Sevil Əhmədova: “Vaqif müəllimə çox qadınlar vurula bilərdi”

“Vaqif Mustafazadənin xanımının bizi qısqanmağının yeri yox idi”
...Adının qarşısında bircə bu söz birləşməsini işlətmək kifayətdir ki, onun dahiliyi gözlər önünə sərilsin – Cazın Allahı. Bu gün Cazın Allahı sayılan Vaqif Mustafazadə 70-ci baharını yaşayır. Bəli, məhz yaşayır. Çünki o cismən həyatda olmasa da, cazı, əsərləri, kompozisiyaları, yenilikləri, bütövlükdə yaradıcılığı ilə yaşayır. Bu gün həm də onun əsərlərinin, yaratdıqlarının doğum günü sayılır. Yubiley münasibəti ilə dahi Vaqif Mustafazadənin əsərlərindən olan “Sevil” qızlar ansamblının üzvlərindən biri, hazırda uşaq bağçasında musiqi rəhbəri kimi çalışan Sevil Əhmədova (o zamanlar soyadı Allahverdiyeva idi) ilə söhbətləşdik.

- Sevil vokal instrumental ansamblının yaranma tarixçəsindən danışardınız.

- 1971-ci il noyabrın 1-də “Sevil” kvarteti yarandı. Dekabrın 31-də isə televiziyada ilk çıxışları oldu. Mən onda hələ ansamblın tərkibində yox idim. Bir neçə il sonra ansambldan ayrılan bir qızın yerinə gəlmişəm.

- Neçənci il idi?

- 1974-cü il. Onda Sədaqət Dadaşova kvartetdən ayrılmışdı. Mən də belə bir xəbər eşitdim və özümü sınamaq qərarına gəldim. Vaqif müəllimlə həyat yoldaşı Elza xanım məni dinlədilər, yoxladılar və ansambla qəbul etdilər.

-Ansambl fəaliyyətə başladığı ilk vaxtlar xeyli uğurlar əldə etdi. Qastrollara, festivallara dəvətlər aldı. Amma...

- Bəli, çox festivallarda çıxış ediblər. Moskvada olublar. Bu, əlbəttə, mən ansambla gəlməmişdən qabaq olub. Mən gələndə isə belə böyük bir bəxtəvərlik mənə də nəsib oldu. Elə üstəlik həmin ilin yayında Polşaya ilk qastrol səfərinə getdik. Mən ümumiyyətlə uşaqlıqdan oxuyurdum. Hardasa 9-10 yaşında Hökümə Nəcəfovanın mahnıları ilə televiziyada çıxış edirdim. Yəqin bu həvəs məni kvartetə gətirdi. Orda Vaqif Mustafazadə kimi böyük bir sənətkarın rəhbərliyi altında çalışmaq şərəfinə nail oldum.

- Amma bu uğurlara rəğmən siz gələndən bir neçə il sonra ansambl fəaliyyətini dayandırdı.

- Mən haradasa bir neçə ay ondan qabaq artıq ansambldan ayrılmışdım. Ailə həyatı ilə əlaqədar olaraq. Yoldaşım ansamblda çalışmağımı istəmirdi. Çünki sənətlə ailə bir arada alınmırdı. Qastrollara getmək, axşam konsertlərdə çıxış etmək, ailədən kənar qalmaq lazım idi. Ona görə də mən ansambldan tez uzaqlaşdım. Bundan bir neçə ay sonra isə “Sevil” kvarteti tamamilə dağıldı.

- Səbəbi nə idi?

- Bu barədə qızlardan soruşanda deyirlər ki, “hər şey çox yaxşı idi. Vaqif müəllimin xətrini həmişə çox istəmişik. O da bizim xətrimizi istəyib. Bir ailə kimi idi. Bizi övladı kimi çox istəyirdi”. Öz yaratdığı ansambl idi axı. Bu da onun əsərlərindən sayılırdı. Hər şey yaxşı idi. Ancaq mən belə fikirləşirəm ki, Vaqif müəllim ilk növbədə özünün caz triosunu yaratmaq arzusunda idi. Bəlkə ansamblı da saxlaya bilərdi. Sadəcə, qadınlarla işləmək bir az çətin idi. Ailə qururlar, ana olurlar. Hər dəfə qızlardan biri analıq məzuniyyətinə ayrılanda onun yerinə başqasını tapmaq lazım idi. Vaqif Mustafazadənin tələblərinə cavab vermək, əsərlərini, musiqi ritmini, caz improvizasiyalarını oxumaq çətin idi. Ümumiyyətlə, o kvartetdə oxumaq heç də asan deyildi. Bütün bu tələblərə cavab verən qızları da tapmaq çətin olurdu. Həm gözəl oxumalı idi, həm də musiqi istedadı və biliyi, xarici görünüşü – hərtərəfli yüksək səviyyədə olmalı idi ki, Vaqif Mustafazadə onu ansambla götürsün. Belə nümayəndəni axtarıb tapmaq çətin idi. Eləsi olurdu ki, musiqi ritmi yaxşı deyildi, eləsi vardı kvartetdə oxuya bilmirdi. Müxtəlif çətinliklər vardı. Ona görə də ansamblın böyük proqramını öyrənəndən sonra ailə qurduğuna, ya da ana olduğuna görə ansambldan getməsi Vaqif müəllimin problemlərlə qarşılaşmasına gətirib çıxarırdı. Onun əsas istəyi sırf caz musiqisi üzrə çalışması idi. Görünür, səbəblərdən biri bu olub ki, kvartetdən tamam ayrılıb, öz caz triosunu yaratsın.

- Yəni, Vaqif Mustafazadə “Sevil”i başqa, yeni ansamblla əvəz etmək istədi.

- Əvəz etmək də deməzdim buna. Bu, ona uyğun bir iş idi. Caz musiqiçisi olduğundan məhz caz triosu yaratmaq qəlbinə, yaradıcılığına daha yaxın idi. Yenə də deyirəm, bəlkə də “Sevil” kvarteti ilə işləməyi də çatdırardı. Amma sadaladığım çətinliklərlə qarşılaşması da “Sevil”dən ayrılmasına səbəb oldu.

- Çətinliklərdən söz düşmüşkən, o vaxtlar ansamblın özünü də gözü götürməyənlər çox olub. Deyiblər “bu nə ansambldır, onlar nə oxuyur ki”...

- Bəli. Bilirsiniz, indi remiks adlanan işi hələ o zaman ilk olaraq Vaqif müəllim başlamışdı. Xalq mahnılarının remiks variantını, oranjimanını hazırlayırdı. İfa tərzini, ritmini, xırdalıqlarını dəyişib müasir üslubda təqdim edirdi. Həmişə mahnını olduğu kimi dinləməyə öyrəşən nəsil isə onu başqa tərzdə eşitməyi, müasirliyi yaxşı qəbul edə bilmirdi. Cavanlar üçün maraqlı görünürdü. Amma yaşlı nəslə o qədər də yox. İndi o remikslər çoxalıb. Vaqif Mustafazadə isə bunu 30 il əvvəl edirdi.

- Deyirlər, “Sevil” ansamblının lent yazılarının hamısı pozulub. Bircə “Qara qaşın vəsməsi” mahnısından başqa.

- Eşitmişik telestudiyada çox səhlənkarlıqlar olub. Qızıl fondda olan əsərlərin üstünə başqa əsərlər yazırdılar. Məsələn, Niyazinin, Şövkət Ələkbərovanın mahnılarının üzərinə digər əsərlər lentə alınıb. Eləcə də “Sevil”də. Bir ara dedilər guya telestudiyada yanğın olanda lentlərin çoxu yanıb. Amma inanmıram ki, o qədər lentlərin hamısı yansın. Bizim də çox lentlərimiz vardı. Ümumi konsertlərdə çox mahnılarımız olub. Kvartetin ayrıca konsertləri lentə yazılıb. Bu yaxınlarda əvvəlki mahnıların bir neçəsini tapıblar. Amma ondan sonra nə qədər yeni üslubda, yeni ifada mahnılar olub. 1974-cü ildən 1977-ci ilə qədər yazılan mahnılar yoxdur. Şükür Allaha ki, 1974-cü ilə qədər olan mahnıların bəziləri qalıb. Ən çox da “Qara qaşın vəsməsi” və “Qara gilə”ni göstərirlər.

- Deyirlər, o mahnını Arif Qazıyev o vaxtki “Baksovet” bağında çəkdiyinə və Moskvanın sifarişi olduğuna görə o lent pozulmayıb.

- Ola bilər. Mən ansambldan təzə ayrılan vaxtlarda yazılıb o mahnı. Solo hissəsini Rəna Talıbova oxuyub. O vaxt da lentə alınıb və çəkilib.

- Siz ansambla gələndə neçə yaşınız vardı?

- 19 yaşım təzəcə tamam olmuşdu.

- Ondan öncə Vaqif Mustafazadə ilə şəxsi tanışlığınız vardı?

- Qətiyyən. Mən onda məktəbdə oxuyurdum. 1971-ci ildə onların ilk çıxışlarını televiziyada görəndə ağlıma gəlməzdi ki, 3 ildən sonra bu qızlarla birlikdə Vaqif Mustafazadə kimi sənətkarın rəhbərliyi altında çalışacam, onunla birgə çıxış edəcəm. Bu xoşbəxtliyi yatıb yuxumda da görə bilməzdim.

- Ümumiyyətlə, Vaqif Mustafazadəni həm bir insan, həm də bir rəhbər kimi necə xatırlayırsınız?

- Çox sadə, mehriban və maraqlı bir insan idi. Zarafatları da vardı. Biz bir ailə kimi olmuşduq. Xətrini çox istəyirdik. İndi qızlar bir yerə yığışanda o günləri xatırlayır, danışıb gülürük, Vaqif müəllimin bəzi zarafatlarını yada salırıq. Kaş indi Vaqif müəllim sağ olaydı. Yaradıcılığında istədiyi sərbəstliyi görə bilərdi, nə qədər işlər görərdi. Azərbaycanı bütün dünyada bir az da artıq məşhur edərdi. Hələ Sovet dövründə evdə otura-otura sadəcə əsərini göndərməklə Fransada birinci yer qazanmışdı. Nə qədər fərəhli iş, nailiyyət idi. indi sağ olsaydı, yaradıcılığı ilə daha da çox gurlaya bilərdi. Çox heyf ki, o bizim aramızda yoxdur.

- Ansamblın adının yaranma tarixçəsini bilirsiniz?

- Dəqiq deyə bilmərəm. Qızlara da bu sualı heç vaxt verməmişəm. Birinci gündən axıra qədər orda çalışan Dilarə Cahangirova bəlkə də bu suala cavab verə bilər. “Sevil”dən qabaq “Leyli” ansamblı vardı. Amma bu ansambl özünü doğrultmadı. Hansısa səbəbə görə dağıldı. Yeni ansambl yarananda əvvəlki qızlardan biri Rəna Hüseynova yeni tərkibdə də vardı. Amma axıra kimi orda işləmədi.

- Vaqif Mustafazadə ilə bağlı yadınızda qalan hansısa bir xatirəni danışardınız...

- Bu, mənim həyat səhifəmdə maraqlı epizodlardan biridir. Bir gün mən məşqə gəlmişdim. Hələ məndən başqa heç kim gəlməmişdi. Yəqin ona görə də mənə nəsib oldu. Gördüm Vaqif müəllim piano arxasında oturub bir əsər çalır. Yoldaşı Elza xanım da nəsə iş görür. Mən də oturub əsərə qulaq asırdım. Gözləyirdim ki, qızlar gəlsinlər, məşqə başlayaq. Birdən Vaqif müəllim məndən soruşdu ki, “indi çaldığım musiqi barədə nə deyə bilərsən? Nə hiss edirsən, təəssüratların nədi?” Dedim “mənə elə gəlir ki, bu musiqidə biz varıq. Məsələn, musiqinin əvvəlində sanki biz qızlar yığışmışıq, məşqdən qabaq söhbət edirik, sonra səs tellərimizi açmaq üçün müxtəlif məşqlər edirik, mahnılarımızı oxumağa başlayırıq, arada fasilə veririk, yenidən oxuyuruq. Mənə elə gəlir musiqidə bütün bunları təsvir etmisiniz”. Dedi “afərin, düz tapdın. Bu əsəri sizə - ansambla həsr etmişəm və adınızı qoymuşam”. Doğurdan da “Sevil” adlanan o əsər Vaqif Mustafazadənin diskinə də daxil edilib. O əsərin birinci şahidi mən olmuşam.

- Ansamblın məşqləri Vaqif Mustafazadənin evində olurdu?

- Bəli. Əvvəl Vaqif müəllimə Bəstəkarlar İttifaqında bir yer vermişdilər. Məşqlərimizi orda edirdik. Bir neçə müddət orda məşq etdik. Sonra o yeri əlindən aldılar. Biz məcbur olduq Vaqif Mustafazadənin o bir otaqlı evində ailəsi, anası, qızı olan balaca otaqda biz də məşq edək.

- O yeri Vaqif Mustafazadənin əlindən niyə almışdılar, bilmirsiniz?

- Ümumiyyətlə, onun qarşısını kəsənlər çox olub. Vaqif müəllimi, onun yaradıcılığını başa düşməyənlər, güclü olduğu üçün paxıllığını çəkənlər, qəbul etməyənlər çox olub. Onun özünə məxsus geyimi, bığı, saç düzümü vardı. Musiqisini müzakirə edəndə görünüşünü də müzakirə mövzusuna çevirirdilər ki, saçı, bığı, geyimini niyə belədir. Sizin nəyinizə lazımdı axı. Onun yaratdığı Azərbaycan caz muğamına qiymət verin. Düzdür, onu çox istəyənlər, başa düşənlər, yaradıcılığına yüksək, layiqincə qiymət verənlər də çox idi. Amma əziyyət verib sataşanlar, yaxşı münasibət bəsləməyənlər də vardı.

- Sevil xanım, sizin hər biriniz gənc, gözəl qızlar idiniz. Vaqif Mustafazadə də yaraşıqlı, istedadlı bir kişi. Onun həyat yoldaşının sizə qarşı hansısa qısqanclıq hissləri olmurdu?

- (gülür) Bu neçə ildə ilk dəfədir mənə belə açıq sual verirlər. Bilirsiniz, biz onun yoldaşı ilə də rəfiqə kimi idik. Elza xanım da bizimlə birlikdə məşqlərdə olurdu. Özünü yuxarı tutmurdu, forslanmırdı. Onun qısqanmağının heç yeri də yox idi. Vaqif müəllimə çox qadınlar vurula bilərdi. Tək yaraşığına yox, həm də musiqisinə. Amma bizim birimiz nişanlı idik, birimiz artıq ailəli idik.

- Hər halda sizin də aranızda ona gizli şəkildə vurulan ola bilərdi?

- Ola bilərdi. Bəlkə də gizli şəkildə nəsə olub. Amma mən bunu bilmirəm. Xanımının bizi qısqanmağının yeri ola bilməzdi. Çünki bilirdi ona necə münasibət bəsləyirik. Vaqif müəllim də, Elza xanım da bizə qayğı ilə yanaşırdılar. Çalışırdılar bizə artıq söz deyilməsin. Cavan, yaraşıqlı qızlardıq, istər-istəməz nəsə ola bilərdi. Hətta deyirdilər ki, salamlaşanda da ciddi salamlaşın. (yenə gülür) İndi qalmaqallar açıq şəkil alıb. O vaxtlar da örtülü də olsa, artıq söz-söhbətlər də gəzə bilirdi. Dedi-qodular olurdu. Bunun olmaması üçün deyirdilər ki, ciddi olun. Özü də bu, ciddi olaraq qarşımıza şərt kimi qoyulmuşdu. Çalışırdılar bizi bu söz-söhbətlərdən, dedi-qodulardan kənar etsinlər. Ona görə kvartet daxilində də başqa söz-söhbətlər ola bilməzdi.

- Ötən il “Sevil” ansamblının davamçısı olaraq “Retro-Sevil” ansamblı yarandı. Bu ansambl barədə nə fikirdəsiniz?

- Ansambla qulaq asanda sanki gənclik illərimizə qayıdırıq. Yaxşı ansambldır. Sağ olsun, Rəna Talıbova ki, o ansamblı yaratdı. Onların üzərində çox çalışır. Qızların işi hələ qarşıdadır.

- Necə düşünürsünüz, bu ansamblın da adı 6 illik ömrü olan “Sevil” ansamblı kimi tarixə həkk oluna biləcək?

- Bunu zaman göstərər. Nə deyə bilərəm? Yaşayıb görərik. Hər halda bu, tək ansambldan asılı deyil. Onların çıxışı üçün maddi dəstək də olmalıdır. Əvvəllər çəkiliş, konsert asan başa gəlirdi. Amma indi prodüser lazımdı, səhnəyə çıxmaq üçün müəyyən problemlər həll olunmalıdır. Əlbəttə maddi baxımdan çox kömək lazımdır ki, ansambl öz istedadını, işini göstərə bilsin, çox yerlərdə çıxış etsin. Bunlar həll olunsa, inanıram ki, bu ansambl da öz adını yüksəklərə qaldıra bilər.

Xəyalə MURADLI

LENT

22 Mart 2019
21 Mart 2019

Digər xəbərlər >>>