ALBALI PLUS-dan 0% KOMİSSİYALI NAĞD KREDİT!
AİLƏ KREDİTİ 18%- 50,000 AZN qədər

Marş, irəli!.. - EKSKLÜZİV

“Dikaya diviziya”dan başlanan 90 illik yol “Azadlıq” meydanından keçir

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90 ili tamam olur. 90 il əvvəl - 1918-ci il iyunun 26-da Gəncə şəhərində fəaliyyət göstərən Milli Şura Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında qərar qəbul edib. General Əliağa Şıxlinskinin rəhbərlik etdiyi çar ordusunun azərbaycanlılardan ibarət “Dikaya diviziya” adlanan 600 nəfərlik alayının bazasında ilk Azərbaycan milli birləşməsi yaradılıb. Sonradan bu birləşmənin bazasında Qafqaz İslam Ordusunun köməyi ilə Milli Ordu formalaşdırılıb.
1919-cu il mayın 28-də Azərbaycan ordusunun Bakıda ilk hərbi paradı keçirilib. 1920-ci ildə Azərbaycan ordusu Muğanda bolşeviklərin qiyamını yatıraraq, onların separatçı hərəkətlərinə son qoyur, elə həmin ilin mart-aprel aylarında Qarabağda erməni silahlı birləşmələrini ağır məğlubiyyətə uğradaraq, tərksilah edir.
Azərbaycanın ilk müdafiə naziri mülki şəxs, ixtisasca həkim Xosrov bəy Sultanov olub. Az sonra o, vəzifəsini general Səmədbəy Mehmandarova təhvil verib.
1991-ci il oktyabrın 9-da Azərbaycanın Ali Soveti Silahlı Qüvvələrin yaradılması barədə qərar qəbul edib. Sənədə əsasən, cəbhə xəttində hərbi əməliyyatların aparılması ilə əlaqədar təcili olaraq 3 ay ərzində milli ordu formalaşdırılmalı idi.
İkinci müstəqilliyi dövründə isə Azərbaycanın Müdafiə Nazirliyinə general-leytenant Valeh Bərşadlı, general-mayor Tacəddin Mehdiyev, general-mayor Şahin Musayev (nazir əvəzi), general-mayor Tahir Əliyev, Rəhim Qazıyev, general-mayor Dadaş Rzayev, general-mayor Vahid Musayev (nazir əvəzi), polkovnik Səfər Əbiyev (nazir əvəzi - 1993-cü il iyun - avqust), general-leytenant Məmmədrəfi Məmmədov və Səfər Əbiyev (1995-ci ildən indiyədək) başçılıq edib.
Silahlı Qüvvələrin Baş Qərargah rəisləri isə 1918-1920-ci illərdə Həbib bəy Səlimov, Məmməd bəy Sulkeviç və Əbdülhəmid bəy Qaytabaşı, 1991-ci ildən indiyədək isə general-mayor Şahin Musayev, general-leytenant Valeh Bərşadlı, polkovnik Səfər Əbiyev, polkovnik Rüfət Əmirov (rəis əvəzi), general-mayor Nurəddin Sadıqov və general-polkovnik Nəcməddin Sadıqov olub.
Azərbaycan prezidentinin hərbi məsələlər üzrə müşaviri postnda isə 1991-ci ildən briqada generalı (Türkiyə Hərbi Hava Qüvvələrinin) Yaşar Dəmirbulaq, general-mayor Nurəddin Sadıqov, general-polkovnik Tofiq Ağahüseynov və general-leytenant Vahid Əliyev çalışıblar.
Azərbaycan Silahlı Qüvvələrinin strukturuna Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri daxildir. Hərbi Hava Qüvvələri eyni zamanda Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarına bölünür. Məlumatlara görə, Azərbaycan Silahlı Qüvvələrində 76 min nəfər hərbi, 4 min nəfər mülki qulluqçu xidmət edir.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinə isə birinci dərəcəli kapitan Rafik Əsgərov, birinci dərəcəli kapitan Fuad Yusifov və vitse-admiral Şahin Sultanov, Hərbi Hava Qüvvələrinə isə general-leytenant Rail Rzayev rəhbərlik edib.
Azərbaycan Silahlı Qüvvələri 1994-cü ildən NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir.
Azərbaycanda Silahlı Qüvvələrlə yanaşı qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi təşkilatlar – Sərhəd Qoşunları, Daxili Qoşunlar, Milli Qvardiya, Mülki Müdafiə Qoşunları və s. var.
Azərbaycan ordusunun arsenalına atıcı silahlardan AK-47, AK-74SU, AK-74S, RPQ-7, MP5, G3A3, AQS-17, AQS-30 qumbaraatanları, “Draqunov”, “Brauring” snayper tüfəngi, “Kalaşnikov” əl pulemyotları, “Hechler Chox”, “UZİ” tüfəngləri və s. daxildir.
Azərbaycan HHQ-də isə əsasən Mi markalı helikopterlər, müxtəlif modifikasiyalı MiQ, Tu, Su, YaK, İl, An təyyarələrindən istifadə edilir. HHQ pilotsuz uçan aparatlara malikdir.
Azərbaycanın Quru Qoşunlarının arsenalına müxtəlif markalı tank, PDM, ZTR və digər döyüş maşınları, 100 mm çaplı MT-12 (Rapira), 130 mm çaplı MT-46, 122 mm çaplı D-30, 152 mm çaplı D-20, 152 mm çaplı 2A36 (Giatsin), 122 mm çaplı 2S1 (Qvozdika), 122 mm çaplı BM-21 (Qrad), 300 mm çaplı 9A52 (Smerch) artileriya qurğuları və sistemləri, həmçinin digər markalı (“Nona” və s.) özüyeriyən artilleriya qurğuları və s. daxildir.

Rəşad Süleymanov, /Lent.az/

Yazar

Lent.az

Oxunub

1758 dəfə

Tarix

25.06.2008 / 11:47

Xəbər lenti



31 İyul 2014

30 İyul 2014

Online: 233