Babəkin qarğışı

Cavid Cabbaroğlu

Yaşı 30-dan az olan gənclərin əksəriyyəti yəqin ki, bu faktı bilmir: ötən əsrin sonlarında Azərbaycanda milli azadlıq hərəkatını başladan amil ağaclar olub. Bəli, məhz ağaclar! Bir az da konkretləşdirsək, ermənilərin Şuşa yaxınlığındakı Topxana meşəsində ağacları kəsməsi faktı 1988-ci il noyabrın 17-də yüz minlərlə insanın Azadlıq meydanına toplaşmasına səbəb oldu və beləliklə, Azərbaycan tarixinə Meydan hərəkatı kimi yazılan mərhələ başladı. Ora yığılan insanların əksəriyyəti Şuşanı görməmişdi və "Topxana" sözünü bəlkə də həyatında ilk dəfəydi eşidirdi.

 

Maraqlıdır, deyilmi? Bu diqqətçəkən psixoloji məqam-səbəb əslində ciddi araşdırma mövzusudur. İndiyədək ciddi şəkildə tədqiq olunmasa da, nə vaxtsa tarix araşdırmaçılarının bunu təhlil süzgəcindən keçirəcəyinə əminəm. Yəqin onlar üçün də bilmək maraqlı olacaq ki, ağacları qorumaq uğrunda meydanlara çıxan millət o ağacların bitdiyi torpaqları da, o torpaqların üstündə yaşayan adamları da niyə qoruya bilmədi? Deyək ki, Qarabağ uzaq idi, bəs Bakıdakı ağacları nədən qoruya bilmədik? Paytaxtın Nizami və Xətai rayonlarındakı ağacyeyənlərə niyə kütləvi etiraz edə bilmədik?

 

Və üzərindən 31 il keçdikdən sonra gəldiyimiz nöqtə budur: Xətai rayonunun Məhəmməd Hadi küçəsində insanlar məhəllələrindəki ağacların kəsilməməsi üçün gecələr tonqal qalayıb növbə ilə keşik çəkirlər.

 

* * *

 

Şənbə günü "Facebook" profilimdə "Bir Xırdalan mənzərəsi" başlığı ilə belə bir fotolu post paylaşmışdım:

"Gördüyünüz fotolar Xırdalanda yaşadığım məhəllədə çəkilib. Yaşıl damlı tikili poçt binası, boz damlı tikili mərasim evidir. Bu iki tikilinin ortasında, indi kubiklər gördüyünüz yerdə bu yaxınlara qədər çəmənlik vardı. Kənarında köhnə bir söhbətgah olan bu çəmənlik ana-bacıların söhbət, uşaqların əyləncə yeri idi. Həm də məhəlləmizdə pul ödəmədən otura və əylənə biləcəkləri yeganə yeri. Ümid edirdik ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə gerçəkləşdirilən "Bizim Həyət" layihəsindən Xırdalana da pay düşəndə bu yer də nə vaxtsa abadlaşdırılacaq. Amma sən saydığını say, gör...

Ötən yay bu ərazini kubiklərlə hasara aldılar, ötən həftədən isə sürətlə tikintiyə başladılar. Hələ tikinti başlamamış - bu ilin mart ayında Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmmədovanın Xırdalan sakinləri üçün keçirdiyi səyyar qəbula qatılmış, Xırdalanın məni narahat edən problemləri sırasında bu ərazinin hasarlanmasını da dilə gətirmişdim. İradə xanım icra nümayəndəsi ilə bələdiyyə sədrindən məsələ ilə bağlı izahat istəmiş, onlar da ərazini hasarlayan sahibkarın əlində çıxarış olduğunu demişdilər. Yəni məsələnin mahiyyəti budur ki, hər hansı sahibkar özəlləşdirmək istədiyi torpaq sahəsinə dair yerli bələdiyyədən müvafiq sənəd alır, sonra da həmin sənəd əsasında torpağı özəlləşdirir və bu qanuni prosesin heç bir rayon icra hakimiyyətinə aidiyyəti yoxdur. İnandınız? Mən bu şirin nağıla inanmaq istərdim - ölkəmizdə bələdiyyə sədrlərinin icra başçılarının qarşısında farağat durduğunu görməsəydim.

İndi bu əlində çıxarış olan sahibkarın yapdıqlarına fotolarda diqqətlə baxın. Adam iki obyektin - poçtla mərasim evinin arasında obyekt tikir. Amma həm poçtun, həm də mərasim evinin divarından daha çox qabağa, yəni yola çıxıb. O yol isə piyada yoludur. Hara şikayət ediriksə, xeyri yoxdur. Deyirlər ki, əlində çıxarış var. Olsun, lap yaxşı. Deyək ki, o çıxarışı verən vicdansız məmur işinə səhlənkar yanaşıb, bəs sənin adamlığına nə gəlib? Yarım metr torpaq hər gün o yoldan istifadə edən piyadaların söyüş-qarğışından çoxmu dəyərli oldu, yoxsa baha?"

 

Posta yazdığım P.S.-də isə yeni tikilinin yola çıxan hissəsinin sökülməsi üçün kampaniyaya başladığımı elan etmiş, bunun üçün ictimai dəstəyinə ehtiyacım olan 3665 "Facebook" dostumdan bu yazını bacardıqca çox paylaşmalarını xahiş etmişdim. Nəticə? İki gündə cəmi 20 paylaşım - nəticəsi də budur!

 

* * *

 

Sözügedən postu yazmamışdan bir saat öncə Abşeron Rayon İcra Hakimiyyətinə də məsələ ilə bağlı şikayət etmişdim. Sağ olsunlar, dərhal reaksiya verdilər və tikinti dayandırıldı. Təxminən üç saat sonra yeni inşa olunan obyektin sahibi məsələyə aydınlıq gətirmək üçün məni tikinti sahəsinə çağırdı. Təxminən saat yarım söhbət etdik. Polis sahə müvəkkili və Mənzil İstismar Sahəsinin rəisinin iştirakı ilə baş tutan söhbətimiz arada mübahisə həddinə yüksəlsə də, ikimiz də əsəblərimizi qorumağı bacardıq. Adam əvvəlcə burada özü üçün ev tikdiyini desə də, sonradan işbaz olduğu və burada 1 bloklu, 3 mərtəbəli yaşayış binası tikdiyi üzə çıxdı (son vaxtlar Xırdalanda məhz bu üslubda tikilən binaların sayı artmaqdadır). Aradabir minnət də qoymağa çalışdı ki, belə narazılığınız vardısa, əvvəldən deyəydiniz mənə, nəzərə alardım. Halbuki məsələ ilə bağlı əvvəlcə icra başçısına, sonra MİS rəisinə şikayət etmişəm, tikinti aparan fəhlələrə də telefon nömrəmi verib, obyekt yiyəsinin mənə zəng etməsini xahiş etmişəm. Daha kimə şikayət etməliydim? Üstəlik, yola çıxmamaq üçün niyə kimsə narazılığını bildirməlidir? Allah şüuru insanlara niyə bəxş edib ki?

 

Həmsöhbətimə qanunsuz olaraq yola çıxdığını söylədiyimdə isə əlindəki qanuni sənədləri təqdim etdi və məlum oldu ki, bir sahibkar olaraq qanunsuz heç bir iş görmür, üstəlik, hələ 10 sm də yola çıxmaq imkanı olduğu halda, bunu etməyib. Nəticədə mənim "bura məhəllənin yeganə piyada yoludur, nənələrin nəvələrini gəzdirdiyi yeganə yerdir" kimi arqumentlərim suya düşdü. Niyə? Çünki bu ərazidə tikinti aparılmasına icazə verən məmurlar sanki əraziyə baxmadan, gözüyumulu şəkildə sənədlərə qol çəkirlər. Bu tip Azərbaycan məmurlarının hansısa işbazın züytutanı rolunda çıxış etməsi doğrudan da ürəkağrıdıcıdır. Bəs bu, nəyin müqabilində baş verir? Özləri, vicdanları və Allahları bilər - əgər varsa...

 

* * *

 

Yuxarıda qeyd etdiyim kimi, məsələni ictimailəşdirmək barədə xahiş etdiyim 3665 "Facebook" dostumdan cəmi 20 nəfəri sözügedən postumu paylaşdı. Saat yarım mübahisə zamanı isə yanımda qonşunun tələbə oğlundan və özümün məktəbli oğlumdan başqa kimisə görmədim. Qonşularım həm də onlara aid məsələyə müdaxilə etmək əvəzinə, eyvandan baxmağı tərcih etdilər.

 

Biz niyə belə laqeyd olmuşuq? Əvvəlki illəri bir tərəfə qoyaq, təkcə bu ilin əvvəlindən dövlət və hökumət orqanlarının vətəndaşların qaldırdığı məsələlərə verdiyi reaksiyalar onu göstərir ki, ictimai narazılığa səbəb olan problemlər dərhal nəzarətə götürülür. Məgər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İçərişəhərdə tikinti aparılması məsələsinə dərhal reaksiya verib, əraziyə baş çəkmədimi? Və yaxud "Salaam Cinema"nın yerləşdiyi və tarixi abidələr siyahısında olmayan bina ilə bağlı verilən qərar ictimaiyyəti qane etmədimi? Hələ onu demirəm ki, ötən şənbə günü Abşeron Rayon İcra Hakimiyyətinə şikayətimdən cəmi bir saat sonra ərazidə tikinti dayandırıldı. O zaman bu süstlük, ətalət nədən qaynaqlanır? Niyə öz hüquqlarınızı tələb etmirsiniz, camaat?

 

Bu yazını bitirərkən "Babək" filmindən bir epizodu xatırladım. Duelə çıxan Cavidanla əzəli rəqibi Əbu İmranı ayırmağa çalışan Babəkin sülh yaratmaq cəhdləri puça çıxdıqdan sonra söylədiyi "Qırın, məhv eləyin bir-birinizi. Qoy həmişə nəsibiniz köləlik, məzlumluq, zəlalət olsun!" sözləri qulaqlarımda cingildədi. Deyəsən, biz elə 816-cı ildən Babəkin qarğışına keçmişik...

 

LENT

22 May 2019

Digər xəbərlər >>>