ALBALI PLUS-dan 0% KOMİSSİYALI NAĞD KREDİT!
AİLƏ KREDİTİ 18%- 50,000 AZN qədər

Böyrəkdə çalınan əcəl zəngi - ARAŞDIRMA

Hemodializ aparatlarına məhkum olan xəstələrə böyrək tapılmazsa, 5 il sonra onların ölüm riski yüksək olur

Hər il 12 Mart Dünya Böyrək Günü kimi qeyd olunur. Bu da səbəbsiz deyil. Dünyada xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların sayı 600 milyona yaxınlaşır. Minlərlə insan böyrək aparatlarından asılı vəziyyətdə yaşamını davam etdirir.

Türkiyədə həyəcan siqnalı çalırlar, Azərbaycanda rəsmi statistika şübhə doğurur

Qonşumuz Türkiyədə də vəziyyət ürəkaçan deyil. Türkiyədə xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların sayı 5 milyona yaxınlaşır. Yəni əhalinin 7 faizi xroniki böyrək xəstəsidir. 50 mindən çox xəstə hemodializə, yaxud böyrək aparatlarına qoşulmuş vəziyyətdə həyat sürür. Türk həkimlərinin hesablamalarına görə, 2015-ci ildə onların sayı 103 mini keçəcək. Türkiyədə bir xəstənin illik hemodializ və dərman xərci təxminən 23 min dollardır. Xəstəxana xərcləri bura daxil deyil. Hər il Türkiyədə hemodializə 600 milyon dollardan çox pul xərclənir. Böyrək köçürmə əməliyyatları üçün 30-35 min dollar gərəkdir.
İnkişaf etmiş ölkələrdə də vəziyyət ürək açan deyil. ABŞ-da böyrək gözləyənlərin sayı 61 mindir. Hər il belə xəstələrin yalnız 15 faizinə böyrək köçürülə bilir. ABŞ-da bununla bağlı illik xərc 12 milyard dollardır.
Azərbaycanda 2009-cu il üzrə xroniki böyrək çatışmazlığından əziyyət çəkənlərin rəsmi statistikası hələ açıqlanmayıb. Səhiyyə Nazirliyindən bu barədə məlumat almaq da müşkül oldu. Ancaq nazirliyin rəsmi saytında axtarışlar zamanı müəyyən məlumatlar əldə etdik. Məsələn, Səhiyyə Nazirliyi bir sorğuya cavab olaraq 2006-cı ildə Azərbaycanda 794 nəfər xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstənin qeydiyyata alındığını bildirib. 2008-ci ilin statistikasına görə Azərbaycanda 1,1 min nəfər xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstə olub və onların 700-ü dövlət hesabına hemodializ alıb. Başqa sözlə, hər il Azərbaycanda 100-dən çox insan xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstə kimi qeydə alınır.

Professor Adil Qeybulla isə Lent.az-a açıqlamasında deyib ki, əslində, Azərbaycanda xroniki böyrək çatışmazlığı rəsmi statistikada olduğundan çoxdur: “Real statistika yəqin ki, rəsmi statistikanı üstələyir. Belə xəstələr ola bilsin ki, qeydiyyata düşməsinlər. Hemodializ mərkəzlərində də basabasın olması, xəstələrə yer olmaması da bunu sübut edir. Bəzi xəstələr də xroniki böyrək çatışmazlığı aşkar olunan kimi böyrək köçürülməsi əməliyyatı üçün xarici ölkələrə gedirlər”.

Ölüm qoxulu gizli xəstəlik

Qeyd edək ki, hər yaşda ortaya çıxa bilən böyürək çatışmazlığı kəskin və xroniki olur. Kəskin böyrək çatışmazlığı xroniki böyrək çatışmazlığı ilə nəticələnə bilər. Bəs böyrək çatışmazlığı necə aşkarlanır və bu xəstəliyin səbəbləri hansılardır?

Professor Adil Qeybulla bildirdi ki, böyrək çatışmazlığı ilk növbədə böyrəyin özündə gedən və yaxud orqanizmdə mübadilə pozuntusu ilə müşahidə olunan xəstəliklərin fonunda baş verə bilir. Kəskin böyrək çatışmazlıqları müəyyən ekstremal durumdan, qan axmalardan və digər səbəblərdən qaynaqlanırsa, xroniki böyrək çatışmazlığı uzun müddət böyrəkdə gedən xroniki iltihab prosesidir.
Professor nəzərə çatdırdı ki, xroniki böyrək çatışmazlığı tədricən baş verdiyindən orqanizmdə müəyyən adaptasiya prosesləri getmiş olur və orqanizm özü müəyyən qədər böyrəyin funksiyasını üzərinə götürür. Məsələn, periton mayesi, qaraciyərdə parçalanma prosesləri müəyyən qədər azot şlaklarının bədəndən xaric olmasına yardımçı olur: “Amma ümumiyyətlə, böyrək çatışmazlığı zamanı böyrəyin tam funksiyasını üzərinə götürən bir orqan yoxdur. Ona görə azot şlakları qanda həddən artıq çox toplanır və urimiya baş verir. Urimiya urimik komaya gətirib çıxara bilər”.
Adil Qeybulla böyrək çatışmazlığının bəzən gizli gedən proses olduğunu da söylədi: “Bəzən böyrəklər əhəmiyyətli funksiyalarını itirdiyi halda belə, son ana qədər özünü büruzə vermir, gözdən rahatlıqla qaça bilir. İnsanın vəziyyəti ağırlaşır, müxtəlif klinikalarda müayinə olunur. Bu, halsızlıq, ümumi zəiflik, qan azlığı müşahidə olunur. Müayinə nəticəsində aşkar edilir ki, böyrək çatışmazlığı əlamətləri inkişaf edir. Xroniki böyrək çatışmazlığı 5 mərhələlidir. Hər mərhələ böyrəyin yumaqcığında süzülmənin getdikcə pozulmasını göstərir və qanda kreatinin səviyyəsi bu pozulmanın göstəricisidir”.
Onun sözlərinə görə, hemodializə və ya böyrək köçürülməsinə ehtiyacı olanlar xəstəliyin ən ağır formasını yaşayanlardır. Bu böyrək çatışmazlığının terminal mərhələsi da adlanır. Dünyada bütün hemodializ mərkəzlərində müalicə olunan xəstələrin əksəriyyəti də dializə girmək məcburiyyətində qaldıqlarını son gün öyrəniblər. Belə xəstələr süni böyrək aparatına-hemodializ aparatına köçürülür və həftədə iki dəfə hemodializ qəbul etmək məcburiyyətindədirlər”.
Professor hemodializ aparatları ilə bağlı Azərbaycanda xeyli problemlər olduğunu dilə gətirdi. Məsələ burasındadır ki, hemodializ xərci böyrək çatışmazlığından əziyyət çəkən bəzi insanların imkanları ilə uyğun gəlmir. Dövlət xətti ilə nəzərdə tutulan pulsuz hemodializ üsulları da bütün xəstələr üçün yetərli deyil: “Düzdür, hazırda regionlarda hemodializ mərkəzlərinin açılması prosesi gedir. Bu, hemodializdən öncə xəstələrin regionlardan Bakıya axışmasının qarşısını almaq üçündür. Hazırda Tovuz, Gəncə, Balakən və bir sıra regionlarda artıq hemodializ mərkəzləri var və onlar müəyyən qədər bu işin öhdəsindən gəlirlər. Amma ümumilikdə problem hələ də aktual olaraq qalır”.

“Qan təzyiqini aşağı tut, böyrəyini qoru!”

Bu gün böyrək çatışmazlığının dünyada artımına səbəb hipertoniya və şəkər xəstəliyidir. Elə bu səbəbdən də "Qan təzyiqini aşağı tut, böyrəyini qoru!" şüarı qəbul olunub. Çünki böyrəklə qan təzyiqi bir-biri ilə sıx əlaqədar olduğundan ikisi də normada saxlanmalıdır. Böyrəyi sıradan çıxaran səbəblərdən ən dəhşətlisi şəkər xəstəliyidir. Böyrəklərin işi bədəndəki duzu tutub və ya xaric edib, damarlarda qan təzyiqini nizamlamaqdır. İnsanlar ölümcül xəstəliklərdən sayılan hipertoniyadan qorunmalı, əsasən gənclər duzlu yeməkdən çəkinməlidirlər. Digər tərəfdən, Böyrəklərin ən böyük düşməni fast-food yeməkləridir. Dünyada böyrək xəstələrinin 15-20 faizi uşaqlardır. Bu səbəbdən də uşaqlar meyvə-tərəvəz yeməli, qızartma, duz və şəkərdən uzaq durmalıdırlar. Valideynlər fast-food restoranlarında uşaqların yedikləri, içdiklərinə fikir verməlidirlər.
Ümumiyyətlə, xroniki böyrək çatışmazlığından qorunmaq üçün insanların davamlı həkim müayinəsindən keçməsi çox mühümdür. Azərbaycanda hətta qan təzyiqinin olmasından belə xəbərləri olmayanlar da olur və yuxarıda da qeyd etdiyimiz kimi, birbaşa aparata ə qoşulurlar. Ancaq Avropa və ABŞ-da durum fərqlidir. Ailə həkimlərinin məsləhəti ilə şəkər, təzyiq və digər xəstəlikləri nəzarət altına alırlar.

Göz önündə əriyən həyat...

Ümumiyyətlə, xroniki böyrək çatışmazlığı olan xəstələrdə aterosklerozun yaranması ehtimalı böyükdür. Bu, ürək-damar xəstəliklərinə səbəb olur və xəstəliyin gələcək gedişini daha da pisləşdirir.
Əgər hemodializ aparatlarına məhkum olan xəstələrə böyrək tapılmazsa, 5 il sonra onların ölüm riski yüksək olur. Böyrək köçürülənlər hemodializlərə nisbətən 2,5-3 qat artıq yaşaya bilirlər. Belələri üçün çoxlu su içmək xeyirlidir. Ancaq bəzən su da şəkər, təzyiq və digər iltihablı xəstəlikləri önləyə bilmir.
Böyrək gözləyən xəstə göz önündə əriyir. Ancaq bağışlanan 1 böyrək onun həyatını xilas edə bilər.
Qeyd edək ki, Azərbaycanda ilk böyrək köçürülmə əməliyyatı 2005-ci ildə Mirqasımov adına Respublika Klinik Xəstəxanasında gerçəkləşdirilib. Ancaq Azərbaycanda böyrək köçürülməsi əməliyyatı sistemli şəkildə həyata keçirilmir.

Professor Adil Qeybulla epizodik olaraq Mərkəzi Klinik Xəstəxanada, Mərkəzi Neftçilər Xəstəxanasında, Lənkərandakı xəstəxanada və bir neçə klinikada böyrək köçürülmə əməliyyatı aparıldığını xatırlatdı. Amma böyrək köçürmə əməliyyatları Azərbaycanda sistemli şəkildə həllini tapmayıb: “Azərbaycanda orqan köçürülməsi haqqında qanun hələ təzə qəbul edilir. Burada donorun seçilməsi, müəyyən hüquqi məsələlər, böyrəyin kimdən və hansı şəraitdə götürülməsi hüquqi prosedurlarla yanaşı, təbliğat məsələlərini də əhatə edir. Məsələn, klinik ölüm keçirən xəstələrdə artıq geridönməzlik varsa, beyin ölümü qeyd olunubsa, bu xəstələrin böyrəyinin götürülməsinin özü də xeyli çətinlik törədir. Hər kəs buna razılıq vermir. Bu, bir təbliğat məsələsi olmalı, insanlar bunun mahiyyətini dərk etməli və tədricən buna alışmalıdırlar. Bilməlidirlər ki, həyatını itirən bir xəstənin böyrəyi digər xəstəyə həyat verə bilər. Qonşu Türkiyədə, İranda və Avropa ölkələrində bu məsələnin həm insani, həm mənəvi-etik tərəfləri tam əksini tapıb, qanunla da təsbit edilib. Amma Azərbaycanda bu sahədə boşluq var. Hər zaman istənilən predmet cinayət elementi kimi də dəyərləndirilə bilər. Ona görə də bu sahədə hələ xeyli durğunluq nəzərə çarpır”.

Dərd dərd gətirə bilər

Müşahidələr onu da göstərir ki, ucuzluğa görə Misir, İraq, İran, Pakistan və Hindistan kimi ölkələrə üz tutan böyrək xəstələrinin sayı artır. Sağlam böyrəyin qiyməti 25-30 min dollar olduğu halda bu ölkələrdə 5-10 min dollar ucuz başa gəlir. Ancaq oradan qayıdan xəstələr bu dəfə daha böyük problemlərlə üz-üzə qalırlar. Çünki əməliyyatlar zamanı xəstələrin Hepatit B, Hepatit C və AİDS kimi infeksiyalara yoluxma riski böyükdür.
Yeri gəlmişkən, bir müddət əvvəl qəzetlərimizdən birində bir elan çap olunmuşdu: “İçki, siqaret çəkmirəm, işsizəm, böyrəyimi satıram. İstəyən mobil telefonuma zəng etsin...”

Bəli, işsizlik, yoxsulluq səbəbindən böyrəyini satanlar və insan alverçilərinin qurbanlarına çevrilənlər də var...

Ramiz Mikayıloğlu


Yazar

Lent.az

Oxunub

709 dəfə

Tarix

13.03.2010 / 12:00

Xəbər lenti



01 Avqust 2014

31 İyul 2014

Online: 1214