Müayinə olun: İİV-ə yoluxub-yoluxmadığını BİL

Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına görə, Azərbaycan İİV-infeksiyasına yoluxma səviyyəsi üzrə aşağı olan ölkələr sırasına daxildir. Azərbaycanda epidemiya əsasən yüksək riskli qruplara aid olan əhali təbəqələri, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında yayılıb. Belə ki, 2019-cu ilin birinci rübü ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 12,8 faizi və eləcə də ölkədə virusun ilk dəfə aşkar olunduğu 1987-ci ilin aprelin 1-dən bu ilədək aşkar olunan halların 43,0 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzi bu gündən  QİÇS-dən vəfat etmiş insanların anım  günü münasibətilə Avropa və Asiyanın 60-dan çox ölkəsində keçirilən “Avropa İİV-ə test həftəsi” çərçivəsində ali məktəblərdə, əhalinin kütləvi toplaşdığı məkanlarda İİV virusunun aşkarlanması məqsədilə müayinələrin həyata keçirilməsinə start verib. Mayın 14-dən 19-dək müxtəlif ali məktəblərdə, iaşə obyektlərində testlər keçiriləcək.

 

Lent.az-ın əməkdaşı müayinələrin keçirildiyi ilk ünvan - Azərbaycan Texniki Universitetində olub.

 

Mərkəzin Kommunikasiya üzrə mütəxəssisi Ceyhun Nəcəfov tədbirin məqsədi barədə məlumat verib.

 

O bildirib ki, bu testdən hər bir vətəndaş keçməlidir:

“Virus  orqanizmdə inkişaf etdikcə  qazanılmış immun çatışmazlığı sindiromuna (QİÇS) səbəb olur. Bu xəstəliyin isə müalicəsi yoxdur. Ola bilər ki, insan bir-iki il heç nə hiss etməsin, amma o başqasını yoluxdura bilər. Ona görə virusu vaxtında aşkarlamaq vacibdir. Aşkarladığımız insanı qeydiyyata alırıq. Müayinə və müalicəsi pulsuz təmin olunur. Müayinələrə daha çox aktiv yaş dövründə  (18-45)  olan insanları cəlb edirik. Çalışırıq ki, xəstəliklə bağlı olan yanlış fikirləri aradan qaldıraq. Həyat tərzindən, dinindən, təhsil səviyyəsindən asılı olmayaraq hər bir insan bu xəstəliyə  yoluxa bilər. Deyək ki,  xəstəliyin yayılmasında seks-biznezlə məşğul olan qadınların adı hallanır. Heç də elə deyil. Doğrudur, narkotik istifadəçiləri, kişilərlə cinsi əlaqədə olan kişilər,  seks biznezlə məşğul olanlar risq qrupundadırlar. Amma onları qınaq obyekti etdikcə həmin qrup qapanır və gəlib  müayinədən keçmirlər. bu isə daha çox insanların yoluxmasına səbəb ola bilir”.

 

Mərkəzin avtomobillərdə olan mobil məntəqələri vasitəsilə  QHT-lər vasitəsilə həmin qrupdan olan insanları müayinələrə cəlb edib müayinə etdiklərini deyən C.Nəcəfov  qanköçürmə, manikür-pedikür, diş həkimi yolu ilə yoluxmağın mümükn olduğunu xatırlatdı:

“Bir nəfər yoluxan  tapanda 4 nəfərin  yoluxmasının qarşısını almış oluruq. 2013-cü ildən bu cür test həftələri keçirilir. Müayinlərdə  virusa yoluxanlar aşkarlanıb. 28 Mall-da, Avtovağzalda və s.”. 

Qeyd edək ki, tələbələr könüllü müayinəyə maraq göstərirdilər. 100-ə yaxın tələbə müayinədən keçmişdi.

4-cü kurs tələbəsi Müşfiq Bağırzada bizə İİV-ə yoluxmanın necə baş verməsindən danışır: “İnternetdə məlumat hər zaman qarşıma çıxır. Necə xəstəlik olduğunu bilirəm. Televiziyada çox görmürəm. Diş həkiminə, bərbərə gedəndə diqqət edirəm”.  

 

Tələbələrin əksəriyyəti xəstəliklə bağlı məlumatlı olsa da, xüsusilə qızlar arasında xəstəliyin adını ilk dəfə eşitdiyini deyənlər də var idi.  

 

Qeyd edək ki, 2019-cu ilin 3 ayı ərzində İİV-ə yeni yoluxma halları 172 olub. Onlardan 167-i (97,1 faizi) Azərbaycan vətəndaşlarında, 5-i (2,9 faizi) isə əcnəbilərdir.

Qeydiyyata alınmış 167 yerli sakinlərdən 114-si (68,3 faizi) kişi, 53-sı (31,7 faizi) qadındır.

Bu dövr ərzində, QİÇS mərhələsinə 51 nəfər Azərbaycan vətəndaşlarından olan İİV-li xəstələr keçib və  İİV-infeksiyasından 16 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olub.

 

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2019-cu ilin 3 ayının sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində 6345 İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır. Onlardan 4474-i (70,5 faizi) kişi, 1667-i (29,5 faizi) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1672 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 984 nəfər olub.   

 

2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 5181 İİV-lə yaşayan insan  cəlb olunub, onlardan 201 nəfərə müalicə 2019-cu ilin ilk 3 ayı ərzində başlanılıb.

LENT

21 May 2019

Digər xəbərlər >>>