Elinanın vəkilləri Xalidə Bayramova HAQQINDA: "Cinayət məsuliyyətinə cəlb edilməsi üçün..."

162 saylı məktəbin intihar etmiş şagirdi Elina Hacıyevanın hüquqi varisi Sevil Hacıyevanın vəkilləri Sevinc Əliyeva, Azər Nağıyev və Emin İsayev birgə bəyanat veriblər.
 
 
Lent.az-ım məlumatına görə. bəyanatda deyilir:
 
 
“Məqalələrdə mərhum Elinanın nənəsi Solmaz Ələsgərovanın zərərçəkmiş şəxsin hüquqi varisi Sevil Hacıyevanın hüquqlarını müdafiə edən vəkillərdən də narazı qaldığı barədə məlumat verilməsini nəzərə alaraq, məsələyə aydınlıq gətirməyi özümüzə borc bildik.
 
 
Əvvəla, məsələyə biganə qalmayan, işin gedişatından narahatlıq keçirən və ədalətin yerini tapmasına çalışan KİV və ictimaiyyət nümayəndələrinə təşəkkürümüzü bildiririk.
 
 
Digər məsələlərə gəlincə isə, məqalədə ilk növbədə Xalidə Bayramovanın cinayət məsuliyyətinə cəlb edilməməsi məsələsinə toxunulur. Peşəkar hüquqşünaslar kimi bütün məsuliyyətimizlə deyə bilərik ki, o şəxsin məhz cinayət məsuliyyətinə cəlb edilməsi üçün hazırda iş üzrə əlimizdə hər hansı bir əsas və sübut yoxdur.
 
 
Mərhumun nənəsi Solmaz Ələsgərovanın bu cür tələblə çıxış etdiyini anlayışla qəbul edirik, lakin bildirməliyik ki, bizim fəaliyyətimiz qanun çərçivəsilə məhdudlaşır və publikaya işləmək məqsədilə hüquqi əsas olmadan hər hansı bir şəxsin cinayət məsuliyyətinə cəlb edilməməsini pozuntu kimi qiymətləndirə, hüquqa uyğun olmayan bəyənatlar səsləndirə bilmərik.
 
 
Lakin buna əsas verən hər hansı halı müəyyən etməyə müvəffəq olduğumuz halda tutduğu vəzifədən asılı olmayaraq bu hadisədə təqsiri olan istənilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.
 
 
Məqalədə yer alan “tramal” və ya “tramadol” preparatının mərhuma direktor tərəfindən verilməsi məsələsinə gəldikdə, tərəfimizdən bu halın araşdırılması məqsədilə müvafiq vəsatətlər hazırlanıb və ibtidai istintaqa təqdim ediləcək”. 
 
 
Elinanın anası Solmaz Hacıyevanın işə cəlb olunan iki vəkilin hərəkətsizliyi barədə verdiyi məlumata gəlincə, bildirilib ki, onun bu cür mövqeyi vəkillərdə təəccüb doğurub:
 
 
“Biz məhz Sevil Hacıyevanın vəkilləriyik. Sevil Hacıyeva isə anasının bu cür fikirdə olduğunu özü də təəccüblə qarşıladığını və hələ ki, bizim işimizdən narazı olmadığını bildirir. Bundan başqa, Solmaz Hacıyeva iş üzrə şahid statusunda olduğu üçün bizim onunla tez-tez görüşüb əlaqə saxlamağımız, yaxud istintaqın gedişatı barədə məlumat verməyimiz vəkil etikası və vəkil sirri baxımından da doğru deyil.
 
 
Həmçinin, işin uzanması və hələ ki, heç bir həkimin məsuliyyətə cəlb olunmaması barədə fikirlərlə bağlı qeyd edək ki, bildiyiniz kimi, hadisə 4 aprel 2019-cu il tarixdə baş verib. Hadisədən cəmi 1 ay 10 gün müddətin keçməsini nəzərə alsaq, istintaqın uzanması barədə həyəcan təbilini çalmaq hələ tezdir.
 
 
Həkimlərin məsuliyyətə cəlb olunması məsələsi isə iş üzrə təyin edilmiş komisyon məhkəmə-tibb ekspertizasının nəticələri məlum olduqdan sonra qaldırılacaq. Hesab edirik ki, mərhum Elinanın ölümündə təqsiri sübuta yetiriləcək istənilən şəxsin məsuliyyətsiz qalması bu kimi faciələrin artmasına şərait yaradacaq!
 
 
Onu da qeyd edək ki, indiyə kimi tərəfimizdən istintaq orqanına bir sıra vəsatətlər verilib və bundan sonra da iş üzrə istintaqın düzgün istiqamətdə aparılması üçün vacib hesab etdiyimiz vəsatətlər istintaq orqanına təqdim ediləcək. İstintaq orqanına tərəfimizdən verilib və ya gələcəkdə veriləcək vəsatətlərə qərəzli mövqe bildirildiyi, vəsatətlərimiz əsassız olaraq rədd edildiyi təqdirdə bu barədə də tərəfimizdən ictimaiyyətə geniş məlumat veriləcək.
 
 
Biz də ibtidai və məhkəmə istintaqlarının ədalətli aparılmasına ümid edir və bu məsələnin diqqət mərkəzində saxlanılmasını zəruri hesab edirik. Əks halda, bu işi Avropa İnsan Haqları Məhkəməsi səviyyəsinə qədər aparacağımıza söz veririk.
 
 
Lakin hələ ki, əlimizdə ciddi əsaslar olmadan publikaya oynamaq xətrinə hansısa sensasiyalı çıxışlar etmək, əsassız ittihamlar irəli sürməkdən uzağıq.
 
 
Bütün məsuliyyətimizlə anlayırıq ki, Elinanın vəfatında təqsiri olan şəxslərin layiqli cəza alması, məsum qızcığazın üzləşdiyi faciənin təkrarlanmamasına xidmət edəcək, əks vəziyyət isə gələcəkdə onun kimi qurbanların olmasını adi hala çevirəcək”.

LENT

22 May 2019

Digər xəbərlər >>>