Fəlakət ocağı: Günelin barmaqları, Möhübbətin qəzəbi, əqrəblərlə çarpışan 11 xəstə... - Səbuhi Məmmədli yazır

- Buranı görürsən, qara-qara iri əqrəblər çıxır burdan. Yaz gəldi, evdə otura bilmirik. Nə qədər əqrəb öldürmək olar?! Anam da o biri otaqda yatır. Yatağının içinə girirlər, yazıq arvad tərpənə bilmir, iflicdir, 11 ildi ayaqları tutulub. Yer bir az tərpənsə, bu ev başımıza uçacaq.

 

Lent.az-ın əməkdaşı Sabirabaddadır. Məmişlər kəndində. Savalan Cümşüdovun evində. Ev demək olarsa. Cümşüdovlar ailəsi 11 nəfərdən ibarətdir. Təsəvvür edin, ailənin 11 üzvünün 11-i də xəstədir. Özü də çox ciddi xəstə. Ailədə bircə sağlam adam yoxdur. Və bu ailə hələ də mövcuddur. İlahi bir möcüzə səbəbilə.

Bu ailəni sırf təsadüfən tapdıq. Cümşüdovların acınacaqlı vəziyyəti barədə məlumat alanda, heyrətlənməmək mümkün deyildi. 18-20 yaşılı bacı-qardaşlar, biri ruhi xəstə, biri inkişafdan geri qalmış, biri epileptik, bir də ürəyində ciddi problemləri olan gözəl Günel. Hələ biri də var. Başqa biri də...

 

Bu hələ harasıdır? Ata əlil, əsəb xəstəsi, ana yüksək təzyiqdən əziyyət çəkir. 30 kvadratmetrlik, nəmişlik çəkən, içində əqrəblər, ilan-çayan dolaşan evdə yaşayırlar bu insanlar...

 

Sabirabad şəhər mərkəzindən Məmişlərə o qədər uzaq deyil. Savalana, ailənin başçısına zəng edirik. “Sabirabaddayam”- dedi. Gəldim bazara hamballıq eləməyə, iş yoxdur. Evə gedirəm, kənddə məscidin yanında sizi gözləyəcəm. Mənə 40 manat pul da verə bilərsən?

Susdum...

...Bizi məscidin yanında qarşılayır. Velosipedlə. Sən demə, 40 qəpiyi olmadığından rayon mərkəzinə piyada gedib-gəlirmiş. Ona görə də, qan-tər içindədi.  

Həyətə giririk. Düzü, xudmani bir həyətdir. Amma ev? Yox, bu ev deyil. Sanki indicə yıxılacaq.

- 70 il əvvəl babam tikib. Altına daş düzmüşük, yıxılmasın. Amma uçacaq təpəmizə nə vaxtsa.

Amma Savalanı narahat edən təkcə ev deyil, həm də başqa dərdlərdir. Adamın 5 uşağı var, beşi də ciddi xəstədir. Hə, o qədər ciddi ki, artıq uşaqlarına nəzarət edə bilmir. Yox, dəcəl deyillər, sadəcə…

 

 - Uşaqların hamısı ağır xəstədir. Bu qızım Sahilə. 19 yaşı var. Uşaq kimidi. Əqli cəhətdən geri qalır. İnkişaf da eləmir. İki il bundan əvvələ qədər iri uşaq idi. İndi əriyib gedir. Heç bir hissiyyatı yoxdu. Toxunsan, vursan, iraq olsun, döysən belə, heç nə hiss eləmir. Anlamır. Əllərinə baxın, uşaq əlinə oxşayır.  Bir də gördün başın tutdu yıxıldı. Ürəkgetməsi var. Amma bəzi şeyləri başa düşür. Bircə əllərini boğazına aparanda bilirik ki, qızdırması var. Bu dərmanları görürsən? Bunları atmasa, ölər. Gözümüzdən kənara qoya bilmirik.  Hə, ürəyi gedib yıxılacağını da hiss edir yazıq balam. Əlini başına tutub xırıldayanda başa düşürük ki, ürəyi tutdu. İmkan vermirik yıxılmağa. Bakıya xəstəxanaya yazıblar, amma rayona gedə bilmirik, o ki qaldı Bakıya. İmkanımız yoxdur. Hə, bu da oğlum Möhübbət.

İçəri cavan bir oğlan girir. Əsəbidir, bir yerdə dura bilmir. Atası bizi təqdim edib, sakitləşdirir. Qəribə tərzdə salamlaşır, qəzəblə bizə baxır.

 

- Bir də gördün, daşı götürdü vurdu başınıza. Qoy deyim keçsin evə.

 

- Niyə vursun ki?

 

- Oğlumun 19 yaşı var. Ürəyində və başında problemlər var. Çox pis xəstədir. 13 yaşı olanda maşından özünü başı üstə yerə atıb. O vaxtdan da ancaq müalicəsiylə məşğuluq. Amma indi imkanımız yoxdur. Başı paça-parça olmuşdu. Başını qəlpə-qəlpə yığdılar, neçə tikiş vurdular. İndi də nəzarət edə bilmirəm. Nə edim, qapını qıfıllayıb evdə saxlayası deyiləm ki...

Bu isə Güneldir. Gözəl Günel. Gül parçasıdır elə bil. Ağlı başında olan yeganə uşaqdır ailədə. Amma Günelin də səhhəti problemli. Qızın epilepsiyası var. Ailədə yeganə uşaqdır ki...oxumaq istəyir.

 

- Əmi, mən oxumaq istəyirəm. Məktəb istəyirəm. Rəfiqələrim olsun istəyirəm.

 

Və ağlayır.

 

Gəl bu qızcığazın dediklərinin qabağında dayan...

 

Sən demə, bir az bundan əvvələdək Günelə evdə dərs keçirmişlər. İndi bunu edən də yoxdur. O isə hər gün kəndin məktəb yoluna çıxıb, dərsə gedən həmyaşıdlarına həsədlə baxır.

 

- Onlar dərsə gedir mən ağlayıram. Axı oxumaq istəyirəm.  Əmi bax, riyaziyyat dəftərimə...

 

Gətirir. Şəkildə də gördüyünüz kimi, bircə riyaziyyat vərəqidir. Hesablamalar isə tam dəqiq.

 

Atası deyir ki, bu zavallı çocuq hər gün məktəb yolu üstündəki su kanalının üstünə çıxır, ağlayır.

 

- Məcburuq arxasınca gedək, geri qaytaraq. Doyunca ağlayır uşaqlara baxıb. Bir dəfə qaçıb məktəbə də gedib, amma içəri qoymayıblar. Günelin ürəyi xəstədir. Müalicəsi var. Bakıya aparıb xəstəxanaya qoymaq istərdik. Amma nə ilə? İstəyirdim heç olmasa bu balam oxusun.

 

Bayaq qeyd etdiyimiz kimi, Savalan Cümşüdovun evində sağlam adam yoxdur. Bircə gəlinlərindən başqa. Çox  maraqlıdır ki, Savalanın iki həyat yoldaşı var. Hə, təəccüblənməyin. Birinci həyat yoldaşı Pərvanədən üç uşağı olub. Sahilə, Möhübbət və Günel. Üçü də xəstə. Sonra Savalan ikinci dəfə evlənib ki, heç olmasa bu arvaddan sağlam uşağı olsun. Amma onlar da qüsurlu. Ən pis vəziyyətdə olanı Sahilədir. Hər an yıxıla bilər ürəkgetməsindən. Elə bizim olduğumuz müddətdə 3 dəfə ürəyi getdi.

 

- Çoxlu su içir. Həkim deyib. Sizin telefonunuzu bilirsiz niyə istədi? Mahnıya qulaq asmaq istəyir. Onda bir az özünə gəlir. Evdə televizor var, amma işləmir. Telefon görən kimi istəyir.

 

Telefonumu Sahiləyə verib, Youtub-dan mahnı qoyuram. Mənə baxıb gülümsəyir. O qədər səmimi bir gülüşdür. İlahi, barmaqlarını mənə uzadır. Oxşayır... Az qala öpsün. Bu uşağın xoşbəxtliyi üçün doğrudanmı bu qədər kiçik bir şey lazım imiş? 

- Sahilə aqressiv deyil. Əsas Möhübbətdi. Hər an kiməsə ziyan vura bilər. Bir dəfə qonşunun ot tayasını yandırıb. Qorxuram çox. Bu uşaqların müalicəyə ciddi ehtiyacı var. Yalvarıram, bizə kömək edin.

 

Ailənin başçısı Savalan heç yerdə işləmir. Ancaq onun-bunun yardımı ilə yaşayırlar.

 

- Əynimdəki paltarları da camaat verib. Elə uşaqların paltarlarını da qonşular, qohumlar gətirir. Bizim uşaqların təzə paltar geydiyini xatırlamıram. Bax, biri kartof gətirir, biri soğan, biri un. Günü günə calayırıq, görək. Oğlum qız qaçırdı, toy da edə bilmədim. Qonşu kənddən biri gəldi, uşağa toy elədi, pulu da götürüb, getdi. Sonra da həyətimin yarısına da kartof əkdi. Dedi, kartof yetişəndə o da mənimdi. Mən öz həyətimdə başqası üçün hamballıq edirəm. Kartof yetişəndə özü yığacaq. Mənə də yəqin bir kisə verər, hə?

 

Başımla təsdiqləyirəm...

 

Savalanın ikinci arvadından olan oğlu qonşu kənddən evlənib. İndi 10 kvadrat metrlik otaqda yaşayır. Özü onun-bunun qapısında fəhlə işləyir. Elə bu gün də işdəydi. Səhər saat 8-dən axşam saat 8-ə kimi işləyib, 5 manat pul qazanacaqdı. Onu isə ya quru çörəyə və yumurtaya verəcəkdilər.

 

- Mən özüm Füzulidə döyüşmüşəm. Müharibə veteranıyam. Boynuma və ayaqlarıma bax. (Göstərir) Qəlpə yerləri. Nə status verirlər, nə də pensiya alıram. Bu uşaq hər dəfə əsə-əsə yerə yıxılanda - əliylə Sahiləni göstərir - ölüb dirilirəm. Mən nə istəyirəm ki? Gündüz də istəmirik. Axşama bir qazan yeməyimiz olsun. Bu balalarımı müalicə edim. Bu uşaqların bu halına baxıb ağlamaqdan gözlərimdə su da qalmayıb. Heç kim kömək etmək istəmir. Anam 11 ildir yataqdadır. Əlimiz üstündə ora-bura aparırıq. Yoldaşım ürək xəstəsi. Təzyiq haldan salıb. Özüm şikəst. İş yoxdur. Düşəndə də günə 10 manat. 11 nəfəri bu 10 manatla necə dolandırım? Sahilənin pensiya kartını da kənddə dükana qoymuşuq.

 

Cümşüdovların evi isə sözün həqiqi mənasında uçacaq. 4 kərpic üstündə güclə duran bu evdə iki otaq var. Birində qadınlar yatır, birində kişilər. Gəlin qayınanayla, bacı analığıyla, ata oğlan övldalarıyla.

 

- Bu evin bir otağını təzə evlənən oğluma ayırmışdım. Gördüm ki, mümkün deyil. Hamısını ayırdım yığdım bu iki otağa. Gəlin də müvəqqəti çıxıb gedib. Nə bilim mən, nə vaxt gələcək?

Savalan deyir ki, uşaqların xəstəliyi ağırlaşanda təcili yardıma zəng edir. Deyir, onlar da bizdən bezib.

 

- Pul yoxdur verməyə. Xəstəxanaya gedirik, kəndə gəlməyə avtobusa verməyə 40 qəpiyimiz olmur. Məcbur oluruq 5 kilometr yolu xəstə uşaqlarla piyada qayıdırıq. Yolda da Sahilənin huşu başından gedir. Dilini çıxardırıq. Birtəhər özünə gətiririk.  Möhübbətə isə nəzarət edə bilmirəm. Gecələr bir də gördün evdən çıxdı. Səhərə yaxın gəldi. Hara gedir, nə işlə məşğul olur, bilmirik. Ağıl gedib e, vallah bu uşağı ciddi müalicə etmək lazımdır. Mənim də imkanım yoxdur. Günelin psixi problemi yoxdur, amma oxumaq istəyir. Ona da gəlib dərs keçən yoxdur.

 

Bir qədər əvvəl evin xanımlarından biri Pərvanə Cümşüdova, - sənədi fotoda da görə bilərsiz - Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılova müraciət edərək üç xəstə övladını böyütmək üçün patronaj köməkçisi təyin olunmasını xahiş edib. Bu halda Pərvanə xanıma xüsusi qaydada müəyyən müavinət ödənilməlidi.

 

Məmişlər kənd məktəbinin direktoru Zülfiyyə Bağırovayla danışırıq. Günelin niyə evdə təhsil ala bilməməsini soruşuruq. Qəribə cavab verir:

 

- Bizə təhsil şöbəsindən deməliydilər. O uşağın sənədləri hazır olmalıdır, valideynlər təqdim etməlidirlər.

 

- Valideynlər sənədləri hazır ediblər. Onda təhsil şöbəsi səhlənkarlıq edib?

 

Susur. Nə cavab verəcəyini bilmir.

 

- Mən elə demədim.

 

- O uşağın təhsil almasına nə mane olur?

 

- Uşağın ürəyində problem var. Məktəbə olmaz.

 

- Bu harada yazılıb?

 

- Belədir.

 

- Bəs evdə təhsilə nə deyirsiz?

 

Hörmətli məktəb direktoru yenə düz-əməlli cavab verə bilmir…

Cümşüdovlar ailəsi isə 11 nəfər bir sırada düzülüb imdad diləyir.

 

...Bizi Savalan və Günel yola salır qapıdan.

 

- Mənə kitab göndər əmi.

 

- Baş üstə qızım, söz verirəm, mütləq.

 

...Sahilə isə telefonu vermək istəmir, xırıltılı və anlaqsız səslə nələrsə deyir. Barmağıyla telefonun ekranını döyəcləyərək, qəfil hönkürür. Atası birtəhər telefonumu onun əlindən alır.

 

Maşında telefona baxıram. Bütün youtubu necə deyərlər ələk-vələk edib. Son baxdığı isə...”Maşa və medved” idi. Sona qədər baxmadığına görə ağlayırmış...

 

LENT

22 May 2019

Digər xəbərlər >>>