Sizin link burada

Süngünün misindən, xəzinəsindən Tehran xeyir görür

Güney Azərbaycanın Makı şəhərində tarixi xəzinə aşkarlanıb.
Lent.az-ın GünAzTV-yə istinadən məlumatına görə, həmin xəzinə İran İslam İnqilab Keşikçiləri tərəfindən mənimsənilib.

Xəzinəni Makının 35 kilometrliyində yerləşən Arpalıq və Baş Qızılcaqala kəndləri arasında yerləşən travertən mədənində (bu daşdan tikinti işlərində istifadə olunur) çalışan işçilər aşkarlayıb. Fəhlələr texnika ilə dağın ətrafını qazarkən tarixi əntiqlər, o cümlədən daş kitabələr, ləl-cəvahirat, qızıl qablar, qızıl və gümüş heykəlciklər, qədim dövrə aid silah-sursat kimi qiymətli əşyalar çıxarıblar.

Qvardiyanın əməkdaşları dərhal hadisə yerinə gələrək, aşkarlanan tarixi-qiymətli əşyaları hərbi yük maşınlarına yükləyib, Tehrana aparıblar.

Xəzinəni aşkarlayan işçiləri isə qvardiya bir neçə gün həbsxanada saxladıqdan sonra sərbəst buraxıb.

Əlbəttə, bu cür hallarda aşkarlanmış sərvətlə dövlət orqanları məşğul olmalıdır, buna etirazımız yoxdur. Amma xəzinə təkcə maddi dəyəri ilə qiymətləndirilmir, bu, həm də tarixi-mədəniyyət dəyəri olan bir faktdır. Bu olay Güney Azərbaycanın həm maddi, həm də mədəni sərvətlərinin Tehran tərəfindən talanmasını bir daha təsdiqləyir. Hələ 1990-cı illərin əvvəllərində də Güney Azərbaycandakı türklərə aid «qoç qəbirlərə» hücum başlamışdı. O zaman həmin «qoçların» buynuzlarında «qızıl» olduğu barədə əhali arasında şayiə yayılmışdı. Bu qayda ilə həm tarixi qəbiristanlıqlar məhv edildi, həm də orada aşkarlanan qədim əşyalar Azərbaycandan çıxarıldı. Həmin əməliyyata İranın o vaxtkı prezidenti Haşimi-Rəfsəncaninin oğullarının başçılıq etdiyi deyilirdi.

Yeraltı, yerüstü sərvətlər və qədimliyi zəngin Azərbaycan torpaqları başqalrının nəzarəti altında olduğundan talanır. Bəziləri İranın başqa ərazilərinin sərvətləri olmadan, Güney Azərbaycan iqtisadiyyatının güclü olmayacağını, indiki İslam Respublikasının başqa bölgələrində istehsal olunan məhsullarsız «Güney Azərbaycanın yaşaya bilməyəcəyini» israrla ictimaiyyətə sırımağa çalışırlar.

Ancaq Güney Azərbaycanın yeraltı və yerüstü sərvətlərlə zənginliyi heç kimə sirr deyil. Bu onun güclü iqtisadi potensiala malik olduğunun göstəricilərindəndir. Belə sərvətlərin yerləşdiyi yerlərdən biri də Süngündür. Bu bölgə mislə zəngindir.

İran dövlət mədən və hasilat sənayesinin inkişafı komitəsinin məlumatına əsasən, dağ-mədən kompleksinin başçısı Rza Şərifi deyib ki, İran təqvimi ilə cari ilin sonunadək (2011-ci il martın 20-dək) Süngün mədənində hasil edilən 29 faizli misin miqdarı 142 min tona çatdırılacaq.

Onun sözlərinə görə, ötən 7 ay (mart-sentyabr) ərzində bu dağ-mədən kompleksindən əldə edilən misin miqdarı ötən ilin uyğun dövrü ilə müqayisədə 14 faiz artaraq, 84,7 min ton təşkil edib: «Eləcə də həmin müddətdə Süngün mis kompleksindən hasil olunan mineralların da həcmi keçən ilin uyğun dövrü ilə müqayisədə 21 faiz artaraq, 20,936 milyon ton olub».

Süngün dağ-mədən-zənginləşdirmə kompleksi Məzrəh yatağından və «Süngün» zənginləşdirmə fabrikindən ibarətdir. Bu müəssisə və yataq Şərqi Azərbaycan əyalətində yerləşərək, İran Misi Şirkəti tərəfindən idarə olunur.

2007-ci ildə Süngün yatağında 1,7 milyard ton filiz ehtiyatının, onun 0,61 faizinin mis olduğu bildirilir. Hazırda bu ehtiyat 384 milyon tondur, onun 0,67 faizini mis təşkil edir.

Tehran hakimiyyəti ölkə Ana yasasının 48-ci maddəsini pozmaqdadır. Həmin müddəada deyilir: «Əyalətlər səviyyəsində təbii ehtiyatlardan faydalanmaq və milli gəlirdən istifadə etmək məsələsində, həmçinin iqtisadi fəaliyyətin ölkənin müxtəlif məntəqə və əyalətləri arasında bölgüsündə heç bir ayrı-seçkiliyə yol verilmir, hər bir məntəqə öz ehtiyaclarına, inkişaf qabiliyyətinə uyğun olaraq, lazımi imkan və kapital əldə edə bilməlidir».

Bununla belə İran rəhbərliyi Güney Azərbaycanın təbii sərvətlərini talan etməkdədir.
İran milli misəritmə sənayesi şirkətinin baş direktoru Məhəmmədhadi Ərdəbili hələ bir müddət öncə bildirmişdi ki, başçılıq etdiyi müəssisənin üstünlük verdiyi işlərdən biri Şərqi Azərbaycan əyalətindəki «Süngün» mis mədənində layihənin qısa bir zamanda gerçəkləşdirilməsidir. Onun dediyinə görə, «Süngün» misəritmə kombinatının tikilməsi İranın uyğun sənayesinin vacib layihələrindəndir. Baş direktorun sözlərinə görə, bu layihə 2012-ci ilə kimi başa çatdırılmalıdır. M.Ərdəbili Ermənistanda hasil olunan misin və qarışığının da «Süngün»də hazırlanacağını vurğulayıb.

Amma təəssüf ki, Tehran Güney Azərbaycanın təbii sərvətləri əsasında Ermənistanla bazarlıq edir. Bir neçə ay öncə «Mouc» xəbər agentliyi İranın Geologiya və Geoloji-Kəşfiyyat təşkilatı mətbuat xidmətinə istinad edərək bildirmişdi ki, Şərqi Azərbaycan əyalətinin Məsciddağ rayonu ərazisində 300 milyon ton mis ehtiyatı olan yataq aşkar edilib.

Qurumun geoloji-kəşfiyyat idarəsinin direktoru Bəhruz Bərnanın sözlərinə görə, həmin mədəndə azından iki ton qızıl ehtiyatı və başqa minerallar da var.

Həmin günlərdə İran sənaye və mədən nazirinin dağ-mədən sənayesi üzrə müavini Məhəmməd Məsud-Saminijat demişdi ki, 2004-2005-ci illərdə 150 milyon ton faydalı qazıntı hasil olunubsa, 2007-2008-cu illərdə bu rəqəm 200 milyon tona qədər artıb. Direktor bu göstəricini yetərli saymayıb. Onun fikrincə, faydalı qazıntıların illik hasilatı 500 milyon tona çatdırılmalıdır.

M.Samiinijat vurğulamışdı ki, İranda faydalı qazıntılar ehtiyatının ümumi miqdarı 57 milyard ton olduğu ehtimal olunur.

Tehran rəsmisi İran hakimiyyətinin xarici şirkətlərin bu yataqlara sərmayə qoymasını və faydalı qazıntı hasil etməsini alqışladığını söyləyib.

Bu sayaq məsələlərdən isə İran rəsmiləri təbliğat üçün yararlanır. Saminijatın iddiasına görə, ötən il sənayedə artım 8,3 faiz təşkil edib, faydalı qazıntılar 17,7 faiz artıb. «Bu onu göstərir ki, tətbiq edilən iqtisadi sanksiyalar iqtisadiyyatımıza təsir göstərməyib»-deyə, direktor bildirib.

Saminijat həmin faydalı qazıntıların ölkənin hansı bölgələrini əhatə etdiyi haqda məlumat verməyib. Sirr deyil ki, Güney Azərbaycan ərazisi faydalı qazıntılarla zəngin ölkədir. Ancaq onun xeyrini fars dilli bölgələr görür. Başqa sözlə Tehran Azərbaycanda hasil etdiyi qazıntıların son məhsulunu bu bölgələrdə istehsal edir. Azərbaycanlılar da iş axtarmaq üçün həmin əyalətlərə üz tutur. Nəticədə Güney Azərbaycanın şəhər və kəndləri məqsədli şəkildə boşaldılır...

GünAzTV-nin məlumatına görə, iqtisadi durumun ağırlığı, İran hakimiyyətini Güney Azərbaycanda təmsil edənləri də dilə gətirib.

Onlardan biri Makı şəhərinin icra başçısı (fərmandar) Əhmədian bildirib: «Makı iqtisadi cəhətdən geri deyil, onu geri çəkirlər».

İcra başçısı vurğulayıb ki, Makı Avropaya qapıdır: «Yatırımlar üçün bu şəhər böyük potensiala malikdir. Ancaq ictimai-iqtisadi imkanları artırmaq və bölgənin dirçəldilməsi məqsədi ilə şəhərə sərmayə qoyulmayıb».

Onun sözlərinə görə, Makıya gələn turistlər üçün mənəvi-psixoloji şərait yaradılmalıdır. «Ancaq ölkənin bəzi məsulları bu bölgənin inkişafına sağalmaz zərbə vururlar» - deyə, icra başçısı söyləyib.

Dövlət məmurunun bu bəyanatı da deyilənləri təsdiqləyir. Güney Azərbaycanın sərvətlərindən Tehran faydalanır. Makının icra başçısının dedikləri çoxsaylı faktlara bir örnəkdir. Vəziyyət o dərəcədə ağırlaşıb ki, İslam Respublikası hakimiyyətinə qulluq edənlər belə bunu deməkdən çəkinmir.

Sədrəddin Soltan

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>