"Böyük dəbilqə": Azərbaycan yığması ikinci gün 3 medal qazandı

Bakıda keçirilən cüdo üzrə "Böyük dəbilqə" turniri davam edir. 
 
ONA-nın məlumatına görə, yarışın ikinci günü Azərbaycan millisi daha 3 medal qazanıb. 
 
Belə ki, 73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov ardıcıl 4 qələbədən sonra finala yüksəlib. O, həlledici görüşdə israilli Tohar Butbulla qarşılaşıb və qələbə qazanıb. Bu, Azərbaycan yığmasının turnirdə ilk qızıl medalı olub. H.Heydərov rəqibinə gücünü göstərməklə, digər təmsilçilərimizin revanşını da alıb. 
 
Çempion cüdoçumuzun yarımfinalda məğlub etdiyi komanda yoldaşı Rüstəm Orucov isə bürünc medalla kifayətlənib. Olimpiya mükafatımız 3-cü yer uğrunda görüşdə kosovalı Akil Qjakova qalib gəlib. 
 
73 kq çəki dərəcəsində digər bürünc medalı da Azərbaycan yığması qazanıb. Yarımfinalda Tohar Butbula uduzan Telman Vəliyev 3-cü yer uğrunda qarşılaşmada rusiyalı Denis Yartsevdən üstün olub. 
 
Bu çəki dərəcəsində qüvvəsini sınayan Rüfət Məmmədov da Hidayət Heydərovun qalib gəldiyi Tohar Butbula məğlub olub. O, 1/16 finalda mübarizəni dayandırıb. 
 
81 kq çəki dərəcəsində tatamiyə çıxan Afiq Səfərli birinci, Murad Fətiyevlə Hasil Cəfərov ikinci və Araş Ağayev üçüncü qarşılaşmasında uduzub. 
 
63 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Nuriyyə Axundova ilk, Diana Şoranova ikinci görüşündə yarışla vidalaşıb. Aidə Baxışova və Günel Həsənlinin (hər ikisi 70 kq) də debütü uğurlu alınmayıb. Onlar startdaca məğlub olublar. 
 
Qeyd edək ki, yarışın ilk günündə Nicat Şıxəlizadə (66 kq) gümüş medal qazanıb. Turnir sabah yekunlaşacaq. 

LENT

24 May 2019
23 May 2019

Digər xəbərlər >>>