“Tabutu görəndə son ümiddən yapışdım...” – Şəhid zabitin xanımı danışır - ARAŞDIRMA

Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.

 

Layihəmizin növbəti yazısı şəhid baş leytenant Elvin Namazovun evindən hazırlanıb.

 

Baş leytenant

 

Elvin Məmməd oğlu Namazov 1990-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 2007-ci ildə Zahid Məmmədov adına Yuxarı Salahlı kənd orta məktəbini bitirəndən sonra 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2012-ci ildə həmin ali məktəbi leytenant rütbəsi ilə bitirib. 2016-cı ildə isə baş leytenant rütbəsi alıb. Həmin ilin aprel döyüşləri zamanı şəhid olub. Elvin Namazov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ”Vətən uğrunda” medalı ilə (ölümündən sonra) təltif edilib.

 

Yaz

 

İlıq bir yaz səhərində təbiətin səsini dinləyə-dinləyə  yamyaşıl, yenicə cücərmiş otları əzməkdən ehtiyat edərək, dəmir qapıya çatıb, dayanıram. Qapını üzümə otuz yaşına çatmamış bəstəboy, sakit, sakit olduğu qədər də kədərli baxışlarla Nuranə xanım açır. Onunla həyat yoldaşı 2016-cı ildə aprel döyüşlərində şəhid olmuş baş leytenant Elvin Namazov barəsində söhbətləşəcəyik. Elvinin valideynləri, qohum-əqrəbası Qazaxda yaşadığından bizimlə Nuranə xanım və onun atası Yaşar müəllim həmsöhbət olur.

O, xeyli nəzakətlə məni evin ən böyük otağına ötürür. Otağın sağ divarındakı dördkünc oyuğun içərisinə Elvinin iri portreti qoyulub. O, portretdən boylanan, ömrünün iyirimi beşinci ilində həyatını itirən qəhrəmanın əksinə diqqətlə baxdığımı görüb, deyir: “Elvinə aid əşyaların xeyli hissəsi kənddəki evlərindədir. Məndə ancaq ikimizə aid fotolar, bir də onun şeirlərini, ürək sözlərini yazdığı bloknot var”.

 

Dua

 

Nuranə xanım əllərini dizlərinin üzərində çarpazlayaraq mənimlə yanaşı divanda əyləşir. Hardan, necə başlayacağı haqqında düşüncələrə dalır...

Elvinin Nuranə ilə danışa bilmədiyi günlərin həsrəti ilə yazdığı bloknota ötəri göz gəzdirirəm. “Bu gün səninlə danışandan sonra özümü çox yaxşı hiss edirəm. Bilirəm ki, sən mənim üçün çox dualar edirsən. Mənim üçün həmişə dua et. Sənin dualarını allah eşidir.”

Mənimlə birgə bu sözləri oxuyan Nuranə sanki nəsə xatırlayırmış kimi deyir: “Mən də həmişə dua edirdim. Ən böyük duam bu idi ki, Elvinlə dünyanın ən ucqar, vətəndən ən uzaq köşəsində olsaq belə, bir yerdə olaq, heç vaxt ayrılmayaq. Onunla bağlı bütün dualarım yerinə yetdi, bircə bundan başqa... Elvinin yaralanma xəbərini eşidəndə öz-özümə demişdim ki, onun ayaqları, qolları olmasa, gözləri görməsə də mən onun ayaqları, qolları, gözləri olmağa hazıram. Təki nəfəsi üstümdə olsun”. 

 

Sevgi

 

Nuranə tibb işçisi olub. Bir gün gözlənilmədən işlədiyi aptekə hündürboylu, yaraşıqlı bir oğlan gəlir, ona tərəf diqqətlə boylanır. Nuranə ondan nə istədiyini soruşanda oğlan özünü itirib deyir: “Santavik”. Həmin gündən sonra onun aptekə gəlişlərinin, “Santavik” alışlarının sayı artır. Bu get-gəllər səkkiz aya qədər davam edir. Nəhayət, gənclər nişanlanırlar. Amma Elvin hərbi kursda olduğundan öz nişanında iştirak edə bilmir. İki ildən sonra isə hər iki ailənin qapısından toy səsi eşidilir.

 

Torpaq

 

Nuranənin üç yaşı olanda doğulduğu Ağdam şəhəri işğal olunur. Körpə olsa da, genetik yaddaşına ötürülən vətənsizlik ağrısı sonralar da onu tərk etmir. Həm də böyüdükcə köçkünlüyün gətirdiyi qayğıların, ağrı-acıların nə demək olduğunu daha da dərindən anlayıb, başa düşür: “Biz qarabağlıyıq. Qarabağdan xəbəri olmayan, o döyüşlərdə iştirak etməyən adamlar bizim keçirdiyimiz hisslərdən, həyəcanlardan xəbərsiz olarlar. Həmişə deyirəm ki, müharibə, düşmən mənim həyatımı iki dəfə dəyişib. Bir dəfə torpağımı aldı. İkinci dəfə isə sevdiyim insanı, həyat yoldaşımı əlimdən aldı.  

 

Ata

 

Nuranə xanmın atası Yaşar müəllim qardaşları ilə birlikdə Qarabağ müharibəsinin ən qızğın dövrlərində Milli Qəhrəman Şirin Mirzəyevin yaratdığı Ağdam Özünü Müdafiə Batalyonun tərkibində döyüşüb. Yaşar müəllim otağa daxil olub bizimlə salamlaşandan sonra Elvinin divarın içərisinə yerləşdirilmiş şəklinə baxaraq danışır: “Az müddətdə özünü bizə o qədər gözəl təqdim etdi ki, tək mən yox, bütün ailə üzvlərim, qohum-əqrəbam onu yaxşı insan, təmkinli oğlan kimi qəbul etdik. Hər şeyin yerini bilən, çox istiqanlı, ağır xasiyyətli cavan idi. Qızımla nişanlı olanda bizə gəlib-getməyə çəkinirdi. Özüm tapşırmışdım ki, hər bazar günü gəl, isti ev xörəyi ye. Valideynləri rayonda yaşayırdılar deyə, istəmirdim özünü burda tək hiss etsin. Qohum olandan sonra da gördüm ki, elə əsl hərbçilərə xas ləyaqətli ömür yaşayır. Şəhid olduğu günə qədər bizim heç birimiz onun kəşfiyyata, əməliyyata getməsini bilmirdik. Evdən bir neçə günlük gedəndə də təlim adı ilə gedirdi ki, ailəsi heç bir narahatlıq keçirməsin”.  

 

Elvinin Talış istiqamətində gedən döyüşlərdə şəhid olduğunu öyrənən adamlardan birincisi də Yaşar müəllim olur. Aprel ayının 3-də Nuranə atasına zəng vuraraq, şəhid xəbərlərinin artdığını, Elvinin isə yaralanma xəbərini eşitdiyini deyir. Yaşar müəllim bir neçə hərbi hospitala gedir, başqa bölgələrin xəstəxanaları ilə əlaqə saxlayır. Amma Elvin haqqında pis xəbər eşitmir: “Sevindim, öz-özümə dedim ki, allah, sənə şükür, Elvin sağdır. Sonra Elvinin yaxın dostunun telefon nömrəsini xatırlayıb ona zəng vurdum.  Dostu əvvəl heç nə demək istəmədi. Amma tərəddüd etməsindən hiss etdim ki, nə isə çox pis bir hadisə baş verib. Çox çək-çevirdən sonra Elvinin dostu ağlaya-ağlaya dedi ki, əmi Nuranə bilməsin, Elvin dünən gecə şəhid olub. Əlim-ayağım hər yerdən kəsildi. Evə gələnə qədər nələr çəkdim, bir özüm bilirəm. Evdə də heç kimə heç nə deyə bilmədim. Sonra ağlıma bacım gəldi. Bilirdim ki, bərkə-boşa düşmüş, möhkəm adamdır. Bircə ona zəng vurub deyə bildim ki, get, Nuranəni evindən bizə gətir, amma nə ona, nə də başqasına Elvinin şəhid olması haqqında bir kəlmə də demə!”

 

Aldanış

 

Atasının tapşırığından sonra Nuranənin bibisi onun yaşadığı evə gəlir və yır-yığış etməsində ona kömək edərək Bakıya atasıgilə gətirir. Nuranəyə verilən xəbər isə Elvinin yaralanması və Gəncədəki hospitalların birində müalicə olunması olur. Atasıgilə gələn, ordan da Gəncəyə Elvinin yanına gedəcəyini güman edən Nuranə ailəsi ilə birlikdə həyatının ən ağır səfərinə çıxır. Gəncə yoluna çatanda atasının kiminləsə danışdığını eşidir. Bu danışıqdan sonra sürücü istiqaməti Gəncə yolundan Qazaxa tərəf dəyişir. Atasından bunun səbəbini xəbər alanda telefonu yenicə söndürən ata övladının xətrinə növbəti yalanı, Elvinin yanına hələ heç kimi buraxmadıqlarını deyərək, al dillə qızını Elvinin son mənzilə qovuşacağı torpağa aparır: “Gəncəyə çatmağa az qalmış guya telefonla kiminləsə danışmağa başladım. Nuranə məndən soruşanda dedim ki, bəs Elvinin əmisi oğlu Elçinlə danışdım. Yanına hələ heç kimi buraxmırlar. Elçin deyir, gəlin Qazaxa, ordan bizimkilərlə birgə səhər 10-da gedərsiniz. Nuranə mənə inandı. Mən də övladımın xətrinə yalan deməyə məcbur idim. Başqa çarəm yox idi. Ora çatanda hamı elə bilirdi ki, Elvin yaralıdı. Bircə atasından başqa. O da mənim kimi Elvinin ölümündən xəbərdar olsa da heç kimə heç nə deməmişdi”.

 

Şəhidlik

 

Aprelin 1-dən 2-nə keçən gecə Elvin öz dəstəsi ilə Talışkənd istiqamətində döyüşə girirlər və səhərə yaxın iki şəhid verirlər. Ayın 2-də yenə qızğın döyüşlər gedir, Elvin şücaətlə döyüşür. Ancaq zabitlərdən biri minaya düşüb yaralananda onu xilas etmək üçün irəli atılan Elvinin özü də minaya düşərək şəhid olur. Hər iki ailə, qohumlar isə Elvinin yaralı olması ümidi ilə onu gözləməyə davam edirlər. Axı yaralanmaq hələ ölüm demək deyil, nəfəs almaqdır, yaşamaqdır... 

 

Son baxış

 

İki nəfərlik gənc ailə əvvəl Yasamalda, daha sonra isə hərbi şəhərcikdə yaşamağa başlayırlar. Özü kimi digər hərbçi ailələri ilə qonşuluqda yaşayan Nuranə darıxmır. Hər gün həyat yoldaşının gələcəyi anları, saatları böyük intizarla gözləyir. Elvin martın 30-da evə gəlir və harasa təlimə gedəcəklərini deyir: “Həmin gün onun bütün pal-paltarını, dəyişəklərini, ətirini hərbi çantaya yığıb, hazırladım. Elvin öz təmizliyinə, sahmanına hədsiz dərəcədə fikir verən adam idi. Həmin gün onun evdən sonuncu gedişi oldu. Elə həmin gün də ondakı narahatlığı hiss etdim. Çünki onlar artıq əvvəldən bilirdilər ki, hara və nə üçün gedirlər. Amma Elvin özü mənə xidməti haqqında heç nə bildirmirdi, bu barədə danışmağı xoşlamırdı. Həm də bilirdi ki, mən çox narahat insanam. Hər dəfə təlimə gedirəm deyəndə ona deyirdim ki, dağa qalxanda ehtiyatlı ol, ayağının altında daş, qaya parçası qalar, yıxılarsan, əzilərsən. Bəzən isə mesaj yazanda yazırdım ki, çöldə bayırda yatanda özünü qoru, birdən ayı, canavar, sənə hücum edər, ilan çalar. O, mənim bu sözlərimə gülürdü. Deyirdi, heyvanlar, sürünənlər də bizdən qorxur, narahat olma.

Son dəfə onu yola salanda pilləkənləri düşənə qədər arxasınca baxdım. Ürəyim dözmədi, pəncərədən də onun gedişini izləməyə başladım. Əvvəl istədim arxasınca su atam, sonra fikirləşdim ki, allah özü onu qoruyar. Həmin günü hava çox küləkli və soyuq idi. Elvin iki zabit yoldaşı ilə gedirdi. Külək onları nə qədər arxaya itələyirdisə, Elvin bir o  qədər irəli dartınırdı. Fikir verdim ki, digər iki yoldaşı ondan arxada qalıb, çata bilmirlər. Sanki əcəl onu tələsdirirdi... Zabitlər tez-tez geri çevrilib, onları yola salan həyat yoldaşlarına əl edirdilər. Mən sonralar bildim ki, onlar məni görüb Elvinə deyiblər ki, sən də bax, Nuranə pəncərədən sənə baxır. Elvin isə onlara deyib ki, gedərkən əl etmək yaxşı şey deyil... Amma yadıma gəlir ki, bir dəfə geri çevrilib mənə tərəf baxdı. Ancaq əl etmədi. Ürəyimdə ondan bir az incidim də. Öz-özümə dedim ki, - Elvin, yoldaşların qalıb arxada, sən isə hamıdan irəlidə gedirsən. Nə yaman tələsirsən?!”

 

Göz yaşı

 

Aprelin 1-i axşam saatlarında Elvin evə zəng vurur. Mətbəxdə iş görən Nuranə telefonu açır, söhbətin başlanğıcında özündən asılı olmayaraq ağlamağa başlayır: “Elvin mənim ağlamağımı eşidəndə pis oldu. Soruşdu niyə ağlayırsan? Onun üçün darıxdığımı biləndə, ciddiləşdi. Dedi ki, ağlama, sən ağlasan, mən burda narahat olaram. Gözümdən yaş gəlsə də “yaxşı” deyib, səsimi düzəltməyə çalışdım ki, ağlamağımı hiss etməsin. Amma hiss etdi. Yenə də dedi ki, - xahiş edirəm ağlama, hər şey qaydasındadır: “Bax, sən ağlasan, bil ki mən burda səndən ötrü narahat olacam. Bir neçə günlük təlimlərimiz var, bitisn, gələcəm. Əgər vaxt uzansa, qorxma, mütləq qayıdacam”.

Həmin zəng Elvinin son zəngi, Nuranə ilə son danışığı olur. O, telefonu söndürüb döyüşə girir. Nuranə isə hər şeydən xəbərsiz saatlarla, günlərlə onun yolunu gözləməyə davam edir. Aprel ayının ilk günlərində ard-arda cəbhədən gələn şəhid xəbərləri onu qorxuya salır. Həyat yoldaşının telefonuna dəfələrlə zəng vursa da ona zəng çatmır. Nuranə sonralar biləcək ki, Elvinin telefonuna bir də heç vaxt zəng çatmayacaq.

 

Təcili yardım

 

Bibisinin köməkliyi ilə özünün də, Elvinin də paltarlarını, əşyalarını götürüb yola çıxan Nuranə və ailəsi Qazaxa sübh vaxtı çatır: “İlk eşitdiyim səs qayınanamın çığırtısı oldu. “Onu məndən ayırmayın” - dediyini eşitdim. Ağlıma pis şey gətirmədim. Fikirləşdim ki, Elvinin yaralanma xəbəri görünür onu sarsıdıb. Dedim, hazırlaşın, bir azdan Gəncəyə Elvini görməyə gedəcəyik. Bu sözlərimdən sonra hamının ağladığını gördüm. Amma mən həmin vaxt Elvinin sağ olduğuna inanmışdım. Onun üzünü son dəfə gördüyüm ana qədər ölüm sözünü özümə yaxın qoymadım.

Səhər 7-də atamın səsini eşitdim. Kiməsə deyirdi ki, Nuranəyə yemək verin yesin, möhkəm olsun. Mətbəxə çıxanda gördüm hamı əyləşib, sanki nə isə gözləyirlər. Birdən baxdım ki, həyətin dəmir qapılarının hər ikisini taybatay açdılar. Həyətinin ortasında dayanıb keyimiş halda qapıdan həyətə nəyin daxil olacağını gözləyirdim. Təcili yardım maşınını həyət girdiyini görəndə hər şeyi başa düşdüm, heyim, hərəkətim kəsildi. Bildim ki, Elvin artıq şəhid olub. Ancaq yenə də ortaya qoyulan, bayrağa bükülü tabutu görəndə son ümiddən yapışdım. Dedim ki, tabut açılmasa, Elvinin üzünü görməsəm, inanmaram. Onun gülümsəyən üzünü görəndən sonra Elvinin cismani yoxluğuna həmişəlik inandım, gözüm hər yerdən yığıldı”.  

 

Ay işığı

 

Elvinlə Nuranənin toy otaqlarının pəncərəsi kənd məzarlığı yerləşən təpəyə baxır. Elvindən sonra yeddi ay kənddə qayınanasıglidə qalan Nuranə xatırlayır: “Gündüzlər hər gün onun məzarına gedirdim, gecələri isə açıq pəncərədən onun uyuduğu məzarın üzərinə sancılan üçrəngli bayrağa baxırdım. Sanki ay da gecələri inad edir, öz işığını Elvinin məzarının üzərinə salırdı ki, mən onu daha aydın görə bilim”.

 

Toyumuzun ilk günlərində Elvin o təpəni mənə göstərib demişdi: “Yaz vaxtı ağaclar çiçək açanda kəndimiz ağappaq olur. Bir gün yaz fəslində səni kəndimizdəki təpəyə aparacam. Ordan kəndimizə baxarsan. Görərsən necə gözəl kəndimiz var”. O, həmin sözləri deyəndə mənim heç ağlıma da gəlməzdi ki, Elvin şəhid olub həmin təpədə dəfn olunacaq və mən ilin bütün fəsillərində ora gedib, ordan Elvinin kəndinə baxacam.

Həmişə deyirdi ki, allah mənə ömür versin, səni Azərbaycanın bütün rayonlarını gəzdirəcəm. Elvin elə deyəndə soruşurdum ki, bəs mənim doğulduğum Ağdama necə gedə biləcəyik? Deyirdi ki, əmr verilən gün biz tək Ağdamı yox, bütün Qarabağı azad edəcəyik. Deyirdim, birdən ayağın bizim tərəflərə dəysə, bizim kənddən mənə bir az torpaq gətirərsən, o torpaqda gül əkəcəm ki, torpağıma bir az da olsa yaxın olum. Deyirdi ki, bir gün sənin özünü o torpaqlara aparacam, narahat olma. Elvin həyatda olmasa da onun torpaqlarımızın qayıtmasına olan inamı bu gün mənimlə birgə yaşayır”.

 

Samirə Əşrəf

 

 

 

 

LENT

22 May 2019

Digər xəbərlər >>>