlüyünün, yoxsa Hadisənin mahnısı daha uğurludu?

- Hadisənin reklamı bunlardan güclüdü.

- Araşla bağlı nə deyə bilərsiz? Sizcə, o Azərbaycanı təmsil edə bilər?

- Mən heç onun milliyyətini bilmirəm... Sözün düzü, “Eurovisin”da Azərbaycanı keçən il təmsil edən ifaçılarımızı çox bəyəndim. Orada ifaçı bir zilə qalxdı. Bu ilkində isə nə zil var, nə bəm var. Orada muğamat vardı, ona görə də çox xoşuma gəldi

- Bu ilki təmsilçilərimizdə də tar var axı...

- Tar var. Ancaq tarı sonra neynir? Axırda tarı götürüb çırpır yerə... Tarı niyə yerə çırpırsan, ay sənə güllə dəysin. Deyən lazımdı ki, a bala, sənin o tardan xəbərin varmı? O tarın tarixindən, yaranmasından xəbərin varmı ki, axırda tarı yerə çırpırsan? Bu hərəkət mənə çatmadı. O, əksinə, tarı axırda göyə atmalıydı ki, yəni bu, uzaqlara qalxmalıdı, sonsuzluğa qədər getməlidi. Ancaq çırpır yerə. Bu düzgün deyil axı.

- Azərbaycanda keçirilən toy mərasimləri barədə nə deyə bilərsiz?

- Allah hamının toyunu mübarək eləsin. Mən toylara gedəndə yarım saat oturub çıxıram. Səsi o qədər qaldırırlar heç nə başa düşmək olmur – nə sözləri, nə də musiqini. Allah verir içənlərə! İçib düşürlər ortaya. Vəssalam!...

Pərvin ABBASOV

Yazar

Lent.az

Oxunub

622 dəfə

Tarix

06.05.2009 / 19:00

Xəbər lenti



30 İyul 2014

Online: 1121