Tələbəsi ilə evlənən xalq artisti: “Qısqanclıq kişinin özünə inamsızlığıdır”

Ramilə Qurbanlının “Qoşa sim” layihəsində bu gün 75 yaşı tamam olan xalq artisti Şeyx Əbdül  Mahmudbəyovdur.

Çox sevdiyim bir bəstənin sözlərində deyildiyi kimi:


Bu həyatda iki rəng var,
O, həm sənsən, sənsən, həm də mən.

Qoşa simin titrəməsi,
Biri sənsən, biri mən, yar.
Bir pərdənin iki üzü, biri sənsən, yar.

 

Şeyx Əbdül Mahmudbəyovun ailəsinin “Sarı sim”indəyik. Xanımı Yaqut modelyer- rəssamdır, amma hazırda  işləmir. İki övladları, onların da övladı var. Qarşıda nəvələr olacaq, nəticələr. Hələlik, Əbdül müəllimlə, Yaqut xanımın necə tanış olmaqlarından söz açmaq istədim.

 

Yaqut xanım:  Nənə olandan sonra necə tanış olmağımız barədə danışmaq maraqlı deyil. İndi nəvələrdən danışmaq istəyirəm.  Sabaha gözümüzü onlar üçün açırıq, onlar üçün yaşayırıq.

 

- Neçə ildir bir yerdəsiniz?

 

Əbdül müəllim: 40 ildən artıqdır.   Hər bir sənətkarın müqəddəs ocağı onun ailəsidir. Cəmiyyətdə göz qabağındayıq. İmkanımız daxilində çalışmışıq ki, ailədə mehribançılıq olsun, söz-söhbət olmasın. Nail də olmuşuq şükür Allaha, nəvələr var, qismət olsa nəticələr də olar. Hər səhər dualar edirəm ki, şükür Tanrıya ki, səhəri üzümüzə açdı, uşaqların üzünü daha bir səhər görə biləcəyik, sevimli işimizlə məşğul olacağıq.  Axşam müəllimə edir bu duanı, səhər mən. Allaha şükür ki, problem olmaması üçün qadın ailəni nəzarətdə saxlayır.  Arxa cəbhə qadındır, o möhkəm olanda öndə hər şey yaxşı gedəcək.

 

- Yaqut xanım, Əbdül müəllim həmişə deyir ki, mən ayaq üstdə möhkəm dura bilirəmsə, əməliyyatdan sonra, pəhrizlərlə məni saxlayan Yaqut xanımdır

 

Ə.M: Sözsüz. Daha durub hər addımda tərifləməklə işimiz yoxdur, amma faktı hərdən vurğulamaq olar. Ən yaxşı əxlaq, tərbiyə insanın öz ailəsinə, uşağına münasibətidir. Allah insana yaxşı ki, bir ağız iki qulaq verib, əksinə olsaydı, yaman pis nəticələr verərdi.  Ona görə də az danışıb, çox eşitmək lazımdır, eşidib əməl eləmək.

 

- Yaqut xanım, 37 ildir nələrə dözürsünüz, qadınlar adətən dözən tərəf olur?

 

Y.x:  Yox, dözmək nədir, mən hər açılan səhərdən, ona qulluq etməyimdən zövq alıram. 

 

Ə.M: Bilirsən də Yaqut mənim tələbəm olub. Görən kimi demişəm ki, bu qız mənim həyat yoldaşım olacaq. Kinostudiyanın nəzdində açılan iki illik kinoaktyor kurslarına qəbul olmağa gəlmişdi. Görən kimi öz-özümə qərar verdim ki, bu qız mənim həyat yoldaşım olacaq. Kurslara qəbul olundu, sonra da mənim həyat yoldaşım oldu.  Müxtəlif əxlaqlara, etika və estetikaya məxsus insanlar gəlib bir ailədə birləşir. Kürlə Arazın qovuşuğu kimi. Suqovuşanı görmüsünüz? Birləşib uzun bir yol gedirlər, kilometrlərlə hərəsi öz rəngini saxlayır, bir-birinə hələ yaxşı qarışmır, biri bulanıqdır, o biri nisbətən duru. Ailə də elədir. Döngələr, dolaylar, bir-birinə qarışıb bütöv olmaq üçün uzun yol getmək lazımdır. Evinə-ailəsinə hörmət etməyən adamdan yaxşı heç nə gözləmək olmaz. İdarəçilik evdən başlayır.

 

- Ailə mübahisəsiz olmaz, belə halda kim kompromisə gedir?

 

Y.x: Vallah, bəlkə inanmazsınız, amma bizdə mübahisə olmayıb. Münasibətlərimiz 18-ci il aristokrat ailələrin münasibətləri kimidir, qarşılıqlı hörmət, müdaxiləsiz, heç kim o birinin  rahatlığını pozan bir hərəkətə yol vermir.

 

Ə.M: Ona yol verilmir, mübahisə etməyə qədər gətirib çıxarmırıq. Uzaq başı küsüb durub gedib özüm çay süzürəm. Bazarlıq planlı şəkildə Yaqut xanımlıqdır, amma mənim hələ evə əliboş gəldiyim yadıma düşmür. Heç zəng edib soruşmuram da, qəlbən duyuram ki, evə nə lazımdır. Uzaq başı, pişiklər, göyərçinlər, qumrular yeyəcək. Eyvanımızda bunun üçün xüsusi şərait var. Bakının bütün göyərçinlərini biz yedirdirik və ondan ləzzət alırıq.  

 

- Yemək bişirəndə Əbdül müəllimdən nə bişirim?-deyə soruşursunuz?

 

Y.x: Hərdən soruşuram, amma heç vaxt deməz, nə bişirərsən onu yeyəcək. Həm də onun nə istədiyini bilirəm. Məişət, mətbəx  işlərinə qarışmaz. Kişilər var girirlər mətbəxə nə bişirirsən? Ləzzətli bişir. Bunda elə şeylər yoxdur.

 

Ə.M: Çünki özümün əlimdən çay dəmləmək də gəlmir. Heç lampoçka da bağlaya bilmirəm.

 

Y.x: Əbdül müəllim başqa təbiətli adamdır, məişət onluq deyil.

 

- Deyəsən, uşaqların da ailə qurmalarında sərbəstlik vermisiniz?

 

Y.x: Düzdür, hər ikisinin, həm qızın, həm oğlanın öz seçimləri olub.

 

Ə.M: Bizə nə lazımdır, əlbəttə uşaqların xoşbəxtliyi. Bunun üçün də öz ürəkləri istəyən adamla yaşamalıdırlar də. Evdə nəvələr, balalar arasında mehribanlıq olanda zövq alırsan. Hətta avaralanmağa da rahat gedə bilirsən. Bizdə hesabat istəmək yoxdur ki, hardasan?

 

Y.x: O gün elə səhərə yaxın saat 4-də zəng elədim ki, hardasan? Çünki hava soyuq, şaxtalı idi, nigaran qalmışdım. Yoxsa adətən bilirəm hardadır, kiminlədir.

 

- Qısqanclıq cavanlıqda da olmayıb?

 

Ə.M:  Qısqanclıq kişinin özünə inamsızlığıdır. Yaqutda da yoxdur. Bizim dostlarla oturub dərtləşməyimiz var ki, səhərə qədər çəkər. Şahmat oynayırıq, dincəlirik, Yaqut da bilir ki, öz “kruqumuz”, öz bəlli yerimiz var. Bufetə, restorana, kafeyə birmənalı şəkildə getmirəm.

 

- Yaqut xanım, ailə qurandan sonra işləmədiniz?

 

Y.x: İşləyirdim. Əbdül müəllim əməliyyat olunandan sonra çıxdım işə.   

 

 

Ə.M: Rəssam-modelyerdir ixtisasca, neçə illərdir mənim imicmekerim işləyir. Rəhmətlik Bayram Bayramov Yaqut xanımı tanıyandan sonra dedi ki, deyirəm axı Əbdül oğlumuz necə belə həmişə şux geyinir. İndi gəlinlə nəvə də bu işə qoşulub, biri deyir belə geyin, o biri deyir qalstuku bağla. Nəvə deyəni etməyə bilmirsən, çox şirin nəsnədir bu nəvə.  Görünür, səni həyat bağlayan stimuldur, qüvvədir. Bir də təkrar edirəm ki, hansı ailədə mehribançılıq, əxlaq, mənəviyyat varsa orda əmin-amanlıq da olacaq.  İnsan faktoru hər şeydən üstündür. Allah ona ağıl-şüur verib ki, özün özünün ağansan, özünü idarə elə.

 

- Əbdül müəllim, xeyrə-şərə Yaqut xanımı aparırsınız?

 

Ə.M: Son vaxtlar toylara heç özüm də getmirəm, otura bilmirəm indiki məclislərdə. Bəzilərinə məcburən gedirəm, borc qaytarmaq üçün.

 

- Yaqut xanım, Əbdül müəllimin qayğısına qalmaqla bahəm qızın övladına baxırsınız, çünki özü işləyir, oğul nəvənin nazını çəkirsiniz, bir yerdəsiniz bu da qaçılmaz edir ona da baxmağı. Yorulmursunuz? Hər şeyi atıb öz həyatınızı yaşamaq istəyinə düşmürsünüz?

 

 

Y.x:  Mənim həyatım elə bunlardır. İstirahətə getmişdik, orda heç nə eləmirdik, qulluğumuzda dururdular. Deyirdim Allah nə vaxt evə gedərik, öz əllərimlə bunlara qulluq edim.

 

Ə.M: Pis toxum var, yaxşı toxum var. Kimlərdən olması sınanılmış sözdür. Təcrübə göstərir ki, əsilli-nəsilli, əsli-kökü olan ailədən qız almaq ağıllı hərəkətdir. Qismətimə şükür yaxşı nəslin nümayəndəsi çıxıb. Aslan balası aslan olacaq, tülkü balası da tülkü. Gözəl ailələrin hesabına millət var olur.

 

 

- Bir ailənin xanımı kimi maddi çətinliklərdən necə güc tapıb çıxmısınız?

 

Y.x: Həmişə əl-ələ olmuşuq, o çətinlikləri yaşayıb keçəndən sonra dönüb baxmışıq ki, gör nələrdən keçmişik. O qədər mehribanlıq, səmimiyyət olub ki, hiss etməmişik nə yaşadığımızı.

 

Ə.M: Həyat bütün çətinlikləri ilə çox gözəldir. Allah istədiyi bəndələri sınağa çəkir. Həyat çətinliksiz olmaz.  Çətinliyə görə boşandıq – deyənlər onu bəhanə edirlər. Sular o yerə axır ki, orda  boşluq olur. O boşlu gərək insanın mənəviyyatında, soyunda-kökündə olmasın. Çətinlikdə sınanlar elələridir. Normal insanlar çətinliklərdən də rahatlıqla çıxırlar.

 

- Yaqut xanım, qadın necə olmalıdır ki, ailə möhkəm olsun?

 

Y.x: O terminalogiyanı bilmirəm necə izah etmək olar. Deyə bilərəm mənim kimi ailəyə, evə bağlı olmaq yaxşıdır.

 

- Bəs, kişi?

 

Ə.M: Düz olmaq lazımdır. Əyrili insanın özünü də məhv edər, ailəni də dağıdar. Düzü düz, əyrini əyri, necə var, elə.

LENT

22 May 2019

Digər xəbərlər >>>